Əcnəbi göydə avtomobillə uçur...

post-img

Çinin “Xpeng Motors” şirkəti 2025-ci ilin dördüncü rübündə “Aeroht” uçan av­tomobilinin kütləvi istehsalına başlamağı planlaşdırır. Bu barədə chinadaily.com.cn məlumat yayıb.

Qeyd olunur ki, uçan avtomobillər yalnız uçuşa yararlılıq icazələri, eləcə də milli tənzimləyici orqanlar və məhsul təh­lükəsizliyi agentliklərindən sertifikat və təsdiq alındıqdan sonra satılacaq.

“Aeroht” səkkiz pər və dörd elektrik mühərrikindən istifadə etməklə onlarla metr havaya qalxa bilir. Elektriklə işləyən avtomobilin vaxtının çox hissəsini yerdə keçirəcəyi, yalnız yol maneələrini və ya tıxacları aradan qaldırmaq üçün səmaya qalxacağı gözlənilir. Startapın yaradıcısı Zhao Deli hesab edir ki, onun şirkətinin yolundakı ən mühüm problem texnoloji problemlər deyil, tənzimləyicilərin məh­dudiyyətləridir, çünki belə avtomobilin sahibinə təkcə sürücülük vəsiqəsi deyil, həm də pilot vəsiqəsi lazım ola bilər.

Bundan əvvəl Yaponiyanın “Suzuki” və “Skydrive” şirkətlərinin uçan avtomobil istehsalına başladığı məlum olub. “Skyd­rive” (SD-05) modeli pilot da daxil olmaq­la üç nəfərə qədər daşımaq üçün nəzər­də tutulub. O, 12 elektrik mühərriki ilə təchiz olunub və şaquli qalxma və enmə qabiliyyətinə malikdir. Uçan avtomobi­lin maksimal sürəti saatda 100 kilometr, uçuş məsafəsi isə 15 kilometr olacaq. 

Uçan avtomobil 2026-cı ildə satışa çıxarılacaq. Bundan əvvəl avtomobil ser­tifikatlaşdırma və digər zəruri prosedur­lardan keçməlidir. 

S.ELAY
XQ

Dünya