1967-ci ilin unudulmaz Növruz təntənəsi

post-img

O, el arasında Novruza “pasport” və yaxud “bəraət” alan milli ziyalı kimi tanındı. 1967-ci ildə qədim el bayramının təntənə ilə qeyd olunmasına rəhbərlik etdikdən sonra cəmi 2 ay yaşadı.  

Söhbət dövrünün böyük alimi, ictimai və dövlət xadimi Şıxəli Qurbanovdan gedir. Xalqının təəssübkeşi kimi, onun min illərin tarixindən süzülüb gələn, milli mənsubluğumuzun, mənəvi dəyərlərimizin nişanəsi olan Novruzun ümumxalq şənliyinə çevrilməsi üçün onun göstərdiyi cəhdlər yaddaşlara yazılıb. Milli ruhumuza hakim kəsilmiş bu bayramı qatı kommunist diktaturası şəraitində Azərbaycanda təntənə ilə keçirməyə nail olmaq onu az qala milli qəhrəmana çevirdi.  

Şıxəli Qurbanovun 1967-ci ildə təşkilatçılığı ilə ilk dəfə Azərbaycanda Novruz ümumxalq bayramı səviyyəsində təşkil edildi. İnsanlar həmin gün xalqımızın ürəyinin Novruzla döyündüyünü hiss etdilər. 

O günün şahidlərindən biri - Yasamal Rayon, Müharibə, Əmək və Silalı Qüvvələr Veteranları Təşkilatının sədri, “Tərəqqi” medallı Vaqif Məmmədov 1967-ci ildə baharın gəlişinin özü ilə sanki isti külək gətirdiyini, hamını bir ürəkdə birləşdirdiyini qeyd etdi: 

-Həmin gün ürəyimizdə qəribə bir hiss hökm sürürdü. Şəhər, insanlar elə bil bir anda doğmalaşmışdı. Yad insanlar belə bir-biri ilə salamlaşır, hal-əhval tuturdular. Könüllü gənclər hamıya qayğı göstərir, bayram sovqatı paylanılır, kimsəsizlərə əl tutulurdu. Qəribə bir təntənə idi. Hər yerdə, hamı həyatında yenilik etməyi, pislikləri unudub, yaxşılıqları özü ilə gələcəyə daşımağı düşünürdü. Yeni ruh, yeni düşüncələr qəlblərə hakim kəsilirdi. Gecənin qaranlığını yaran bayram tonqalları insanların gözlərində bir dünya işıq yandırmışdı. Həmin gün bir sıra unudulmuş və qadağan olunmuş milli oyunların keçirilməsi milli yaddaşın diriliyindən xəbər verirdi. İnsanları bir gündə dəyişdirən bu bayramın nə qədər müqəddəs olduğunu bütün varlığımızla anlayırdıq. 

Əlavə edək ki, Azərbaycanın bütün bölgələrində, xüsusən Bakıda – Qız Qalasının ətrafında, mərkəzi küçələrdə böyük xalq şənlikləri keçirilirdi. Bir-biri ilə bayramlaşan insan selinin ardı-arası kəsilmirdi. Ölkəmiz böyük bayram meydançasına çevrilmişdi. “Yaz – Novruz Bayramınız mübarək!” sözləri qeyd edilmiş vərəqələrin vertolyotlar vasitəsilə şəhər, kəndlərimizin üzərindən səpələnməsi, Bahar qızın hər yanda izdihamla, gül-çiçəklə qarşılanması bayram ovqatına həyəcanlı anlar bəxş edirdi. Novruz bayramına Azərbaycan mətbuatının da dövlət səviyyəsində diqqət yetirməsi onun şöhrətini daha da artırırdı. Şıxəli Qurbanovun Novruzu bu qədər milliliklə təşkil etməsi xalqımızda məmnunluq yaratmışdı.  

Təbii ki, böyük səs-küyə səbəb olan milli təntənə müəyyən dairələrin xoşuna gəlmədiyindən Novruz sosializmə zidd olan adət-ənənə qalığı kimi qələmə verildi. Şıxəli Qurbanov dini bayrama milli don geyindirməkdə, sovet rejiminin tələblərinə etinasızlıqda günahlandırılırdı. Xalqın böyük rəğbət və məhəbbətini  qazanan Şıxəli Qurbanov Azərbaycanın milli əqidəsi uğrunda ömrünün sonuna qədər mübarizə apardığı üçün dəfələrlə sui-qəsdlə üzləşmişdi. 

Veteran soydaşımız həmin il Şıxəli Qurbanovun böyük səyi, zəhməti ilə ərsəyə gətirdiyi Novruz bayramının ürəklərdə çox dərin iz qoyduğunu xatırlayır. Deyir ki, onsuz da bu bayram heç zaman yaddan çıxmamışdı. Amma 1967-ci ildə onun böyük təntənə ilə respublika qeyd edilməsi insanların milli ənənələrimiz, dəyərlərimiz uğrunda mübarizə aparması üçün yeni motivasiya oldu. Ondan sonrakı illər Novruz dövlət səviyyəsində, əvvəlki təntənə ilə qeyd edilməsə də, insanlar bacardıqca onu qorumağa çalışdılar.

“Bu günlər müstəqil Azərbaycan xalqı azad şəkildə öz əziz bayramı Novruzu böyük təntənə ilə qeyd edir. Bu, müstəqilliyimizin bizə verdiyi böyük nemətdir. Yasamal rayonunda da Novruz bayramının təntənə ilə keçirilməsi üçün tədbirlər davam edir”, – deyə o vurğulayır. 

Bu gün tarixi min illərə gedib çıxan Novruz kimi ən qədim bir bayramımızın olması ilə qürur duyarkən onun uğrunda canını belə fəda etməyə hazır olan xalqımızın təəssübkeş, vətənpərvər oğullarının, qızlarının xatirəsini böyük ehtiramla anırıq. 

Leyla QURBANOVA

XQ



Sosial həyat