Dağlar qoynunda muzey qəsəbə – Lahıc

post-img

Bazar meydanından başlanan mərkəzi küçə çox vaxt qələbəlik olur. Çünki Lahıcın (İsmayıllı rayonu) qədimliyini özündə əks etdirən tikililər, misgər emalatxanaları, dükanlar, binalar, kürəbənd (çay daşından tikilmiş kanalizasiya xətti), milli suvenirlərin satış yerləri bu küçədə yerləşir. Yerli və xarici turistlər də bu küçə boyunca hərəkət edirlər. 

Emalatxanalardan yayılan çəkic səsləri, alış-veriş edənlərin hay-küyü, nallı atların ayaq səsləri, dərman bitkiləri satanların küçənin hər iki tərəfinə düzdükləri çeşidli mallar, gecə-gündüz axıb gedən bulaqların şıriltısı daş döşənmiş küçələr qəsəbəyə  xüsusi ab-hava, görkəm verir.  Biz Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, usta Nəzər Əliyevlə onun Baş küçədəki emalatxanasında görüşdük.

Məlumat üçün deyim ki, Nəzər atasını uşaq ikən itirib. Evin böyük övladı olduğu üçün yeniyetmə vaxtından əmilərinin yanında çalışıb. Amma dərslərini də unutmayıb. Orta məktəbi bitirib Pedaqoji Universitetin riyaziyyat fakültəsinə qəbul olunub. Səkkiz il İsmayıllının kəndlərində müəllim işləyib. Sonra 5 il Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun nəzdində yeni təşkil olunan muzeyin direktoru olub. 1997-ci dən bəri (bir neçə il fasilə ilə) Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğuna rəhbərlik edir.

 Nəzər bu gün də sənətindən ayrılmayıb. Deyir ki, bir gün emalatxanaya gəlməyəndə elə bilirəm ki, daha əlim çəkic tutmayacaq.

– Usta, yorulmayasız. Deyəsən, siz qoruğun ikinci direktorusunuz?

– Doğrudur. İlk direktor Lahıcın ağsaqqallarından olan, gözəl ziyalı Ənvər Balayev olub. O, pensiyaya çıxandan sonra könüllü olaraq işdən ayrıldı. Allah o kişiyə rəhmət eləsin.

– Sizcə, Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu hansı ehtiyacdan təşkil edilib?

– Sovetlər vaxtında sərhədlər qapalı olsa da, Azərbaycana müəyyən qədər xarici qonaq və turistlər gəlirdilər. Bu zaman onları respublikamızda, adətən, bir neçə yerə – Qobustana, Şəkiyə və Lahıca aparırdılar. Çünki bu məkanlarda ilkinlik qorunub saxlanırdı, həm də qədim sənətkarlıq növləri yaşadılırdı. Bu yerlər həm də tarix və təbiət abidələri ilə zəngindir. Elə bu səbəbdən də Lahıcın qorunması, turizm mərkəzinə çevrilməsi önəmli məsələyə çevrilmişdi. Nəhayət, 1980-ci ildə respublika Nazirlər Soveti Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkili məqsədilə qərar verdi. 

– Qoruğun ərazisi neçə hektardır və burada qeydə alınan əsas tarix-mədəniyyət abidələri hansılardır?

– Ümumi ərazisi 80 hektardır. Bunun 35 hektarı Lahıc qəsəbəsinin, 45 hektarı Ərəgit məhəlləsinin payına düşür. Bu ərazidə xüsusi əhəmiyyətli 92 abidə qeydə alınıb. Əsas abidələr 5 məscid, 5 hamam, 2 körpü, 1 su dəyirmanı, 12 asma bulaq və XlV əsrə aid daş kanalizasiyadır (kürəbənd). Qalanları isə yaşayış evləri, kitabələr və sərdabələrdir. 

Əvvəllər məscidlər pis vəziyyətdə olub. Artıq 4 məscid təmir edilərək dindarların istifadəsinə verilib. Ağolu məscidi də təmirini gözləyir. Yəqin ki, vəsait ayrıldıqdan sonra bu məscid də lazımi səviyyədə təmir olunacaq. Onu da deyim ki, Lahıc Tarix-Diyarşünaslıq Muzeyi əvvəllər Ağolu məscidinin binasında yerləşirdi. O bina qəzalı vəzyyətə düşdüyündən muzey “İcma evi”nə köçürüldü. Gələcəkdə muzey üçün ayrıca bina inşa edilməsi yaxşı olardı. Ağolu məscidinin binası isə təmirdən sonra əlyazmalar muzeyi kimi fəaliyyət göstərəcək. Çox gözəl təşəbbüsdür. Bu məqsədlə Tarix-Diyarşünaslıq Muzeyində olan kitablar seçilib.Yararsız hala düşmüş kitabların və digər çap məhsullarının bərpasına başlanılıb. 

Yeri gəlmişkən deyim ki, orada elə əlyazmalar və köhnə dərsliklər var ki, ­Lahıcın keçmişi haqqında dəyərli ­statistik məlumatlar verir. Məsələn, o kitablardan biri Tiflisdə nəşr olunub. Kitabı Lahıcda ilk dünyəvi məktəbin müəllimi ­Məmməd­həsən Əfəndiyev yazıb. Qeyd edim ki, M. Əfəndiyev sonralar tanınmış etnoqraf alim olub. Yazılanlardan belə çıxır ki, Lahıc o zaman indikindən böyük olub. Məsələn, yazılana görə, Rusiyada təhkimçilik hüququ ləğv edilən illərdə Lahıcda, ən azı, üç ustanın işlədiyi emalatxanaların sayı 251 təşkil edib. Bir və iki usta işləyən emalatxanalar da nəzərə alınsa, görün o zaman nə qədər istehsal sahəsi fəaliyyət göstərib.

Bəzən Lahıc haqqında danışanlar, yazanlar buranı sirli bir yer kimi qələmə vermək istəyirlər. Mən isə düşünürəm ki, insanlar sakit, qorxusuz həyat sürmək üçün bu məkana yığışıblar. Çünki o vaxtlar Azərbaycan ərazisinə tez-tez basqınlar olub, qırğınlar törədilib. Bu yerin yolu isə çətin olduğundan çox vaxt bura gəlib çıxa bilməyiblər. Eyni zamanda, Lahıcda hər cür məhsul becərilib, məişətdə zəruri olan qab-qacaq istehsal olunub. Tələbat olmasaydı, yəqin ki, bu qədər sənət növü inkişaf etdirilməzdi.

– Məlumdur ki, Lahıcı şöhrətləndirən onun tarixi, sənətkarları və bu yurdun gözəl təbiətidir. Bazar iqtisadiyyatı şəraitində sənətkarlar necə işləyir, necə dolanırlar?

– Sovet dövründə misgərliklə məşğul olanlar çox idi. Amma keçid dövründə yaranan çətinliklər səbəbindən ustalar müxtəlif şəhərlərə, əsasən də Şamaxıya, Bakıya getdilər. Onlar indi də öz sənətləri ilə məşğuldurlar.  Usta hazırladığı məhsulu sata bilmirsə, necə yaşamalıdır, xammalı hansı pulla almalıdır? Lahıcda o sənətkarlar qalıblar ki, belə demək olarsa, heç nədən pul qazana bilirlər. Gedənlər yenə istəyəndə qayıdacaqlar. Onlar harada işləsələr də, yenə Lahıcın adını uca tutmağa çalışırlar.

Açığı deyim ki, xırda sənətkarların problemləri çoxdur. Bu məsələni isə müəyyən dəstək verməklə həll etmək mümkün deyil. Bizə dəfələrlə hətta faizsiz kredit vermək təklif olunub. Amma biz o kreditləri indiki qazancla qaytara bilmərik. Bunun üçün gərək ustanın hazırladığı məhsullar vaxtlı-vaxtında, istədiyi qiymətə satıla. İndi isə belə bir bazar yoxdur. Bazar xaricdə istehsal olunmuş aşağı keyfiyyətli mallarla doludur. 

Onu da deyim ki, yeni nəsil gənclər də bu sahədə işləməyə, sənəti dərindən öyrənməyə meyilli deyillər. Onlar yaxşı qazancı olan işlər axtarırlar. Buna görə milli sənətin bir çox növləri getdikcə unudulur. Bu, problem isə yalnız bizdə yox, beynəlxalq miqsayda yaşanır. Qısaca desək, bu məsələni zaman tənzimləməlidir.

Qoy bir misal da çəkim. Vaxtilə Lahıcda sərraclıq sənəti də yaşadılırdı. Atlar üçün yəhər, noxta, üzəngi tikilirdi. İndi tərəkəmələrin çoxu atdan çox “Niva”dan istifadə edir, yaylaqlara da avtomobillə gəlirlər.

– Nəzər usta, bilirəm ki, sizin çox zəngin etnoqrafik kolleksiyanız var. Bəlkə bu haqda özünüz danışasınız…

– 40 ilə yaxındır ki, toplayıram. Əvvəllər el-obada belə əl işləri çox idi. Seçim edib daha əskisini, gözəl işlənmişini toplamağa çalışırdım, verəcəyim pula da qızırğalanmırdım. Sonralar işbazlar gümüş malların xeyli hissəsini əhalidən alıb xarici ölkələrə apardılar. 

Hazırda kolleksiyamda 3 mindən çox eksponat var. Ölçüsünə görə böyükləri qədim xalçalar, kiçikləri isə mis pullardır.

– Heç kolleksiyanızı almaq istəyənlər olubmu?

– Bir neçə dəfə olub. Ancaq satmağa ürək eləməmişəm. Çünki o əşyalar mənim üçün puldan qat-qat qiymətlidir.

– Kolleksiya zalında bir samovar dəsti də vardı. Mənə elə gəldi ki, o köhnə deyildi.

– Doğrudur. O samovarı mən 8 aya işləmişəm. Üzərində Füzulinin “Leyli və Məcnun” poeması əsasında illüstrasiyalar çəkmişəm. O samovarı cənab Prezident Lahıca gələndə ona hədiyyə etdim. Çox xoşuna gəldi. Təşəkkür etdi. Sonra dedi ki, mən bunu aparsam, tamaşaçılar bunu görməyəcəklər. Buna görə mən də bu əsəri sənin kolleksiyana hədiyyə edirəm ki, qoy sənətsevərlər tamaşa edib, qiymət versinlər.

– Usta, bilirəm ki, siz müxtəlif vaxtlarda Azərbaycan Prezidenti ilə görüşmüsünüz. Emalatxananızda asılan foto-şəkillər də bunun sübutudur.

– Bəli, sənətimlə, işimlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə bir neçə dəfə görüşmək qismətim olub. Bu görüşlər onun rayonumuza səfərləri zamanı, Bakıda keçirilən sərgilərdə, Novruz bayramı şənliklərində baş tutub. Bir neçə dəqiqəlik o görüşlər yaddaşımda böyük iz qoyub və həmişə hiss etmişəm ki, cənab İlham ­Əliyev sənətə, sənətkara xüsusi qayğı ilə yanaşır.

Mən, təxminən, 1996-cı ildən başlayaraq, rayonumuzda və paytaxtımızda keçirilən əksər bayram şənliklərində, turizm sərgilərində iştirak etmişəm. Yəqin sərgilərdə təqdim edilən əl işlərinin bərəkətində olub ki, mən sonralar dəfələrlə prezidentimizlə görüşmüş, söhbətləşmişəm. Onu da deyim ki, cənab Prezident  Lahıcın inkişafına daim qayğı göstərir. O, sərgilərdə hər dəfə stendimizə baxdıqdan sonra Lahıc haqqında, onun turizmi və orada yaşayan insanların güzəranı haqda maraqlanıb.  

– Usta, Lahıcın dünənini və bugününü sabahına qovuşdurmaq işində sizə uğurlar arzulayırıq.

Söhbəti yazdı: 
Səməd MƏLİKZADƏ

 



Sosial həyat