Teatr həyatı anladan oyundur

post-img

Əməkdar artist Ayşad Məmmədovla oynayacağı yeni obrazın məşqlə­rinə başlamazdan bir gün əvvəl görüşdük. Bizə dedi ki, sabahdan heç kimlə görüşməyəcəm, söhbət etməyəcəm, çünki çox məsuliyyətli bir obraza imza atmağa hazırlaşıram. 

Bu, hansı əsər, hansı obrazdır ki, aktyor onun məşqlərinə başlayanda özünü ətrafdan təcrid etməyi lazım bilir? Bu barədə sonda söhbət aça­cağıq. Hələlik isə, onun yaradıcılıq qalereyasına “səyahətimizə” yolun əvvəlindən başlayırıq. 

– Ayşad müəllim, Nəsir Sadıq­zadə və Vaqif Abbasov kimi ustad­lardan dərs almış, Hüseynağa Ata­kişiyevin teatrında püxtələşmiş və bu gün ölkənin baş səhnəsi olan Akademik Milli Dram Teatrında iş­ləyən aktyor üçün sənət meydanı hansı imkanları açıb?

– Akademik Milli Dram Teatrı mə­nim üçün müqəddəs məkandır. Çünki uşaqlıqdan atam məni o teatrın bütün tamaşalarına aparıb. Altı yaşımdan teatrın tamaşaçısı olmuşam. Atam Kamal Məmmədov Tofiq Kazımovla bir yerdə oxuyublar, dost idilər. To­fiq müəllim onu bütün premyeralara dəvət edirdi və teatrda öz lojasında oturdurdu – sağdan birinci lojada. 

Tofiq müəllim atamın sənət zövqünə inanırdı. Atam sənəti həm yaxşı bilirdi, həm də ona çox bağlı idi. Ailə quranda anam atamın qarşı­sında şərt qoyub ki, aktyorluğu atma­san, səninlə evlənmərəm. Atam da anamı çox sevdiyindən onunla evlə­nib, sənətdən uzaqlaşıb, bir müddət kinoprokatda işləyib. Həsən Seyid­bəyli filmlərinin premyeralarını ata­ma görə Mərdəkan klubunda (atası sonralar Mərdəkan klubunun müdiri işləyib) təşkil edirdi. 

İsrafil İsrafilov məni Milli Dram Teatrna dəvət edəndə sevindiyimdən qəhərləndim. Bu sənət məbədinin divarları arasında çox böyük sənət­karlar çalışıb. Onların enerjiləri hə­min ocağa hopub. Gənc nəsil bunun fərqində deyil, amma mənim üçün çox önəmli məqamdır. Uşaqlıqdan qəlbimdə Akademik Milli Dram Teat­rının möhürü var. 

– Belə bir yolu davam etdirmək asan olmadığı kimi, həm də məsu­liyyətlidir. 

– Əlbəttə. Bir məqamı da deyim, Hüseynağa Atakişiyev rəhmətə get­məsəydi, Dövlət Gənclər Teatrında qalsaydı, yəqin ki, mən bura gəl­məzdim. Milli Dram Teatrı zirvə idisə, Gənclər Teatrı öz evim idi. 

– Hüseynağa Atakişiyev Şəki Dram Teatrında işləyəndə siz uni­versitetdən təyinatla həmin teatra getdiniz. Bu hekayəti öz dilinizdən eşidək. 

– Üçüncü kursda oxuyanda Şəki Teatrında Hüseynağa müəllimin ha­zırladığı tamaşalara baxmışdım, çox xoşuma gəlmişdi. Hətta hey­rətlənmişdim və düşünmüşdüm ki, mən hökmən bu teatrda işləyəcəm. Hüseynağa müəllim Rəhman Əliza­dənin “Kəndimizin nağılları” əsərini tamaşaya qoymuşdu. Ona dedim ki, mən də sizinlə premyeraya getmək istəyirəm. Dəvət elədi, birlikdə getdik. Tamaşadan sonra Hüseynağa Ataki­şiyevlə görüşəndə dedim ki, mən bu teatrda işləmək arzusundayam. Dedi ki, buyur, gözüm üstdə yerin var. Odur ki, təyinat veriləndə israrla Şəki Teatrına getmək istədiyimi bildirdim. Ələkbər Hüseynovla birlikdə bizi gön­dərdilər Şəki Dövlət Dram Teatrına. 

– Şəki Dram Teatrı o vaxt xarici festivallarda iştirak edir, uğur qa­zanırdı. İrəvandakı teatr festivalına da getmişdi...

– Bəli, 1984-cü ildə İrəvanın Sun­dukyan Teatrında Beynəlxalq Şekspir Festivalı keçirilirdi. Dünyanın çox ye­rindən böyük teatrlar gəlmişdi, Mixail Ulyanov kimi dahi sənətkarı Şekspir qəhrəmanlarının obrazında izləyirdik. Biz festivala “Romeo və Cülyetta” ta­maşası ilə qatılmışdıq. Romeonu mən, Cülyettanı Zemfira Abdullayeva oyna­yırdı. Tamaşa çox uğurla qarşılandı, xarici ölkələrin aktyorları tamaşamızı çox bəyəndilər. Amma ermənilər bun­dan qıcıqlandılar və başladılar bizə sa­taşmağa. Hüseynağa müəllim tapşırdı ki, nə eləyirlərsə, eləsinlər, reaksiya verməyin... Orada maraqlı hadisə də olmuşdu. Son səhnədə Romeo zəhər içir axı, gördüm ki, şüşədəki həqiqətən zəhər dadır. Səhnəni oynadım, zəhəri “içib” yıxıldım yerə. Dilimin altında sax­ladığım “zəhəri” ağzımın küncündən yavaşca axıtdım. Sonra öytrəndim ki, şüşəni “səhv” salıb, mənə kamfora yağı veriblər. 

–Şəki Teatrından sonra Hüsey­nağa müəllimin özülünü qoyduğu Dövlət Gənclər Teatrında işlədiniz. Yəni ustad harda, siz də orda?

– Hüseynağa müəllim Gənclər Teatrını artıq yaratmışdı, Həsən Əb­luç orada “Aydın” tamaşasını hazır­layırdı. Ustad zəng elədi ki, Ayşad, bura gəl! 

– Çox obrazlarınız olub, amma razılaşın ki, tamaşaçı yaddaşında “Bəxt üzüyü”ndəki Hüseyn kimi qalmısınız. Hüseynin uğuru nədə oldu?

– Vaqif Səmədoğlu ilə dost idik, əsərlərinin ilk oxucularından olmu­şam. Özü bağışlayırdı. Onun əsərlə­rinin ruhunu duyurdum. “Yayda qar­topu oyunu”nda rol almışdım. Sonra Hüseynağa müəllimin Şəki Teatrında hazırladığı “Bəxt üzüyü”ndə Rasimi mən, rəhmətlik Fərman isə Hüseyni oynadı. Möhtəşəm oynayırdı. Ramiz Əzizbəyli “Bəxt üzüyü” filmində Hü­seyn rolunu mənə həvalə edəndə de­dim onu Fərman oynamalıdır. Ramiz müəllim dedi ki, mən Hüseyn kimi səni görürəm. Tamaşadan Hüseyn obrazını əzbər bilirdim, onun ağrıları­nı yaşamışdım. Kinoya çəkiləndə Hü­seyn artıq mənimçün doğma idi. Elə uğuru da bundadır. Hüseyn xarakteri içimdə zamanla bişmişdi, hazır idi. 

– “Bəxt üzüyü”ndən sonra ki­noya az çəkildiniz...

– Çəkildim, amma daha Hüseyn olmadı. “Əli və Nino” filmində Əlinin atasını oynadım. Fərqli rol idi.

– Bəs uğurlu hesab etdiyiniz başqa rolunuz hansıdır?

– Anarın “Yaxşı padşahın nağı­lı”nda Padşah, “Almaz”da Ocaqqu­lu, “Ölülər”də İsgəndər. Elə rollar az olur. Akademik Dram Teatrda oynadı­ğım ilk rol “Lənkəran xanının vəziri” tamaşasında şairlərdən biri oldu. O da maraqlı idi, rəhmətlik Vaqif İbrahi­moğlu fərqli quruluş vermişdi. 

İndi Hüseyn Cavidin “İblis”ini ha­zırlayırıq. Cavid çox sevdiyim dra­maturqdur, ən çox sevdiyim əsəri elə “İblis”dir. Böyük bir məsuliyyətin altına girmişəm, həm də qorxuram. İblis olmaq, İblisin varlığına qapılmaq dəhşətli gəlir mənə. Hələ məşqlər başlamazdan əvvəl mətni oxuyanda həyat yoldaşım deyirdi ki, deyəsən, yavaş-yavaş İblisə dönürsən. Qadın­lar yaxşı başa düşürlər belə şeyləri.

– Bir halda ki, iblisləşmədən danışdıq. Bayaq sənət söhbətləri deyəndə elə bunu nəzərdə tutmuş­duq. Aktyor var, deyir mən obrazı oynayıram, digəri deyir ki, yaradı­ram. Obraza “daxil oluram” deyən də var. Sizdə necədir?

– Oynayıram. Teatr həyatı anla­dan oyundur. Yaratmaq Allaha, Tan­rıya xasdır. Şekspir də oyun deyirdi. Sadəcə, oyunu düzgün qurmaq la­zımdır. 

– Səhnə obrazlarınızın əksəriy­yətində monoloq var. Bəs Ayşad Məmmədov öz monoloqunda nə deyər?

– Monoloq “İblis”də də var. Mə­nim monoloqum, yəqin, sakit və qısa olacaq, gözlərimi yumub deyəcəm: ölüm son monoloqdur.

Söhbətləşdi:
Ramilə QURBANLI
XQ

Müsahibə