Ədalətli enerji keçidinə dəstək artır

post-img

Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır. Bu fikri energetika naziri Pərviz Şahbazov Braziliyanın G20-yə sədrliyi çərçivəsində Foz do İquaçu şəhərində keçirilən “Təmiz enerji və innovasiyalar üzrə nazirlər” iclasında çıxışı zamanı səsləndirib. 

Braziliyanın G20 və COP platformaları vasitəsilə təmiz enerjiyə sürətli keçidi təşviq edən mühüm bir missiya yerinə yetirdiyini vurğulayan nazir COP29-a ev sahibliyi edəcək Azərbaycanın ədalət və bərabərliyə əsaslanan, bütün ölkələrin faydalana biləcəyi enerji keçidinə nail olmaq məqsədindən və bu istiqamətdə irəli sürdüyü təşəbbüslərindən bəhs edib. Bildirilib ki, bunun üçün Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, müxtəlif tərəflər arasında körpü olmaqla həmrəylik əsasında balanslaşdırılmış nəticə əldə etməyə, iqlim maliyyəsini artırmağa, enerji keçidi qarşısında maneələri aradan qaldıran yeni təşəbbüs və öhdəliklərin qəbuluna çalışır. 

Nazir ölkəmizin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerjini 2 dəfədən çox artıraraq 33 faizə çatdıran 2 qiqavatlıq stansiyaların enerji sisteminə inteqrasiyası və 2030-cu ilədək 5 qiqavat güclərin ixraca yönəldilməsi ilə bağlı “yaşıl” kursunun “Qlobal enerji anbarları və şəbəkələri öhdəliyi” təşəbbüsünü formalaşdırdığını da diqqətə çatdırıb: “Enerji keçidinin “onurğa sütunu” olacaq şəbəkə infrastrukturunun inkişafı üçün qlobal enerjinin saxlanılması potensialını altı dəfə artıraraq 2030-cu ilə qədər 1500 qiqavata çatdırmağı, 2040-cı ilə kimi, ümumilikdə, 80 milyon kilometrdən çox elektrik şəbəkəsinin əlavə edilməsini və ya təkmilləşdirilməsini təklif edirik”. 

Azərbaycanın daha bir təşəbbüsünün transformativ inkişaf və enerji təchizatçısı gündəliyinin əsas komponentlərindən olan hidrogenlə bağlı olduğunu vurğulayan energetika nazir deyib ki, ölkəmiz “yaşıl” enerji dövlətinə transformasiyada qətiyyətlidir və qlobal enerji keçidini irəli aparmaq əzmindədir.

Ekologiya