İranda prezident seçkiləri iyunun 28-də keçiriləcək

post-img

İran hökuməti ölkədə 14-cü prezident seçkilərinin iyunun 28-də keçirilməsi barədə qərar qəbul edib.

AZƏRTAC IRNA agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın Konstitusiya Şurası və Daxili İşlər Nazirliyi məlumat yayıb.

Seçkilərin tarixi hazırda prezidentin səlahiyyətlərini icra edən birinci vitse-prezidenti Məhəmməd Moxber, məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhseni-Ejei və parlamentin spikeri Məhəmməd Baqer Qalibaf, eləcə də prezidentin hüquqi məsələlər üzrə müavini Məhəmməd Dehqan və digər nümayəndələrin iştirak etdiyi iclasda müəyyən edilib.

İclas zamanı iştirakçılar, həmçinin icraedici heyətlərin formalaşdırılması, prezidentliyə namizədlərin qeydiyyatı və seçki kampaniyalarının başlanması da daxil olmaqla, seçki prosesləri üçün qrafiki müəyyənləşdiriblər.

Təqvimə əsasən, qeydiyyat mayın 30-dan iyunun 3-dək davam edəcək, namizədlər iyunun 12-dən 27-dək seçkiqabağı təşviqat apara biləcəklər.

IRNA-nın məlumatına görə, Konstitusiya Şurası ilkin olaraq qrafikə razılıq verib.

Dünya