Fransada bu dəfə taksi sürücüləri...

post-img

Yeni mitinq dalğası

Fransada taksi sürücüləri də etirazlarını ifadə etmək üçün yanvarın 29-dan etibarən ölkənin bir sıra şəhərlərində “ilbiz” (escargot) əməliyyatına (nəqliyyatın hərəkətinə mane olmaq, uzun tıxaclar yaratmaq) başlayacaqlarını bildiriblər. 

Yerli mətbuat xəbər verir ki, taksi sürücüləri peşələri və Tibbi Sığorta Milli Fondu arasında tibbi nəqliyyatla bağlı sa­zişin geri götürülməsini tələb edirlər. Fevralın 1-də qüvvəyə minməli olan bu sazişin təfərrüatı hələ məlum deyil, lakin o, pasiyentlərin nəqliyyat xərclərini ödəmək üçün qiymətləri əhəmiyyətli dərəcədə dəyişdirir.

Bildirilir ki, Bordo dairəvi yolunda 500-dən 800-dək tak­sinin toplaşması gözlənilir. Onlara Jirond, Şarant-Maritim, Land, Lo-e–Qaron, Yuxarı Priney, Pireney və Atlantik şəhər­lərindən olan həmkarları da qoşulacaq. Aksiyadan sonra tak­silər şəhərlərin mərkəzində Prefekturanın qarşısında topla­şacaq. Tuluzada taksilər səhər saat 06:00-dan Blanyak hava limanına gedən yolu blokadaya almaq üçün səfərbər edilib. 

Ölkənin 20-dən çox şəhərində taksilər hava limanlarına, eləcə də dəmir yolu vağzallarına gedən yolları blokadaya alıblar. Lion, Marsel, Nitsa, Monpelye, Tulon, Möz kimi bir çox şəhərlərdə bu gün səhərdən “ilbiz” əməliyyatlarına görə nəqliyyatın hərəkətində problemlər yaranıb. Ölkə ərazisin­dən keçən A7, A55, A50 kimi magistral avtomobil yolları blo­kadaya alınıb.

XQ

Dünya