Ermənilərin Qərbi azərbaycanlı ailəyə yaşatdığı iztirablar - “Deyiblər ki, anbardakı azərbaycanlıları yandıracaqlar”

post-img

1905-1907-ci, 1918-1923-cü, 1948-1953-cü və 1988-1992-ci illər... Bu illərdə həyata keçirilən deportasiya siyasəti nəticəsində xalqımız məşəqqətli günlər yaşayıb. Həmin illərdə yüz minlərlə insan doğma yurd-yuvasından didərgin düşüb, ağrılı-acılı taleləri ilə üz-üzə qalıb. O insanların çoxu həyatdan köçsə də, yaşadıqları iztirablı günlərin acı xatirələri hələ də unudulmayıb. 1918-1923-cü illərdə doğma yurdundan – Qərbi Azərbaycanın Dərələyəz mahalının Qışlaq kəndindən deportasiya olunan Nəsib İmamverdiyev də onlardan biridir. İndi həyatda olmasa da, onun yaşadığı o çətin günləri qızı Tərlan xanımdan dinləyək.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı Tərlan İmamverdiyeva ilə söhbət edib, ata-babasının əzəli torpaqlarımızdan sürgününə dair maraqlı məlumatlar öyrənib.

Deyir ki, atası 1907-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Qışlaq kəndində anadan olub. 1945-1950-ci illərdə mahalda kolxoz sədri, yerli partiya təşkilatının sədri, ferma müdiri kimi məsul vəzifələrdə çalışıb, 1918-1923-cü illərdə deportasiya siyasəti nəticəsində köç edərək, Babək rayonunun Kültəpə kəndində məskunlaşıb. Kənddə özünə ev tikib, təsərrüfat fəaliyyəti ilə məşğul olub. 1980-ci il yanvarın 2-də dünyasını dəyişib.

Tərlan xanım ermənilərin Qışlaq camaatının başına gətirdiyi əzab-əziyyətli günlər barədə atasından eşitdiyini söyləyir. Bildirir ki, atası evin böyük uşağı idi, ondan balaca iki qardaşı, bir bacısı olub. Yaşadıqları Qışlaq kəndi dağlıq ərazidə yerləşdiyindən insanlar əsasən heyvandarlıqla, meyvəçiliklə məşğul idilər. 1918-1920-ci illərdə ermənilərin yürütdüyü deportasiya siyasəti, törətdikləri təxribatlar onların ailəsindən də yan keçməyib: “O zaman atamın 12-13 yaşı var imiş. Rəhmətlik deyirdi ki, 1918-ci ildə gəlmə ermənilər Qışlaq kəndinə hücum edərək azərbaycanlıları öldürəcəkləri ilə bağlı hədə-qorxu gəlməyə başlayıblar. Daha sonra kənd camaatını taxıl anbarına yığıb qapısını bağlayıblar. Babamgil də orada imiş. Atam məhəllədə yaşayan erməni uşaqlarından eşidib ki, taxıl anbarına od vurub içəridəki bütün azərbaycanlıları yandıracaqlar. Əmimlə birgə ələ keçməmək üçün macal tapıb evdən qaçıblar. Babam isə bir yolla qardaşını, 3-4 nəfər qohum-qonşunu axşamüstü taxıl anbarından çıxarmağa müvəffəq olub... ”.

Həmsöhbətimiz atasından qalan acı xatirələri ürəkağrısı ilə söyləyərək deyir: “Atam danışırdı ki, gəlmə ermənilər yerlilərdən daha azğın, daha qəddar idilər. Onlar qarşılarına çıxan hər kəsi, uşaq-böyük, qadın, yaşlı demədən kənddən çıxmağa məcbur edib, əks təqdirdə öldürəcəkləri ilə hədələyiblər. Heç kəs bir-birinə kömək edə bilmirdi, hərə öz canının hayında olub. Həmin vaxt erməni zülmündən qurtulmaq üçün nənəm bibimi qucağına alıb evdən qaçaraq kəndin aşağısındakı “Doqquz donu” adlanan böyük bir kolun içində gizlənib. Arxasınca gələn erməni həmin kolun kənarında hey dolaşıb axtarsa da, yerlərini müəyyən edə bilməyib. Yaxşı ki, 4-5 yaşında olan bibim səsini çıxarmayıb. Qaş qaralana yaxın erməni “qurda quşa yem olsun” deyərək oradan uzaqlaşıb. Nənəm kolun içindən çıxaraq “Allaha təvəkkül, nə ola, ola” ümidi ilə düzəlib yola. Bir qədər getdikdən sonra yuxarı tərəfdən 4-5 nəfərin gəldiyini görüb, erməni olduqlarını zənn edərək bərk qorxub. Xoşbəxtlikdən gələnlər babamgil imiş. Onlar elə gecə ilə Naxçıvana, Şərurun Dizə kəndinə pənah gətiriblər”.

Tərlan xanımın nənəsi ilə bibisi Dizədə 2-3 gün qaldıqdan sonra aldıqları mənəvi və fiziki işgəncələrdən, yaşadıqları stresdən dünyalarını dəyişiblər. Qohumları burada qışlaqdan çıxandan sonra ümid yeri kimi İrana keçiblər. Lakin qarşılaşdıqları çətinliklər üzündən Naxçıvana qayıdıblar. Arazdan keçəndə isə əmilərini su aparıb. Sağ qalanlar əvvəlcə Naxçıvan şəhərində uşaq evinə yerləşdirilib, daha sonra Kültəpə kəndinə köçüb burada məskən salıblar.

Həmsöhbətimiz bildirir ki, ev-eşiyindən didərgin salınan atası elə hey ulu babalarımızın “torpaq çəkir” ifadəsini xatırladar, ana yurdu Qərbi Azərbaycanda keçən çağlarını yada salarmış...

Qeyd edək ki, kəndin zəhmətkeş, əməksevər sakini kimi tanınan, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ-nin xalq deputatı seçilən Tərlan İmamverdiyeva SSRİ Ali Sovetinin deputatı olmaqla yanaşı, Naxçıvan vilayət və Babək rayon komsomol komitələrinin büro üzvü seçilib, “Qırmızı əmək bayrağı” ordeni, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə də təltif olunub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azad olunmasından böyük qürur hissi keçirdiyini deyən Tərlan xanım, tezliklə ata-baba yurdu Qərbi Azərbaycana dinc yolla qayıdacağına inanır. O, əmindir ki, yurd həsrəti tezliklə bitəcək və gec-tez ata-baba torpağını görə biləcək.

 





Sosial həyat