Təkcə bu il ərzində iqlim dəyişikliyinin su və kənd təsərrüfatına çoxsaylı dağıdıcı təsirləri müşahidə edilib. Məsələn, cari ilin əvvəlində yağıntıların az olması Afrikanın cənubunda məhsulun sıradan çıxmasına səbəb olub və təxminən, 20 milyon insan ac qalmaq riski ilə üzləşib. Eyni zamanda, su qıtlığı Zambiya, Zimbabve və Malavidə vəba xəstəliyinin yayılması ilə nəticələnib və hər üç ölkədə fəlakət vəziyyəti elan edilib.
Bu sözləri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən konfransdakı çıxışında deyib. Nazir açıqlamasının davamında kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatının mühüm hissəsi olduğunu və işçi qüvvəsinin üçdəbirindən çoxunu təşkil etdiyini vurğulayıb: “Lakin son illərdə yağıntılar orta hesabla təxminən 10 faiz azalıb. Bu, məhsuldarlığı aşağı salır və məhsul yığımına təsir edir. Özünəməxsus ekosistemi olan Xəzər dənizinin səviyyəsinin azalması isə dəniz və sahilyanı ərazilərin ekosisteminə, biomüxtəlifliyə və sahil infrastrukturuna ciddi təsir göstərir”.
COP29-un müəyyən edilmiş Prezidentinin sözlərinə görə, əgər tədbir görülməsə, proqnozlaşdırmaya əsasən, həmin dağıdıcı təsirlər dünyada normaya çevriləcək. İqlim dəyişikliyinin bəzi şiddətli quraqlıqların 100 dəfə daha tez-tez baş verməsinə səbəb olacaq. Qlobal temperaturun 2 dərəcə artması isə daha 200 milyon insanı aclıqla üz-üzə qoyacaq. Su və kənd təsərrüfatı sistemləri ilə bağlı gərginliklər daha da çətinləşəcək. Odur ki, dəyişən iqlimə uyğunlaşmaq üçün davamlı qida və su sistemləri qurmalıyıq. Bu, daha çox maliyyə, tədqiqat və yeni sistemlərin tətbiqi deməkdir.