Hanı xan çinarların qara kölgəsi?

post-img

Bir azdan havalar lap istiləşəcək. Adətən, yay mövsümündə paytaxt sakinləri imkan tapan kimi şəhərdən rayonlara axışırlar. Əlbəttə, yaşıllığı, suyu bol olan rayonlar daha çox çəkir adamı. 

Əslində, biz ömrümüz  boyu yay fəsillərində 30–35 dərəcə isti görmüşük və bunu fəslin adi havası kimi qəbul etmişik. Bəs niyə indiki istilərdə nəfəsimiz çatışmır? Bax elə həmin məsələdən danışmaq  istəyirəm. 

Səbəb birdir: Bakıda oksigen, yaşıllıq çatışmır. Paytaxtımız ağacsızlaşıb. Bakının yaşıl ciyərləri iflic halındadır. Məhz, bu çatımazlıqlara görə, yay olanda bu böyük şəhərdə nəfəs almaq olmur. 

Bakıda çoxmərtəbəli hündür binalar inşa edilir. Məsələn, yan-yana üç dənə hündürmərtəbəli bina sakinlərinin sayına görə, təxminən, bir kənd deməkdir. Həmin binalar elə bir sıxlıqda tikilib ucaldılır ki, bəzən sakinlərin həyətə düşüb gəzməyə belə yeri, meydanı olmur. Halbuki o “kəndin” özünün yaşıllığı, parkı, uşaq bağçası, məktəbi, nə bilim, klinikası,  mağazaları olmalıdır. 

Təəssüf ki, göydələnlərlə əhatə olunmuş yeni Bakı fantastik filmlərdəki kosmik şəhərləri xatırladır. Uca-uca beton binaları yan-yana düzürük, lakin ətrafında lazım olan qədər ağac əkməyi unuduruq. 

Bəs, rayon, kənd yerlərində insan niyə ciyərdolusu nəfəs ala bilir? Çünki orada asfalt azdır, torpağın üstü açıqdır. Torpaq çəmənlərlə, ağaclarla, çaylarla nəfəs alar. Nəfəs alan torpaq diridir, yaşayandır, yaşadandır. Ancaq şəhərdə necədir? Asfaltlar, asfaltlar, asfaltlar... Sanki, torpağın ağzını beton qapaqla bağlamışıq. 

Şəhərimizdə torpaq rahat nəfəs ala bilmır. Bu qədər ağacsızlıqda yaxşı ki, yaşaya bilirik. Bəxtimiz onda gətirib ki, Bakı bir yandan hava verən, oksigen körükləyən dəniz kənarındadır. 

Təzə ağac əkmədiyimiz bir yana, yeni obyektlər, binalar tikmək istəyəndə, əvvəlcə onun ərazisini ağaclardan təmizləyirik. Çox görmüşük, çox eşitmişik ki, hansısa şirkət tikinti üçün hasara aldığı ərazidəki ağacları gecəykən məhv eləyib. Hələ bir vaxtlar ulu öndər ­Heydər Əliyev həmin fürsətcillərə xəbərdarlıq edərək belə bir aforizm işlətmişdi: “Bir ağac kəsən bilsin ki, sanki, mənim qolumu kəsir”. 

Nədənsə, müəyyən tikinti şirkətlərinin ağlına ağacları repressiyadan başqa fikir gəlmir. Ağac qırğınını sakinlərdən xəlvət tutmaq üçün tikinti obyektinin hasarlarını bacardıqca hündür quraşdıraraq gecənin birində ağacları qırırlar. 

Halbuki ağacları xilas etmək üçün ağacköçürən maşınlar var. Həmin maşınlar iri bıçaqlarını ağacın ətrafına dəyirmi formada batıraraq onu zədələmədən köklü-torpaqlı yerdən üzürlər. Yəni, həmin texnika ağacı köklü-torpaqlı götürərək dibçəkdən çıxarılmış gül kimi “ovcunda” aparıb istənilən yerdə dikəldib basdıra bilir. Sözügedən maşınların hələ 2016-cı ildə Bakıya gətirildiyi haqda məlumatlar var. Ancaq nədənsə bu texnikalardan istifadə etməyi unudublar. Ona görə şəhərimizdən yüzlərlə zeytun, çinar, palıd, şam ağacları yoxa çıxıb. 

Ağac əkməklə bağlı ciddi bir problem də var. Fikir vermisinizsə, hələ də paytaxtda və müxtəlif bölgələrdə ağacəkmə zamanı əsasən, şam ağaclarından istifadə edilir. Halbuki şam ağacları da Bakı və ətrafı kimi şoran torpaqlarda özlərini uzun müddət doğma diyarda hiss edə bilmirlər. Bu ənənə bizə sovetlər dönəmindən miras qalıb, ona görə bu qaydanı mütləq tərgitməliyik. 

Hələ çar Rusiyası dövründən bəri, Qafqazın, eləcə də Azərbaycanın ruslaşdırılması siyasəti yürüdülüb. Belə ki, tarixən Rusiyadan Azərbaycana rəhbərlər, məmurlar və müxtəlif sənaye obyektləri üçün işçi qüvvəsi adına rusəsilli insanlar göndərilib. Ölkəmizin paytaxtında və başqa bölgələrində yaşayan ruslara bu yerləri doğmalaşdırmaq üçün floranı dəyişmək məqsədilə hər yanda şam ağacları əkməyi planlaşdırıblar. Məqsəd, necə deyərlər, həm də təbiəti ruslaşdırmaq olub. Buna görə ölkəmizdə fəaliyyət göstərən sovxozların bəzilərində şam ağacı şitili yetişdirən tingçilik bölmələri də yaradılmışdı. 

Hazırda bizi buna heç kim məcbur etməsə də, şam ağacı tingləri yetişdirmə ənənəsi hələ də davam etməkdədir. Əlbəttə, ölkəmizin şoran torpaqlarında körpə şam ağacları özlərini pis hiss edir, böyüyüb özünə gələnə qədər ciddi qulluq istəyir. Fikir versəniz görərsiniz ki, yeni əkilmiş şam ağacları azacıq baxımsız qalan kimi quruyur.  

Halbuki öz çinarımız, palıdımız, dəmirqaramız, dağdağanımız, iydəmiz, söyüdümüz, tut ağacımız, zeytunumuz və onlarla növ meyvə ağaclarımız vətənimizin torpaqlarında sevinə-sevinə bitib boy atırlar. Ona görə də özümüzün uca boylu, bol oksigenli çinarlarımızı daha çox əkib çoxaltmalıyıq. 

Murad KÖHNƏQALA, 
şair-publisist

 

Sosial həyat