“ACWA Power” də COP29-un rəsmi tərəfdaşı seçilib

post-img

Elektrik enerjisi və mineralsızlaşdırılmış su stansiyalarının layihəçisi, investoru və operatoru “ACWA Power” şirkəti COP29 tədbirinin enerji və su məsələləri üzrə rəsmi tərəfdaşı seçilib. Tərəfdaşlıq “ACWA Power” şirkətinin bərpaolunan enerji sahəsində dayanıqlı təcrübələri tətbiq etmək öhdəliyinə sadiqliyinin göstəricisidir. 

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova deyib: “ACWA Power” şirkətinin qlobal enerji keçidində misilsiz rolu bu müzakirələrə əhəmiyyətli dərəcədə töhfə verəcək. Şirkətin Azərbaycanın bərpaolunan enerji layihələrinin idarə edilməsində, o cümlədən 240 meqavatlıq külək elektrik stansiyasının reallaşdırılmasında fəal iştirakı xüsusilə diqqətəlayiqdir və regionda bərpaolunan enerji həllərinin irəliləyişinə sadiqliyini nümayiş etdirir. Digər tərəfdaşlarımızla yanaşı, “ACWA Power” şirkəti müzakirələrin aparılması və mükəmməlliyin nümayiş etdirilməsində əsas rol oynayacaq. Biz effektiv iqlim fəaliyyətləri üçün “ACWA Power” şirkəti ilə birlikdə işləməyi səbirsizliklə gözləyirik”.

 “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arselli qeyd edib: “Etibarlı, rəqabətədavamlı və dayanıqlı təchizatı təmin etməklə biz qazıntı yanacağından enerjiyə keçidi daha da sürətləndirməliyik. Məhz bu məsələni diqqət mərkəzində saxlamaqla biz “xalis sıfır” hədəfinə və uzunmüddətli iqlim ambisiyalarına töhfə verən həlləri ədalətli və inklüziv şəkildə təqdim edirik. COP29-un Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. İllər öncə Azərbaycan Avropanın aşağı karbonlu, təhlükəsiz və difersifikasiyalı həllər təklif edən etibarlı qaz təchizatçısı oldu. 

Bu gün isə ölkə yeni “yaşıl” enerji mənbələri və “yaşıl” molekullar üzrə Mərkəzi Asiya və Avropa arasında körpü rolunu oynamaq potensialına malikdir. Sözügedən “yaşıl” enerji mənbələri və “yaşıl” molekullar isə “ACWA Power” şirkətinin qlobal miqyasda ən rəqabətədavamlı qiymətə və ən yüksək etibarlılığa nail olduğu texnologiyalardır. Öz təcrübəmizi bölüşmək istəyi ilə yanaşı, biz bu məqsədi dəstəkləyərək dayanıqlı gələcək qurmağı təklif edirik. Qurduğumuz həmin gələcəkdə təmiz enerji sadəcə istək yox, həm də daha yaxşı sabahın təməli olacaq!”

Qeyd edək ki, dünyanın ən böyük mineralsızlaşdırılmış su təchizatçısı olan “ACWA Power” şirkəti “yaşıl” hidrogen sənayesində novatorçu və qlobal enerji keçidi üzrə liderdir. 2004-cü ildə Ər-Riyad şəhərində təsis edilmiş “ACWA Power” şirkəti ötən dövrdə 4 mindən çox insanı işlə təmin edib. Hazırda isə şirkət Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyanın 13 ölkəsində fəaliyyət göstərir. Öz strategiyalarını BMT-nin iqlim hədəflərinə uyğunlaşdıran “ACWA Power” şirkəti enerjidən səmərəli istifadəni artırmaq, su resurslarından rasional istifadəni təmin etmək və ətraf mühitə təsiri minimuma endirmək üçün qlobal səviyyədə innovativ bərpa olunan enerji layihələrini həyata keçirir.

Yeri gəlmişkən, COP29-un rəsmi tərəfdaşları bu imkandan istifadə etməklə qlobal iqlim siyasəti ilə bağlı fəaliyyətlərini genişləndirəcək, dayanıqlılıq səylərini ön plana çıxaracaq və öz əsas biznes sahələrində iqlim fəaliyyətini dəstəkləmək imkanı qazanacaqlar. Bakıda keçiriləcək COP29 tədbirinin tərəfdaşı olan bu şirkətlər, həm də ekoloji siyasətlərin təkmilləşdirilməsində və 1,5 dərəcə hədəfi baxımından qlobal icmalara dəstək göstərilməsində oynadıqları mühüm və həlledici rolu nümayiş etdirə biləcəklər.

Ekologiya