Kərki Naxçıvanın ayrılmaz hissəsidir

post-img

Kərki kəndi Sədərəkdən 8–10 kilometr məsafədə yerləşir. 960 hektara yaxın ərazisi var. “O tay”, “Sulu zağa”, “Bəzirxana”, “Köhnə Kərki”, “Dəlik daş”, “Sənəm zağası”, “Gavurqala”, “Cəhənnəm dərə”, “Şırran”, “Qızıl daş”, “Qurdbaba”, “Alma yokkuşu”, “Qırmızı güney”, “Şurut bulağı” kimi toponimlərin mövcudluğu Kərkinin qədim türk yurdu olduğunu qəti surətdə sübut edir. 

Kərki kəndi ötən əsrin 90-cı illərin­də ermənilərin işğalçılıq siyasətinin ilk hədəfi idi. Kərkinin işğalı Bakıda­kı 20 Yanvar faciəsinin, ermənilərin Naxçıvanın alınmaz qalası Sədərəyə silahlı basqınlarının, dəhşətli Xocalı faciəsinin, işğal olunan rayonlarımı­zın acı taleyinin başlanğıcı oldu. Bu həmin vaxtlar idi ki, erməni şovinist­ləri ilə münasibət gərginləşib pik sə­viyyəyə çatmışdı.

Mənfur ermənilər Sədərəkdən Kərkiyə gedən avtomobil yolunu kəsdiyindən gecələr Sədərəkdən Kərkiyə yük maşını ilə, bəzən də pi­yada 30-40 könüllü müdafiəçi gedir, gecəni səhərədək kərkililərlə birlik­də kəndin keşiyini çəkirdilər. Sonra­lar həmin könüllülərə Şərurdan və Naxçıvandan gələnlər də qoşuldular. Ancaq çox keçmədi ki, Kərki ilə Sə­dərək arasında əlaqə tamam kəsildi, Kərkinin müdafiəçilərinə ərzaq və silah-sursat çatdırmaq da problemə çevrildi. Lakin bu kəndin müdafiə­çiləri qəhrəmanlıqla vuruşub son ana qədər düşmənə ciddi müqavimət göstərdilər. 

Kərkinin işğalı, sadəcə, son ilərin planı deyildi. Tarixə nəzər salanda görürük ki, ermənilər zaman-zaman öz məkrləri ilə Azərbaycanın bir sıra torpaqlarını ələ keçirmişlər. Belə fak­ta Zaqafqaziya SFSR MİK Rəyasət heyətinin 18 fevral 1929-cu il tarixli qərarında da rast gəlirik. Əsassız bir qərarla Azərbaycanın Naxçıvan MSSR ərazisindən 657 kvadratkilo­metr və ya 65,7 min hektar torpaq sahəsi Ermənistana verilmişdir. 9 kəndin (Kərçivan, Qurdqulaq, Gora­diz, Ağbin, Ağxəç, Almalı, Sultanbəy, İtqıran və Kilit kəndinin bir hissəsi) Ermənistan ərazisinə qatılması yerli əhali tərəfindən etirazla qarşılansa da, nəticəsi olmamışdır. Azərbaycan­lı əhali zaman-zaman həmin əraziləri tərk etmiş və bu torpaqlar saxta yolla Ermənistan ərazisinə çevrilmişdir.

Kərki kəndinin taleyi də fərq­li olmamışdır. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 5 may 1938-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin ət­rafındakı torpaqların da xeyli hissəsi Ermənistana verilmişdir. Beləliklə, kənd Azərbaycandan (Naxçıvan MR ərazisindən) tam təcrid olunaraq ada şəklinə düşmüşdür.

Yerli əhali arasında narazılıqla­rın yaranmasının qarşısını almaq, həmçinin sakinlərin hamısının azər­baycanlı olması nəzərə alınaraq Azərbaycan Mərkəzi İcraiyyə Ko­mitəsində yerləşmiş ermənilər təkcə Kərki kəndinin yerləşdiyi çox kiçik bir ərazini Azərbaycanın tərkibində sax­lamaqla kənd ətrafındakı 900 hektar­dan artıq bir ərazini saxta sənədlərlə rəsmiləşdirmişdilər. Sədərəklə Kər­kini dağ yolu birləşdirdiyindən ermə­nilərin növbəti hiyləsi Kərki ərazisin­dən yol salmaq olmuşdur. 

Əslən Sədrəkdən olan mərhum tarixçi alim Vaqif Məmmədov “Kər­kinin taleyi” adlı kitabında ermənilə­rin məkrli niyyətinidən söz açaraq bildirmişdi: “Əsas məqsəd Sisyan–Cermuk yoluna kəsə yol qazan­maq olursa, digər tərəfdən Kərkini tədricən yerli əhalidən təmizləmək, “Kərkinin düzü” adlı sahəni ələ ke­çirmək və Kərki ilə Sədərək arasın­da əlaqələri kəsmək olur. Beləliklə, Arazdəyən-Cermuk şosesi Kərkinin düzü adlanan ərazidən salınır”. Kərki Sədərək üçün böyük dayaq sayılırdı. Sədərəkdən yaylağa gedən 40-dan artıq obanın adamlarının, sürüsünün yolu Kərkidən, Kərkinin düzündən keçərdi. 

60-cı illərin əvvəllərində İrəvan­dakı Eçmiədzin kilsəsinin keşişinin qardaşı oğlu, erməni şairi Paruyr Sevak Kərki düzü adlı ərazidə maşın qəzasından ölür. Fürsəti dəyərlən­dirən ermənilər qəza yerində xatirə kimi simvolik qəbir düzəldirlər. 15-20 il ərzində həmin “xatirə qəbir” böyük bir sahəni “işğal” edir, kiçik qonaq evi, restoran, otel, nəhayət, qəsəbə salınır – Sevakavan”. Hansı ki bu qəsəbə Kərkini işğal etmək və kərki­liləri sıxışdırmaq baxımından ermə­nilər üçün əhəmiyyətli olur.

Ötən əsrin sonlarına doğru məqsədli şəkildə əraziləri zəbt edən ermənilərin növbəti hədəfi Sədərək idi. 1988-ci ildən kəndin keşiyini çəkən kərkililərin köməyinə Şərur­dan, Sədərəkdən gələnlərin dəstə­yinə baxmayaraq, Kərki illərlə yü­rüdülən erməni məkrinin qurbanına çevrilir. 1989-cu ilin son aylarında Kərkiyə gediş-gəliş tamamilə dayan­dırılır. Həmin dövrdə artıq kənddə müdafiəçilər qalmışdı. 

Son günə qədər kəndi tərk et­məyən kərkililər 1990-cı il yanvarın 15-də rus hərbçilərinin təkidli tələ­bi ilə axşam saat 6-7 radələrində doğma yurdu tərk etmək məcburiy­yətində qalırlar. Yanvarın 18-də isə 3-ü polis əməkdaşı olmaqla, kəndi müdafiə edən 30-dək sakin, artıq silah-sursatları bitdiyindən Kərkini tamamilə tərk etməyə məcbur olur. Beləliklə, SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə muxtar respublikanın Sədərək rayonunun Kərki kəndi ermənilərə verilir. 

30 ildən çoxdur ki, öz doğma ocaqlarından ayrı düşən Kərki sa­kinləri muxtar respublikanın Kəngərli rayonunun ərazisində yaradılan Yeni Kərki kəndində məskunlaşıblar. Hər cür dövlət qayğısı ilə əhatə olunan bu insanlar öz kəndlərinin düşmən işğalından azad ediləcəyinə, yenidən öz dədə-baba torpaqlarına qovuşa­caqları günün uzaqda olmadığına inanırlar. Bu əminliyi doğuran isə or­dumuzun gücü, müstəqil dövlətimizin nüfuzu və qüdrətinin ilbəil artmasıdır.

Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Naxçıvan

Siyasət