Ankarada Naxçıvan Sazişinin 15-ci ildönümü qeyd edilib

post-img

Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Ankarada Türk Dövlətləri Təşkilatının təsis sənədi olan Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü və TDT Əməkdaşlıq Gününə həsr olunan toplantıda iştirak edib.

Ankarada keçirilən mərasimdə Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri və türk ölkələrindən olan tanınmış alimlər əsas məsələləri və ortaq məqsədləri müzakirə ediblər. Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyevin moderatorluğu ilə keçirilən “Türk əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri” adlı panel sessiyasında nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində türk dövlətlərinin mühüm nailiyyətlərindən bəhs olunub, bu sektorların türk xalqları arasında əlaqələri gücləndirdiyi vurğulanıb.

Akademik Şahin Mustafayev çıxış edərək 2009-cu il oktyabrın 3-də imzalanmış tarixi Naxçıvan Sazişinin siyasi əhəmiyyətini vurğulayaraq onu türk ölkələri arasında hərtərəfli  əməkdaşlığın qurulmasında mühüm sənəd adlandırıb. O, Beynəlxalq Türk Akademiyasının son 2 ildə əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb, tarix, arxeologiya, etnologiya, dilçilik və incəsənət sahələrini əhatə edən 36 böyük elmi layihənin həyata keçirildiyini vurğulayıb. Ş.Mustafayev ortaq türk tarixinin təd­qiqi məsələsinə xüsusi diqqət yetirərək, akademiya tərəfindən bu istiqamətdə Monqolustanda Kök-türk abidələrində aparılan arxeoloji qazıntıları və Qazaxıstanda Sırdərya çayı boyunca oğuz nümunələrinin tədqiq olunduğunu bildirib.

Bundan əlavə, akademik Türk dövlətləri arasında ünsiyyəti gücləndirmək üçün terminoloji lüğətlərin hazırlanmasının vacibliyini vurğulayıb, latın qrafikası əsasında vahid türk əlifbasının qəbul edilməsini mədəni inteqrasiyada həll­edici addım kimi qiymətləndirib: “Əldə olunmuş irəliləyişlərə baxmayaraq, ortaq gələcək naminə türk xalqları arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində hələ görüləcək mühüm işlər var”.

Qabil YUSİFOĞLU 
XQ

 

Son xəbərlər