Armudu stəkanda çay...

post-img

21 May Beynəlxalq Çay Günüdür

Çox vaxt tanışlıq, münasibət və ünsiyyət, hətta uzun illərin dostluğu bu dəvətdən, bir stəkan çaydan başlanır. Bəzən adi məişət ritualı təsiri bağışlayan bir stəkan çay ən xoş təmas və münasibətin başlanğıcına çevrilir.

Mayın 21-də qeyd olunan Beynəlxalq Çay Günü süfrələrimizin ən çox sevilən, ilin istənilən fəslində və günün hər vaxtı qəbul edilən içkisi haqqında söhbət aç­maq təsadüfi deyil: təqvimin bir günü də hər gün içdiyimiz çaya ayrılıb.

Yayın qorabişirən istisində ürəyimiz yananda çətin ki, ayran, atlama, limonad, kola, fanta içib sərinləyəsən. Ya gərək su, ya da gərək çay içəsən.

Hansısa ziyafət, qonaqlıq, məclis, ləziz yemək süfrəsi olursa-olsun, mütləq onun sonu çay süfrəsi ilə yekunlaşmalı­dır. Çayla yekunlaşmayan süfrə bir növ natamam olur. Hətta xalqımızın uzun il­lərdən gələn belə bir ənənəsi də var: qız evinə elçi gedəndə və razılıq alınanda mütləq şirin çay içilməlidir. Bu, gənclərin izdivacına xeyir-dua vermək əlaməti sa­yılır.

Çayın sağlamlıq üçün faydasını da qeyd etmək lazımdır, xüsusilə mövsümü soyuqdəymələr zamanı onun qəbulu çox xeyirlidir. Ağır və yağlı yeməklərdən 1 saat sonra qəbul olunması həzm prose­sini asanlaşdırır. Ona rəng verən birləş­mələr damar çəpərlərini gücləndirir, be­yin də daxil olmaqla bütün orqanlarda hər cür qanaxma riskini azaldır. Çay içilməsi qan dövranını yaxşılaşdırır, diş minasını möhkəmləndirir, bədəni zərərli maddələr­dən təmizləyərək böyrəklərin daha yaxşı işləməsini təmin edir.

Çay könlümüzə rahatlıq və dinclik gə­tirən içki olmaqla yanaşı, həm də mədə­niyyət nişanəsidir. Heç bir məclisi - rəs­mi danışıq tədbirindən tutmuş adi dost süfrəsinə qədər onsuz təsəvvür etmək olmaz. Görünür, elə buna görə də onun şəninə söz, şeir qoşublar, mahnı bəstələ­yiblər. İllərdir ki, belə mahnılardan biri ça­yın özü kimi ürəklərə sərinlik çiləyir:

Armudu stəkanda çay,

Ürəyimiz yananda çay...

Hətta belə bir ifadə də var: Çayın biri qaydadı, ikisi cana faydadı, çıxdın beşə, vur on beşə.

Armudu stəkanda buğlanan pürrəngi çay...

Həm ətirlidir, həm də dadlı...

Süleyman QARADAĞLI

Sosial həyat