Dünyada baş verən qlobal istiləşmənin yaratdığı fəsadlar getdikcə daha ciddi xarakter alır. Sənayeləşmə dövrünün ilk yüz ilində Yer kürəsində orta temperatur hər on ildən bir 0,07 dərəcə artırdısa, 1980-ci ildən etibarən planetin səthi hər on ildə 0,2 dərəcədən çox istiləşir. Artıq son 20 ildir ki, Yer kürəsində hər il əvvəlkindən daha yüksək istilik qeydə alınır. Təbii ki, bu gedişlə qlobal istiləşməni Paris İqlim Sazişinə əsasən, 1,5 dərəcə artım səviyyəsində saxlamaq o qədər də asan məsələ deyil.
İqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün böyük həcmdə maliyyə vəsaiti tələb olunur. Azərbaycanın COP29 konfransı çərçivəsində atdığı mühüm addımlardan biri də inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətinə investisiya yatırmaq məqsədilə İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdır: “Fondun kapitalının mədən yanacağı istehsal edən ölkələrin, eləcə də neft–qaz və kömür hasilatı ilə məşğul olan şirkətlərin maliyyə dəstəyi ilə formalaşdırılması nəzərdə tutulur.
Sözügedən fondunun yaradılması COP29-un fəaliyyət gündəliyinin bir hissəsi olaraq bu gün respublikamızda bu tədbir çərçivəsində elan edilən 14 təşəbbüsdən biridir. Fondun inkişaf etməkdə olan ölkələrdə təbii fəlakətin nəticələrini operativ şəkildə aradan qaldırmaq üçün güzəştli və qrant əsaslı dəstəyi gerçəkləşdirən xüsusi texniki imkanlara malik olacağı gözlənilir. Azərbaycan bu təşəbbüsü irəli sürdüyünə və təsisçi donor dövlət olduğu üçün bu fonda ilkin olaraq 1 milyard dollar həcmində ilkin vəsait yönəldib və 10 səhmdar ölkənin donor kimi fonda qoşulmasından sonra fəaliyyətə başlayacağını planlaşdırıb”.
İqtisadçı alim İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun qarşıda duran hədəfləri hansı səviyyədə reallaşdıra biləcəyinə dair ehtimallar haqqında da fikirlərini diqqətə çatdıraraq bildirib ki, dünya ölkələrinin və iri istehsalçıların ümumbəşəri problemin həllinə münasibəti fonunda Azərbaycanın təşəbbüsü ilə fəaliyyət göstərəcək fondun formalaşmasında fəallığın olacağı bir o qədər də inandırıcı görünmür. Ən azından ona görə ki, ölkələrin əksəriyyəti indiyə qədər bu məsələdə yetərincə passivlik nümayiş etdiriblər. Bu passivliyin əsas səbəbi isə onların məsələyə başqa prizmadan baxması ilə əlaqəlidir. Bir sözlə, ortada tərəflərin “problem nə qədər ki, mənim qapımı döymür, mən onun həllinə nədən indidən vəsait xərcləyim” kimi elan olunmayan bir yanaşması var. Digər tərəfdən, böyük həcmdə yanacaq hasil edən ölkələrdən hansınınsa problemin həlli ilə bağlı addımlar atmaması və ya bu məsələdə passivlik nümayiş etdirməsi digər dövlətləri də həmin mövqeyə sürükləyə bilir.
F.Yusifovun fikrincə, bütün bunların fonunda yanacaq hasil edən 10 ölkənin səhmdar olaraq yaradılacaq fonda, ümumilikdə, bir milyard dollar vəsait yatırması bir qədər şübhə doğurur: “Yer üzündə Azərbaycandan dəfələrlə çox neft–qaz və digər yanacaq növləri istehsal edən dövlətlər var. Bu yanacaqdan istifadə edərək atmosferə zərərli maddələrin tullanmasına “xidmət” edən yüzlərlə nəhəng istehsalçı mövcud olsa da, bəşəriyyəti fəlakətə aparan qlobal istiləşmənin həmin ölkələrin əksəriyyətini və iri istehsalçıları eyni səviyyədə qayğılandırdığını demək çətindir. Lakin inanmaq istərdik ki, yanacaq resurslarının istismarı ilə məşğul olan ölkələr problemin ciddiliyinə real qiymət verərək səhmdar kimi bu fonda vəsaitlər yatırtmaqda tərəddüd etməyəcəklər”.
Mütəxəssis vurğulayıb ki, maliyyə çatışmazlığı səbəbindən istiləşmənin qarşısı alınmasa, bu, yüz milyonlarla insanın həyatını itirməsi riski deməkdir. Başqa sözlə, əgər istiləşmə problemi tezliklə həllini tapmasa, suyun səviyyəsinin qalxması səbəbindən 2050-ci ilə qədər dəniz və okeanların sahillərində yerləşən yaşayış yerlərindən 300 milyondan çox insanı başqa yerlərə köçürmək lazım gələcək. Qlobal istiləşmə nəticəsində baş verən digər təbii fəlakətlər nəticəsində isə yüz milyonlarla insan həyatını itirə bilər. Bütün bu reallıqlar bəşəriyyəti nə qədər ciddi düşündürsə də, ötən əsrin 70-ci illərindən başlayaraq, indiyə qədər görülən tədbirlərlə qlobal istiləşmənin qarşısını almaq, ən azından onu dayandırmaq mümkün olmayıb.
Professor maliyyə fondu ilə yanaşı, iqlim məsələlərində digər problemlərin həllinin tək ölkəmizdən asılı olmadığını da diqqətə çatdırıb: “Azərbaycanın bəşəriyyəti narahat edən iqlim probleminin həllinə bu qədər həssas yanaşması dövlətimizin məsələnin ciddiliyini lazımınca qiymətləndirə bilməsindən qaynaqlanır. Lakin bu təşəbbüsün reallaşdırılması üçün digər dövlətlərin də maliyyə dəstəyi zəruridir”.
Alim söhbətinin sonunda bildirib ki, inkişaf etməkdə olan ölkələr fonda dəstək nümayiş etdirsələr, bunu Azərbaycanın uğuru saymaq olar. Artıq inkişaf etməkdə olan ölkələrdə iqlim maliyyələşməsinin mühüm sütunu sayılan İqlim Dəyişmələri üzrə İtki və Zərər Fonduna vəsait ayrılması prosesinə başlanılıb. Bu təşəbbüslər fonunda iqlimdəki xoşagəlməz dəyişiklikləri aradan qaldırmağa addım-addım yaxınlaşırıq.