“O şənbə gecəsi yox oldu Gəncə...”

post-img

Bəs niyə indiyədək o yerlərdə bu dəhşətli tarixi xatırladan bir abidə yoxdur?

Aradan isə nə az, nə çox, düz 885 il keçir. O müdhiş gecəni dahi Nizami Gəncəvi “İskəndərnamə” poemasında belə təsvir edib:

Heç bir göz səlamət qalmadı inan
Matəm sürməsinə qərq oldu cahan
O qədər xəzinə batdı o gecə,
O şənbə gecəsi yox oldu Gəncə...

1139-cu il sentyabrın 30-da baş verən dəhşətli zəlzələdən düz 2 il sonra, elə bu sentyabr günlərində dünyaya göz açan Əbu İlyas ibn Yusif bu sətirləri yazarkən təbii ki, böyüklərin, bu dəhşəti öz gözləri ilə görənlərin söylədiklərinə əsaslanaraq nəzmə çəkib:

Qopdu bir zəlzələ, göyü oynatdı,
Şəhərlər dağılıb yerlərə batdı.
Dağ-daş sarsılaraq qopub uçanda
Fələk toz altında qaldı bir anda...

Tarixçilər, tədqiqatçılar, səyyahlar, şahidlər Gəncə zəlzələsi haqqında çox yazıblar. Bu zəlzələ Səlcuq hökmranlığı zamanı baş vermişdir. Zəlzələnin şahidi, Gəncə sakini, alban tarixçisi və hüquqşünası Mxitar Qoş baş verənləri bu cür təsvir edir: "Areq ayının 18-ci günü, cümə günündən şənbəyə keçən gecə (30 sentyabr 1139-cu il) Allahın şiddətli qəzəbi dünyaya töküldü. Yerin hiddəti və qüvvətli dağıntı dəhşətli qəzəblə bu Alban torpağına yetişdi. Bunun nəticəsində onun paytaxtı Gəncə də öz sakinlərini udaraq, cəhənnəmə atıldı".

Zəlzələ Gəncədən 50 kilometr cənubda baş verib.Təbii fəlakət o qədər dağıdıcı olub ki, Kəpəz dağı yarılıb və uçaraq Ağsu çayının qarşısını bir neçə yerdən kəsib. Nəticədə Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zəligöl, Ağgöl, Qaragöl Şamlıgöl, bütövlükdə 20-yə yaxın irili-xırdalı göllər yaranıb. Bu haqda Gəncəli Kirakos belə yazıb: "Dağ və düzü duman, buludlar bürüdü, dəhşətli zəlzələ baş verdi. Gəncə dağıldı. Kəpəz dağı uçdu və təpələrdən axan xırda çayların qarşısını kəsərək göl əmələ gətirdi".

Bəzi mənbələrə görə, bu zaman 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub. Zəlzələdən sonra Gəncə şəhəri əvvəl yerləşdiyi ərazidən bir az şərqdə yenidən salınıb. Bu, bir daha zəlzələnin vurduğu ağlasığmaz fəlakətin miqyasını göstərir ki, şəhəri yenidən bərpa etmək mümkün olmayıb və o, indiki ərazidə tamamilə yenidən salınmağa başlanıb.

Tarixdə dağıdıcı zəlzələlər çox olub və Gəncədə 885 il qabaq baş verən zəlzələnin, təxminən, 9 bal gücündə olduğu güman edilir. Maraqlıdır ki, Gəncə zəlzələzindən düz bir il qabaq, yəni 11 oktyabr 1138-ci ildə Suriyanın Hələb şəhərində də 8,5 bal gücündə zəlzələ olub və 230.000-dən çox insanın həyatına son qoyub. Hələb şəhəri əhalisinin sayı yalnız bir neçə əsr sonra bərpa edilib. Bu zəlzələ 1138-1139-cu illərdə baş verən, müasir Suriyanın şimalını, Türkiyənin cənub-qərbini, daha sonra isə İran və Azərbaycan ərazilərini əhatə edən silsilə zəlzələlərin bir hissəsi olub.

…Zəlzələ təbii fəlakətlərin ən dəhşətlisidir. Günahsız, köməksiz insanlar bir anda həyatlarını itirir, evlər-eşiklər dağılır, viran qalır. Təsadüfi deyil ki, bu təbii fəlakətlər zamanı bütün ölkələr, münasibətlərinin isti olub-olmamasına baxmayaraq, bir-birinə kömək əlini uzadır, çətin anlarda dayaq durmağı özlərinə mənəvi borc bilirlər.

Bir çox ölkələrdə həmin “qara gün”də həlak olanların xatirəsi yad edilir, zəlzələnin baş verdiyi məkanda adi bir daş parçasının da önünə gül dəstələri qoyurlar. Türkiyənin Yalova şəhərində zəlzələ qurbanlarının xatirəsinə möhtəşəm abidə ucaldılıb və hər il bu bölgəyə yüz minlərlə xarici qonaq gəlir. Oxşar abidələr, memorial lövhələr, tanıtım yerləri başqa ölkələrdə də var. Bəs Azərbaycanda, konkret olaraq Gəncədə buna bənzər nəsə varmı? Təəssüf ki, yox.

Hər il Hacıkəndə, Göygölə, Maralgölə və digər yerlərə minlərlə xarici turist gəlir. Onların əksəriyyəti bilmir ki, 9 əsr qabaq bu bölgədə nə baş verib, on minlərlə insan bir andaca torpaq altında qalıb və sair. Yeri gəlmişkən qeyd edim ki, Gəncə zəlzələsinin tarixi də hələ layiqincə tədqiq olunmayıb. Dünyada baş verən zəlzələlər haqqında kifayət qədər məlumatlar var, çoxlu ədəbiyyat, tarixi faktlar mövcuddur, araşdırmalar aparılır. Gəncə zəlzələsinin adı hətta bəzi ölkələrin ensiklopediyasına belə düşməyib, məlumat yoxdur.

Tarixi araşdırmasan, onun arxasınca getməsən, o, tədricən itib batacaq və əsrlər keçəcək, soruşacaqlar ki, “məgər Gəncədə belə dəhşətli zəlzələ olub?”. Yaxşı olmazmı ki, tariximizin ayrılmaz hissəsi hesab edilən və o dəhşətli günü özündə əks etdirən möhtəşəm bir abidə elə Kəpəzin ətəyində, Göygölün sahilində ucaldılsın? Zənnimcə, bu, keçmişimizə və tariximizə ən böyük hörmət olardı...

Təkcə keçən il Göygölə 200 min nəfərdən çox turist gəlib. Onların arasında çoxlu xarici qonaqlar da olub. Bu il də göllər gözəlinin sahillərində qələbəlik olub. Fikrimizi Göygöl Milli Parkının direktoru Fuad Quliyevə deyəndə o, çox sevindi:

- Əla təklifdir. Sentyabrın 30-da, yəni Gəncə zəlzələsinin baş verdiyi gün şəhər icra hakimiyyətinin qarşısındakı Meydanda Milli parklar Gününə həsr olunmuş böyük tədbir keçirəcəyik. Orada mütləq bu barədə çıxış edəcəyəm. Düz deyirsiniz, tarix yaşadılmasa o, tədricən unudulacaq. “Gəncə zəlzələsi” abidəsinin yerinin seçilməsində də təkliflərim olacaq.

Bizə belə gəlir ki, əzəmətli bir abidənin ucaldılması üçün Gəncə Şəhər İcra Hakimiyyəti, Elm və Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri məsələ qaldıracaq və növbəti ildə başı bəlalar çəkmiş Kəpəzin ətəyində tariximizin daha bir səhifəsi yazılacaqdır...

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə



Sosial həyat