Xudafərin qəsəbəsi şanlı qələbəmizə layiq dirçəldilir

post-img

İşğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın milli prioritetidir. Ermənilərin tamamilə dağıtdığı Ağdam, Füzuli, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı və Kəlbəcər rayonlarında yaşayış məntəqələri yenidən qurulur. Artıq bəzi şəhər və kəndlərdə ilk yaşayış məhəllələrinin tikinti işləri başa çatıb. Bu, Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışına imkan verib. 

İndiyədək Füzuli şəhərində 500 ailə­nin (1854 nəfər), Laçın şəhərində isə 408 ailənin (1555 nəfər) daimi məskunlaşması təmin edilib. Laçın rayonunun Zabux kən­dinə 203 ailə (783 nəfər), Böyük Qayıdı­şın başlandığı ilk kəndə – Zəngilan rayo­nunun Ağalı kəndinə 175 ailə (871 nəfər) köçüb. Ağdərə rayonunun Talış kəndində isə 20-dən artıq ailənin (90 nəfər) normal həyatı təmin edilib. Bu ailələrin hamısı dövlət qayğısı ilə əhatə olunub. 2024-cü ildə isə Ağdam və Cəbrayıl şəhərlərinə köç başlayacaq. 

Növbəti illərdə keçmiş məcburi köç­künlərin doğma yurda qayıdışları daha da intensivləşəcək. Çünki azad olunmuş əra­zilərin yaşayış məntəqələrində bərpa-qu­ruculuq işləri sistemli və surətli şəkildə da­vam edir. Bu yaşayış məntəqələrindən biri də Cəbrayıl rayonunun Xudafərin qəsəbə­sidir. Onun təməlinin qoyulmasında Prezi­dent İlham Əliyev iştirak edib. 

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, qəsəbənin layihələn­dirilən ümumi ərazisi 25 hektardır. Baş plana əsasən, burada 149 evin tikilməsi nəzərdə tutulur. Birinci mərhələdə 20 ev tikilərək istifadəyə veriləcək və bu evlərdə 77 sakin məskunlaşdırılacaq. 

Bu gün qəsəbədə tikinti işləri sürətlə davam edir. Yaşayış məskəninin konsep­tual həllində “dayanıqlı kənd”, “yaşıl ener­ji” və “dayanıqlı nəqliyyat” yanaşmaları əsas götürülüb.

“Dayanıqlı kənd” yanaşmasına uyğun olaraq qəsəbədə torpaqların məhsuldarlı­ğının ardıcıl yüksəlməsinin təmin edilməsi ön planda dayanır. Bu yanaşma mövcud torpaq və su resurslarını, o cümlədən bi­oloji müxtəlifliyi qorumaq və iqlim dəyişik­liyinə cavab vermək üçün təbii ehtiyatlar­dan daha səmərəli şəkildə istifadə etməyə imkan verir. Bu barədə iqtisadçı Vüsalə Babayeva bildirib ki, torpaqların idarə edil­məsi sahəsində informasiya təminatının müasir texnologiyalar və yanaşmalar isti­fadə edilməklə qurulması torpaq münbit­liyinin artırılması, mühafizə və bərpasında önəmli rol oynayır. 

Beləliklə, qəsəbənin ətrafında “Da­yanıqlı kənd” təsərrüfatı sahəsi yaradılır. Təsərrüfatda müasir informasiya və kom­munikasiya texnologiyalarından istifadə olunacaq. 

Vüsalə Babayeva daha sonra de­yib: “Əkin sahələrinin koordinatlarının və sahədə hansı məhsulun əkilməsinin müəyyənləşməsi innovativ metod və üsul­lardan istifadə edilməklə həyata keçirilir. İnformasiya Sistemində fermerlərin hə­yata keçirdikləri biznes fəaliyyətlərinin və kənd təsərrüfatı məhsullarının istehsalının ilkin mərhələsindən son mərhələsinə qə­dər bütün proseslər öz əksini tapır. Eyni zamanda, bu sistem bir çox hədəflərə nail olmağa imkan yaradır. Məsələn, sahələ­rin dərmanlanması dronlar vasitəsilə həyata keçirilir, məhsul yığımı kompüter­ləşdirilmiş texnikalar vasitəsilə aparılır, su resurslarından qənaətlə istifadə üçün müasir suvarma sistemlərindən istifadə olunur. Təsərrüfat sahələrinin bütün kritik nöqtələrində quraşdırılmış sensorlar tor­paq şəraiti, hava və s. haqqında məlumat toplayaraq mərkəzə ötürür. Toplanan mə­lumatlar sistem tərəfindən təhlil edilərək izlənilən obyektin və ya prosesin vəziyyəti barədə nəticələr çıxarır. Ən əsası bütün bu proseslər bir mərkəzdən idarə edilir. Bu, fermerlərin daha düzgün qərarlar qə­bul etməsinə, dəqiq idarəçilik, resursların qənaətli istifadəsinə imkan verir. Xudafə­rin qəsəbəsində bu innovativ metodlardan istifadə ediləcək. 

Texnoloji yeniliklər əsasında “dayanıq­lı kənd” konsepsiyasının reallaşdırılması qəsəbədə mövcud əkinçilik sistemlərinin struktur zəifliklərini aradan qaldırmağa, məhsuldarlığı artırmağa, xərcləri optimal­laşdırmağa, rəqabətçi və davamlı nəti­cələr əldə etməyə imkan verəcək. 

“Dayanıqlı kənd” konsepsiyasına uy­ğun qəsəbədə sosial obyektlər tikilir. Mək­təb, uşaq bağçası, inzibati bina, məscid, bazar, çoxfunksiyalı bina (ticarət müəs­sisələri, tikinti materiallarının satış zonası, ictimai qida müəssisələri və s.), mədəniy­yət evi, “Karvansaray” hotel və icma evi də yaradılacaq. 

“Dayanıqlı kənd” yanaşmasının əsas məqsədlərdən biri də ərazinin abadlaşdı­rılması, mövcud yaşıllıqların qorunması və yaşıllaşdırılmasıdır. Layihədə ərazinin küçə-yol şəbəkəsi, mühəndis hazırlığı, mühəndis-kommunikasiya təminatı şə­bəkəsi və ərazinin yaşıllaşdırılması həlli öz əksini tapıb. Bundan başqa, Araz ça­yının sahilində və Xudafərin körpüsünün yaxınlığında parkın salınması da nəzərdə tutulub.

Qəsəbənin tikintisində həm də “da­yanıqlı nəqliyyat” yanaşmaları əsas gö­türülüb. Bəs, “dayanıqlı nəqliyyat” nədir? Bura qənaətcil, mühitin qorunmasına və sağlam həyat tərzinin təbliğini şərtləndirən piyada və velosipedlə hərəkət, ekoloji av­tomobillər, tranzit yönümlü layihələndirmə aiddir. “Dayanıqlı nəqliyyat” sistemləri xid­mət etdikləri cəmiyyətin ekoloji, sosial və iqtisadi dayanıqlığına pozitiv töhfə verirlər. Buna uyğun Xudafərin qəsəbəsində küçə-yol şəbəkəsinin formalaşması xüsusi yer tutur. Planda qəsəbənin küçə-yol şə­bəkəsi məhəllə və kompleksləri ərazinin müxtəlif funksional zonaları (müxtəlif təyi­natlı ictimai zonalar, mərkəzlər, istehsalat sahələri, istirahət və əyləncə mərkəzləri) ilə əlaqələndirir. Nəqliyyat vasitələrinin və piyadaların rahat hərəkətini təmin edilir. Belə ki, nəqliyyat vasitələrinin hərəkəti üçün 2 zolaqlı avtomobil yolları, velosiped yolları və səkilər nəzərdə tutulur. Bütün küçələrin profillərinə uyğun abadlaşdırıl­ması, binaların yaxınlığında və həyətlərin­də tələb olunan yerüstü avtomobil daya­nacaqları üçün meydançalar olacaq.

Eyni zamanda, layihədə Xudafərin qəsəbəsində “yaşıl enerji”dən istifadə nəzərdə tutulub. Qəsəbənin ərazisində bərpaolunan enerji növləri istehsal etmək üçün böyük potensial var. Əsasən günəş panellərindən istifadə ediləcək. İnzibati və digər binaların damlarına günəş panelləri quraşdırılacaq.

Göründüyü kimi, azad edilmiş ərazilə­rin bərpası yalnız evlərin tikintisi ilə məh­dudlaşmır. Bu gün Qarabağ və Şərqi Zən­gəzurda həm də müasir texnologiyalar əsasında infrastrukturlar yenidən qurulur, sosial obyektlər tikilir, “yaşıl enerji”dən is­tifadə genişlənir, aqrar sektorda innovativ metod və üsullardan istifadə edilir. 

Pünhan ƏFƏNDİYEV
XQ

Bakı–Cəbrayıl–Bakı

Sosial həyat