Məlum olduğu kimi, bu il sentyabrın 9–11-də Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan “Türk dünyası Ortaq Əlifba Komissiyası”nın üçüncü iclası keçirilib. Qurumun Bakıda keçirilən iclasında Ortaq Türk Əlifbasının qəbul olunması ilə bağlı ümumi razılıq əldə edilib və türk dünyasında, o cümlədən Özbəkistanda bu məsələ maraqla qarşılanıb. Müsahibim filologiya üzrə fəlsəfə doktoru Rüstəm Cabbarovdur.
– Rüstəm müəllim, necə bilirsiniz, bu ideya – Ortaq Türk Əlifbasının qəbul edilməsi türk xalqları arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə, ümumən, türk dünyasının birliyinə xidmət edə biləcəkmi?
– Əslində, bu ideya ətrafında müzakirələr çoxdan aparılır və ortaq əlifbanın qəbul edilməsi, həqiqi mənada, türk dünyasının birliyinə xidmət edəcək. Mən bir ziyalı kimi bunu dəstəkləyirəm. Tarixə nəzər salsaq, özbək mütəfəkkiri Əlişir Nəvainin əsərləri Osmanlı Türkiyəsində XVIII əsrə qədər asanlıqla oxunurdu və anlaşılırdı. XX əsrin əvvəllərində böyük özbək yazıçısı Abdulla Qədirinin “Ötən günlər” romanı digər türk xalqları tərəfindən oxunurdu və başa düşülürdü. Hamısı əlifbaya görə idi.
Yalnız qardaş xalqların əlifbalarında fərqlər yaranandan sonra Abdulla Oripov və Erkin Vahidovun əsərlərini tərcümə etməyə başladılar. Bundan əlavə, əlifba fərqli olduğu üçün xalqlar arasında ünsiyyət çətinləşdi. Ortaq Əlifbadan danışanda başqa bir məsələ ortaya çıxır. Burada hansı əlifba olmalıdır və dilin hansı xüsusiyyətləri ayrıca məsələ kimi öyrənilməlidir. Təbii ki, siyasətçilərimiz də bununla bağlı daha dərin təhlillər aparmalıdırlar. Bu, heç bir xalqın ziyanına işləməməlidir.
Əlifba məsələsinə həm iqtisadiyyat, həm də siyasət qarışır. Əgər türk xalqlarının Ortaq Əlifbası hər bir türk xalqının əlifbasını əhatə edərsə, tərcüməyə, demək olar ki, ehtiyac qalmayacaq. Biz bəzi türk xalqlarını ancaq ona görə rahat başa düşmürük ki, səslər tələffüzdə fərqlidir. Əslində, feillərimizlə isimlərimiz eynidir.
– Belə layihələrin həyata keçirilməsində, adətən, müəyyən çətinliklər özünü göstərir. Elə bilirəm ki, praktik fəaliyyətə başlayandan sonra problemlər arxada qalacaq...
– Mənə məlumdur ki, Ortaq Türk Əlifbasının əsasını 1991-ci ildə hazırlanmış layihə təşkil edib. Bu istiqamətdə 1-ci iclas keçən il Astanada keçirilib. 2-ci iclasda da gərgin iş aparılıb və ən nəhayət, 3-cü yığıncaqda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədən olan komissiya üzvləri qəbul olunan əlifbanın bu dillər üçün tamamilə uyğun olduğu barədə ümumi razılığa gələ biliblər.
Təbii ki, hər bir işin başlanğıcı asan olmur. Bu əlifbanı bir layihə kimi qəbul etmək bütün türk xalqları üçün bir qədər çətin ola bilər. Bütün türk xalqlarının nümayəndələri mövcud problemləri birlikdə həll etməlidirlər. Çünki Türkmənistanın ziyalıları hələ bu əlifbanın yaradılmasında iştirak etməyiblər. Bundan başqa, Yer kürəsində türk dilində danışan 300 milyon insan yaşayır. Onların bir qismi öz vətənlərindən uzaqda məskunlaşıb.
Xüsusilə, uyğur, tatar, başqırd. Krım tatarları, qaqauz kimi xalqların dili və yazısı nəzərə alınmalıdır. Bu baxımdan hələ görüləsi işlər çoxdur və bu istiqamətdə qardaş türk xalqlarına uğurlar arzulayıram.
Söhbəti yazdı:
Qulu KƏNGƏRLİ,
XQ-nin Mərkəzi Asiya müxbiri