Bakı sərgilərində ölkəmiz hərbi gücünü nümayiş etdirdi

post-img

Zəfərlə nəticələnən və xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən 4 il ötür. Şəhidlərimiz canları, qanları bahasına bizə Qarabağ zəfərini bəxş ediblər. Onların göstərdikləri qəhrəmanlıq hər birimiz üçün ən yüksək dəyərlərin təcəssümüdür. Sözsüz ki, qələbəni reallaşdıran amillərdən biri də ordunun ən yüksək və müasir silah və texnika ilə təchiz edilməsi idi.

Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə “Bakı Ekspo Mərkəzi”ndə keçirilən və regionun müdafiə sənayesi ilə bağlı ən nəhəng tədbir olan “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi hər bir ölkədə, o cümlədən Azərbaycanda müdafiə tədbirlərinin daima zəruri olduğunu göstərdi. Təsadüfi deyil ki, sərgiləri işıqlandıran dünya mətbuatı ölkəmizin hərbi potensialının yüksək olmasından bəhs edirdi. Sərgilər çərçivəsində bir çox müqavilələr imzalandı, 40 ölkədən

218-dək hərbi sənaye şirkətinin son yenilikləri ilə tanışlıq oldu. Bu genişmiqyaslı tədbirlər regionda ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin nümayişi idi.

Ölkə şirkətlərinin nümayəndələri və rəsmi şəxsləri ilə söhbətimiz zamanı onlar Azərbaycan haqqında olduqca yüksək fikirlər səsləndirib və tərəfdaşlıq etməkdə maraqlı olduqlarını açıq-aşkar bildiriblər. Türkiyənin “Ulak" rabitə şirkətinin baş meneceri Ruşen Kömürcü öz məhsul və xidmətlərini Azərbaycana təklif etməyə hazır olduqlarını dedi:

– Sərgilər yüksək səviyyədə keçdi. Biz 5G üçün baza stansiyaları istehsal edirik və xaricə ixrac etməyi planlaşdırırıq. Baza stansiyasından başqa, bizim əsas məhsulumuz “SD-WAN” adlandırdığımız təhlükəsiz rabitəni təmin edən şəbəkə əsaslı qutudur. “Ulak” dövlət, özəl sektorların və ictimaiyyətin kibertəhlükəsizlik və təhlükəsiz rabitə ehtiyaclarını qarşılamaq üçün yaradılmış rabitə şirkətidir. Azərbaycana öz məhsul və xidmətlərimizi təklif etməyə hazırıq.

Türkiyənin ən böyük müdafiə sənayesi şirkəti olan “Aselsan”ın Bakı nümayəndəliyinin baş meneceri Özgür Kürüm Azərbaycanda olmaqlarından, burada fəaliyyət göstərməklərindən məmnunluğunu ifadə etdi:

– Azərbaycanın xidmətində olan sistem və məhsullarımız var. Başda rabitə sistemləri olmaqla, radioelektron mübarizə, elektrooptiklər, kəşfiyyat sistemləri və hətta son bir ildə mülki sahədə də inkişaf etdirdiyimiz texnologiyaları Azərbaycana təqdim etdik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birlikdə “Nəqliyyat Vasitəsi Aşkarlama və Yüksək Sürətli Tərəzi Ölçü Sistem Layihəsi” həyata keçirilir. İstərdik ki, birlikdə istehsal etdiyimiz məhsullardan həm Azərbaycanda, həm Türkiyədə istifadə olunsun, həm də üçüncü ölkə bazarlarına sataq.

“ADEX-2024” sərgisi çərçivəsində “Barzan Holdings” şirkətinin Proqramların İnkişafı üzrə direktoru Sultan Əl-Kuvari də Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını deyib:

– “Barzan Holdings” şirkəti Qətər Müdafiə Nazirliyinin ticarət qoludur. Bizim üçün belə sərgilərdə iştirak etmək və Azərbaycan kimi bazarlara girmək son dərəcə vacibdir. Bu, ADEX-dəki ilk iştirakımızdır. Burada hər şey yüksək səviyyədə təşkil olunmuşdu.

Sərgilər çərçivəsində ölkəmizlə bağlı bir sıra önəmli görüşlər olub və müqavilələr də imzalanıb. Belə ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi, Milli Aerokosmik Agentliyi ilə Türkiyənin “Aselsan” şirkəti, Elmi-Tədqiqat İnstitutu ilə Belarus Respublikasının Dövlət Xarici Ticarət Unitar Müəssisəsi – “Belspesvneştexnika”, “Azərsilah” Müdafiə Sənayesi Holdinqi ilə Türkiyənin REPKON, Çinin “China Precision Machinery Import-Export Corporation”, Bosniya və Herseqovinanın “Tehnicki Remont Bratunac”, Slovakiyanın “MSM Group”, İsrailin “AS Holdings” və “Elbit Systems”, Serbiyanın “Yugoimport SDPR” şirkətləri arasında işbirliyinin təməli qoyulub.

“ADEX-2024” və “Securex Caspian” sərgiləri çərçivəsində Azərbaycan Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti arasında birgə fəaliyyətlərin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığın qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.

Rizvan FİKRƏTOĞLU
XQ

Son xəbərlər