Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti
III yazı
Azərbaycan qlobal səviyyəli dezinformasiyalardan zərər çəkən dövlətlər sırasındadır. Ölkənin strateji mövqeyi, qoşulduğu lokal və qlobal layihələr, həmçinin Ermənistanla münaqişə vəziyyətində olması onu total xarakterli dezinformasiya axınının hədəfinə çevirib.
2024-cü ilin iyul ayında keçirilən II Şuşa Qlobal Media Forumu zamanı qeyd olundu ki, Azərbaycan öz müstəqilliyini elan etdiyi tarixdən başlayaraq bu günə qədər sistemli şəkildə dezinformasiya axınına məruz qalır. Ölkəmiz haqqında saxta xəbərlər müxtəlif mənbələr tərəfindən fərqli məqsədlər üçün yaradılaraq yayılır. Prezident İlham Əliyev həmin forumdakı çıxışında bu mənbələrdən bir qisminin ünvanını göstərdi. O, dezinformasiyaların böyük bir qisminin Ermənistandan və ermənipərəst siyasətçilərdən qaynaqlandığını vurğuladı: “Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana hücum edirlər, Azərbaycan haqqında yanlış narrativlər yayırlar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirlər”.
Ermənistan tərəfindən yaradılan dezinformasiyalar 2020-ci ildə 44 günlük mübaribə dövründə daha qabarıq şəkildə üzə çıxıb. 2022-2023-cü illərdə “Laçın yolu” kampaniyası fonunda davam edib. 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərinin keçirildiyi dönəmdə isə pik həddə çatıb. Bu gün də eyni formada davam etdirilir.
44 günlük müharibə dövründə Azərbaycanın, guya, “suriyalı terrorçular”dan faydalanması barədə saxta xəbərlər yaydılar. Bu feyk xəbərlər Qərb mediasının səhifələrində əks olundu. Hətta, Avropanın, Rusiyanın, İranın siyasi çevrələrinin dillərindən də səsləndirildi. Fransa prezidenti Emmanuel Makron “300-dən çox suriyalının Türkiyə üzərindən keçməklə Dağlıq Qarabağa – münaqişə bölgəsinə göndərildiyini” bəyan etdi.
Düzdür, bu iddialar öz təsdiqini tapmadı. Azərbaycanın təkidli tələblərinə rəğmən, heç bir fakt, heç bir sübut təqdim edə bilmədilər. Amma saxta xəbəri tirajlamaqdan da əl çəkmədilər. 2020-ci ildə gerçəkləşdirilən 44 günlük Vətən müharibəsi əlavə bir faktı da ortaya çıxardı. Bəlli oldu ki, Azərbaycana qarşı geniş miqyaslı dezinformasiyalar təkcə Ermənistan və ermənipərəst Qərb siyasətçiləri tərəfindən deyil, həm də Cənubi Qafqazda maraq savaşı aparan dövlətlər tərəfindən istehsal edilərək yayılır.
Prezident İlham Əliyev II Şuşa Qlobal Media Forumunda vurğuladı ki, son illərdə Cənubi Qafqazda tarixi transformasiya, geosiyasi dəyişikliklər baş verir: “Regionda ənənəvi ittifaqlar zəifləyir, yeni əməkdaşlıq formatları meydana gəlir. Bu tarixi gedişata müdaxilə etmək, prosesi öz maraqlarına uyğun şəkildə dəyişmək istəyən güc mərkəzləri vardır”. Regiona yönəlik ekspansiya siyasətini gücləndirən mərkəzlər müxtəlif üsullardan istifadə edərək hadisələrin təbii gedişatını dəyişmək istəyirlər. Bu üsul və vasitələrin sırasında dezinformasiyalar yaymaq, Cənubi Qafqazın lider dövləti olan Azərbaycanı hədəfə çevirib saxta xəbərlərlə gözdən salmaq metodu da yer tutur.
Problem ondadır ki, Qərbin “Cənubi Qafqazı fəth etmək” planı Ermənistanın yenidən dirçəldilməsi konsepsiyasının üzərində qurulub. Onların Azərbaycanı zəiflətmək, Ermənistana qarşı təsir imkanlarını azaltmaq, erməniləri Qarabağa qaytarmaqla həmin ərazilərdə Ermənistanın nəzarətinə imkan verən mexanizmlər qurmaq niyyətləri var. Bu niyyətlərini gerçəkləşdirməklə, Azərbaycanı Zəngəzur dəhlizi, Qərbi Azərbaycan konsepsiyasından imtinaya məcbur etmək istəyirlər. Planın davamında Türkiyə–Ermənistan sərhədlərinin açılması məsələsində Bakının mövqeyini “neytrallaşdırmaq” gözləntiləri də yer alır. Öz planlarını gerçəkləşdirmək üçün dezinformasiyalar yayır, Azərbaycanda daxili ictimai rəyi çaşdırmağa səy göstərir, o cümlədən, beynəlxalq ictimai rəydə ölkəmizi gözdən salmağa çalışırlar.
Bu kontekstdə yanaşsaq, 2023-cü ildən etibarən ölkəmizə qarşı yönəlmiş dezinformasiyaların, feyk xəbərlərin kəmiyyəti daha da çoxalıb. Azərbaycanın 2023-cü ilin sentyabr ayında antiterror tədbirləri keçirməsi, nəticədə öz suverenliyini tam bərpa etməsi xarici KİV-lər tərəfindən fərqli kontekstdə, yanlış formada təqdim edilir. Ölkəmizi Qarabağ regionunda, guya, “etnik təmizləmə” prosesi həyata keçirməkdə, yaxud, Ermənistanla sülh müqaviləsi bağlamaqdan yayınmaqda ittiham edən xəbərlər yayılır. Halbuki 1990-cı illərdə Azərbaycan torpaqlarının işğal edilməsi də, 28 il müddətində işğal altında saxlanılması da, azərbaycanlıların soyqırımına uğradılması da dünyanın gözü qarşısında baş verib. Bunun əksi olaraq, Azərbaycan 44 günlük müharibə və 19–20 sentyabr antiterror tədbirləri zamanı qarşı tərəfdə mülki şəxslərə xəsarətlər yetirilməməsi üçün ciddi tədbirlər görüb. Buna rəğmən, Fransa, Almaniya, ABŞ rəsmiləri və KİV-ləri Azərbaycanı “etnik təmizləmə”, “soyqırımı” və ya “məcburi deportasiya aktı” törətməkdə ittiham edən dezinformasiyalar yayırlar.
Əvvəlki məqalələrimizdə qeyd etmişdik ki, ABŞ də daxil olmaqla, aparıcı Qərb dövlətlərindəki siyasi mərkəzlər tərəfindən istehsal olunub yayılan dezinformasiyalar qlobal fəlakətlərə yol açır, bütövlükdə, sivilizasiyanı təhdid edir. Bunu ABŞ-nin özündə də görürlər. Donald Trampın “Truth” sosial şəbəkə platformasında yazdığı qeydlər bu faktı bir daha təsdiq edir. O, fəlakətlərə son qoymaq üçün verdiyi təkliflər sırasında dezinformasiya probleminə də yer ayırıb.
ABŞ, Fransa və digər Qərb dövlətlərində, o cümlədən, siyasi mərkəzlərdə hazırlanıb yayılan dezinformasiyaların bir qismi də Cənubi Qafqaza, ilk növbədə, Azərbaycana qarşı yönəlib. Xatırladaq ki, Azərbaycanın Ermənistan üzərinə hücum etməyə hazırlaşması barədə qondarma bəyanatı rəsmi müstəvidə ilk dəfə 2023-cü ilin noyabr ayında ABŞ Dövlət katibinin müavini Ceyms O'Brayn səsləndirmişdi.
Bəs “Ermənistan şəbəkəsi” tərəfindən istehsal olunan dezinformasiyalar ictimai rəyə necə ötürülür, hansı vasitələrdən istifadə olunur? Bu barədə növbəti yazımızda məlumat veriləcək.