Ensiklopedik alimin Quba həyatı

post-img

A.Bakıxanov – 230

Xalqımızın ictimai-siyasi, mədəni həyatının inkişafında dərin iz qoymuş Abbasqulu ağa Bakıxanov 230 il öncə, yəni 1794-cü ildə Bakının Əmircan (Xilə) kəndində II Mirzə Məhəmməd xanın ailəsində dünyaya göz açmışdır. O, dərin zəkası və əzmkarlığı sayəsində dövrünün görkəmli alimi, şair və mütəfəkkiri səviyyəsinə yüksələrək böyük şöhrət qazanmışdır.

Məlumdur ki, XVIII əsrin 2-ci yarısında Azərbaycan xanlıqları arasında nifaq güclənmişdi. 1802-ci ildə Bakı xanı Hüseynqulu xan II Mirzə Məhəmməd xanı qəti olaraq xanlığın idarəçiliyindən kənarlaşdıraraq, onu Qubaya köçməyə məcbur etmişdir. Quba xanı Şeyxəli xan II Mirzə Məhəmməd xana Amsar kəndi də daxil olmaqla bir neçə kənd bağışlamışdır.

Beləcə, A.A.Bakıxanovun uşaqlıq və yeniyetməlik illəri atasının Amsar kəndindəki malikanəsində keçmişdir. Qeyd etmək lazımdır ki, kiçik Abbasqulu hələ uşaq yaşlarından mərd və ədalətli hərəkətləri ilə ətrafdakıların diqqətini özünə cəlb etmişdir. O, bir dəfə böyük cəsarət göstərərək Şeyxəli xanın əmri ilə hər iki gözü çıxarılmağa məhkum edilən balaca Nağını ağır cəzadan xilas etmişdir. Quranı, ərəb, fars və rus dillərini mükəmməl öyrənən A.A.Bakıxanov 1819-cu ilin dekabrında Qafqazın baş hakimi general A.P.Yermolov tərəfindən Tiflisə dəvət olunaraq, burada Şərq dilləri üzrə tərcüməçi vəzifəsinə təyin olunmuşdur.

Xatırladaq ki, Bakıətrafı kəndlərdə Bakıxanovların nəslindən olub, bu soyadı daşıyanlar indi də vardır. Onlardan biri də Bakının Mərdəkan kəndində yaşayan Mülük bəy Bakıxanovdur. Ədəbiyyatşünas alim, professor Feyzulla Qasımzadə bu barədə xatirələrində yazmışdır: “Bakıxanovlar nəslindən olub, şəxsən onu görən Mülük bəy Bakıxanov ölümündən bir il əvvəl, yəni 1930-cu ilin yayında mənə Abbasqulunun Peterburq səfərindən danışdı. Mülük bəy dedi ki, bakılı II Mirzə Məhəmməd xanın oğlu Abbasqulu ağanın uzun çəkən Rusiya səyahətindən qayıtmasını eşitdikdə, atam Abbasəli ağa Qubaya onun görüşünə getdi və məni də özü ilə apardı. Mirzə Məhəmməd xan bu zaman Qubanın yaxınlığındakı Əmsar (indiki Amsar) kəndində olan imarətində yaşayırdı. Biz burada Mirzə Məhəmməd xanın özü və səfərdən yenicə qayıtmış oğlu Abbasqulu ağa ilə görüşdük və bir həftə onların evində qonaq qaldıq. Bizə çox hörmət etdilər. Mirzə Məhəmməd xan və arvadı Sofiya xanım artıq qocalmışdılar, onlar oğullarının səfərdən sağ və salamat qayıtmasından nəhayət dərəcədə sevinirdilər.

Mülük bəy xatirələrində həmçinin bildirib ki, Abbasqulu ağa gəzdiyi yerlər haqqında etdiyi şirin və maraqlı söhbətləri ilə onları məşğul etmişdir. Abbasqulu ağa Peterburq səfərindən danışarkən rus padşahının sarayında verilən böyük ziyafət məclisində iştirak etdiyini, rus çarı I Nikolay, onun arvadı və kübar rus dvoryan (zadəgan) ailələri ilə görüşüb tanış olduğunu nəql etmişdir.

Abbasqulu ağa macal tapan kimi Tiflisdən Qubaya gələrək valideynlərini ziyarət etməyi özünə borc bilərdi. 1835-ci ildə də məzuniyyətini atasının Amsar kəndindəki malikanəsində keçirib. Həmin ərəfədə Qubaya səfər etmiş rus yazıçısı Yakov Ozeretskovski bu barədə xatirələrində belə yazmışdır: “Mirzə Məhəmməd xan və arvadı Sofiya xanım artıq qocalmışdılar. Onlar əvvəlki kimi özlərinin şəhər kənarındakı evlərində, Amsar kəndində yaşayırdılar və oğullarının qayıtmasını gözləyirdilər. Onlarla birgə, cavan Səkinə – Abbasqulunun yeganə həyat yoldaşı yaşayır və o, arvadını İran şahının bütün hərəmxanasına dəyişməz. Hətta rus gözəllərinin arasında da unutmaz”.

Yeri gəlmişkən, A.A.Bakıxanov Amsar kəndində “Gülüstan” adlı ədəbi məclis yaratmış, vaxtaşırı bu məclisə dövrün istedadlı şair və alimlərini dəvət etmişdir. Abbasqulu ağa burada ruhani söhbətlərlə yanaşı Nizami, Nəsimi, Füzuli, Mövlanə, Hafiz poeziyası barədə fikir və mülahizələrini bildirmiş, Qüdsi təxəllüsü ilə yazdığı yeni şeirlərini oxumuşdur.

Təəssüf ki, 1837-ci ildən sonra Abbasqulu ağanın və ailəsinin həyatında çətin günlər başlamışdır. Belə ki, həmin il baş vermiş məşhur Quba üsyanında fəal iştirak edən qaynı Əli Paşa bəy qətlə yetirilmişdi. Qafqazın ovaxtkı canişini Baron Rozen Quba üsyanına görə Abbasqulu ağa Bakıxanovu təcili Tiflisə çağırtdırmışdır.

Tiflisə gələn A.A.Bakıxanov çar məmurlarının özbaşınalıqlarından söz açaraq vergilərin artırılmasını pisləmişdir. Bütün bunlar Rozenin xoşuna gəlməmişdir. O, 1837-ci il dekabrın 10-da hərbi nazir Çernışevə yazdığı məktubda göstərib ki, “Abbasqulunu mən Tiflisə çağırıb ona xüsusi bir tapşırıq verdim, o isə bunu icra etmədi. Buraya gələndən o, məni daima özündən narazı salmışdır. Mənim ona heç bir etimadım yoxdur”. Qafqazın canişini çar I Nikolaya yazılan məktubunda da Bakıxanovun hökumət yanında etibarını itirmiş, “şübhəli adam” olduğunu bildirmişdir.

1841-ci ildə A.A.Bakıxanov uzun illər apardığı gərgin elmi axtarışların nəticəsi olaraq Azərbaycanın tarixi haqqında sanballı “Gülüstani-İrəm” əsərini fars dilində yazaraq tamamlamışdır. 1844-cü ildə isə həmin əsəri rus dilinə tərcümə etmişdir. Lakin çar hökuməti əsərin rus dilində geniş oxucu kütləsinə təqdim olunmasına maneələr yaratmışdır.

Kitabın rus dilində işıq üzü görməsinə nail olmayan A.A.Bakıxanov bundan sonra çar hökumətinə müraciət edərək Şərqə səyahət etmək üçün bir illik məzuniyyət almışdır. Səyahətdə olarkən yol boyu Türkiyə, Misir və Ərəbistanın şəhər və kəndlərini gəzmiş, bu ölkələrin tarixi, mədəniyyəti, insanların adət-ənənələri, məişəti ilə yaxından maraqlanmışdır.

Nəhayət, Bakıxanov müqəddəs Məkkə torpağına çataraq Kəbəni ziyarət etmişdir. Təəssüf ki, 1847-ci ildə ziyarətdən qayıdarkən Mədinə və Məkkə arasındakı “Vadii-Fatimə” adlı ərazidə vəba xəstəliyinə tutularaq vəfat etmişdir.

Qubanın Amsar kəndində Bakıxanovun ev muzeyi yaradılmış, binanın önündə büstü ucaldılmışdır. Muzey hazırda Qubanın mədəni turizm məkanlarından biri sayılır. B.A.Bakıxanov yüz illər keçsə belə, xalqımızın böyük mütəfəkkiri kimi qəlblərdə əbədiyyət qazanmışdır!

Təranə CƏBİYEVA,
müstəqil araşdırmaçı



Mədəniyyət