AŞPA-da Azərbaycanın əleyhinə səs verən türkiyəli deputat kimdir?

post-img

Avropalı parlamentarilərin Azərbaycan nümayəndə heyətinə qarşı qərəzli ittihamlarla çıxışları Türkiyə cəmiyyətində də qınaq və təpkilərlə qarşılanmaqdadır. AŞPA-nın qərəzli mövqeyi Türkiyədə yaşayan çoxsaylı azərbaycanlılar tərəfindən də pislənilir. 

Xüsusilə də özlərini üzdə Azərbayca­nın dostu kimi göstərən və dost ölkə imici qazanmış ölkələrin mövqeynə münasi­bətlərini gizlətməyən türkiyəli qardaşla­rımız da AŞPA-dakı siyasi korrupsiyanı, ayrı-seçkilik, etnik və dini nifrət mövqe­yini, ikili standartları nəinki pisləmiş, bunu qərəz adlandırmışlar. Xüsusən də Türkiyənin kürdləri təmsil edən Xalqların Demokratik Partiyasından (XDP) olan deputat Berdan Öztürkün ölkəmizə qar­şı mövqeyinin təkcə Azərbaycana deyil, Türkiyənin və bütün Türk dünyasının birli­yinə xəyanət olduğunu söyləyirlər.

Əslində kürdləri təmsil edən depu­tat Berdan Öztürkün belə bir mövqedə dayanması onun siyasi fəaliyyətinn bir hissəsi kimi də görünür. Vaxtilə - 2020-ci ilin sentyabrında Azərbaycan öz torpaqla­rının azad edilməsi uğrunda mübarizəyə başlayanda və Türkiyənin bu məsələyə dəstəyini alanda da Türkiyə Böyük Mil­lət Məclisində ciddi etirazları ilə gündəmə gələnlər də olmuşdu.

Növbəti belə qərəzli münasibətin AŞPA-dan gəlməsi də xeyli çaşqınlıq ya­ratdı. Belə olan halda tanımaq istədik ki, öz ölkəsinə, millətinə və qardaş dövlətə qarşı çıxan Berdan Öztürk kimdir? Onun dosyesindəki bəzi detallara diqqət etmək kifayətdir ki, haqqında və siyasi məsləki barədə bilgilər almaq olsun. 

1980-ci il mayın 1-də Ağrının Tutak rayonunda dünyaya gələn Berdan Öztürk Mərmərə Universitetinin hüquq fakültə­sinin məzunudur. London Universitetin­də beynəlxalq arbitraj və kommersiya hüququ üzrə magistr təhsilini tamamla­dıqdan sonra vəkil kimi fəaliyyətə başla­yıb. Xalqların Demokratik Partiyasından (XDP) 2015-ci ildə Ağrıdan və 2023-cü il seçkilərində yenidən Diyarbəkirdən mil­lət vəkili seçilib. 2016-cı ildə 5 PKK-çının dəfn mərasimində iştirak etdiyinə görə türkiyəli siyasətçi barəsində istintaq baş­ladılıb. 2018-ci ilin mayında ona bəraət verilib. 2019-cu ildən "Barış Pınarı" əmə­liyyatı ilə bağlı verdiyi açıqlamaya görə terror təbliğatı apardığı üçün istintaqa cəlb olunub. 

B.Öztürk Mesopotamiya Qohumlarını İtirənlərə Yardım və Həmrəylik Dərnəyi (MEYA-DER) və İnsan Haqları Dərnəyinin (İHD) fəaliyyətlərində fəal iştirak edib. De­mokratik Cəmiyyət Konqresinin (DTK) 16 sentyabr 2017-ci ildə keçirilən 8-ci qurul­tayında həmsədr seçilib. Digər həmsədr Hakkari millət vəkili Leyla Güvənlə Diyar­bəkir 9-cu Ağır Cəza Məhkəməsində istin­taqa cəlb olunublar. 

Əslində bu faktları xatırlamaqda məqsəd dünyanın demokratik ölkələrin­dən biri olan Türkiyənin daxilində baş verənləri də anlatmaq istədik. Bu cür hadisələr Türkiyənin siyasi həyatında tarixən də yaşanmışdır. Amma bu cür məsələlərin ölkə xaricində səsləndirilməsi qəbul edilmir. Digər tərəfdən, bu cür me­yarlarla çıxış edib ölkənin uğurlarına köl­gə salmaq istəyənlər heç vaxt istəklərinə nail olmayacaqlar. 

Özünə “Öztürk” soyadını götürmüş PKK məramlı kürd deputatın islamofobiya tribunasına çevrilmiş AŞPA-nın cəlbedici koalisiyasına qoşulması ölkəmizdə oldu­ğu kimi, qardaş Türkiyədə də ciddi nara­zılıq və qınaqlara səbəb olub.

Esma ÖZDAŞLI,
beynəlxalq əlaqələr üzrə ekspert, 
Türkiyə

– AŞPA-da millət vəkili Berdan Öztür­kün səsi ilə Türkiyə və Azərbaycana qarşı iki hesabatı təsdiqlənib. Obyektivlikdən uzaq və erməni yalanlarını ehtiva edən hesabatların birincisi birbaşa Azərbayca­nı hədəfə alır. Hesabatda 2-ci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı ilə Qarabağdakı işğala son qoymaqda Azər­baycan günahlandırılır. 2-ci Qarabağ mü­haribəsi zamanı olduğu kimi, Azərbaycan erməni terrorçularının sipər etməyə ça­lışdığı dinc əhalini bölgədən çox diqqətlə təxliyə etdi. Azərbaycan antiterror əmə­liyyatı başlayanda hədəfinin bölgədəki silahlı quldur dəstələri olduğunu, mülki əhalinin və infrastrukturun qorunacağını bəyan edib, 23 saata qədər davam edən əməliyyat zamanı bir nəfər də olsun mülki vətəndaşın burnu qanamayıb. 

Əslində erməni terrorçuları əməliy­yat zamanı özlərini qorumaq üçün mül­ki əhalidən qalxan kimi istifadə edəndə Azərbaycan dinc əhaliyə zərər verməmək üçün bu terrorçulara belə atəş açmadı. O, bu görüntüləri bütün dünya ilə paylaşıb. 2-ci Qarabağ müharibəsi və ondan son­rakı terror əməliyyatı zamanı Azərbayca­nın mülki şəxslərə qarşı göstərdiyi bütün bu həssaslığa baxmayaraq, AŞPA Azər­baycana qarşı qalmaqallı qərar verdi. AŞPA-nın bu qərarını TBMM-nin deputatı Berdan Öztürk də imzalayıb. Əslində bu addım təəccüblü deyil. Vaxtı ilə Berdan Öztürkə PKK terrorçularının dəfn məra­simlərində iştirak etdiyi və terror təbliğatı apardığı üçün cinayət işi açılıb. 

AŞPA-nın ikinci qalmaqallı qərarı Tür­kiyəni işgəncələrdə ittiham edən daha bir hesabatın təsdiqlənməsidir. Berdan Öztürk Azərbaycanın, eləcə də Türkiyə­nin günahlandırıldığı hesabata səs verib. Hesabatda terrorçuların lideri Abdullah Öcalana istinad edilməsi Qərb qurumla­rının Türkiyə əleyhinə terror təşkilatlarına dəstəyini bir daha açıq şəkildə nümayiş etdirdi. Öztürk terrorçu liderə də azadlıq tələb edib. Erməni lobbisinin açıq təzyiqi ilə ortaya çıxmış hesabatdan belə məlum ki, Azərbaycan da Qarabağda terrorçula­ra qarşı susmalıydı. 

Bir sualı da terroru qanuni hesab edən qərbli qondarma demokratiya hə­varilərinə verməliyik. Aİ və NATO-nun sənədlərində terror təşkilatı sayılan və bir çox Qərb dövlətlərinin terrorçu siyahısın­da olan terror təşkilatının Avropa parla­mentində təriflənməsi terrora dəstək de­yilmi? Hər hansı Qərb qurumu, məsələn, Əl-Qaidə və ya onun liderinin hərəkətlə­rini qanuni hesab edən qərar qəbul etsə, ABŞ və digər Qərb ölkələrinin reaksiya­sı necə olacaq? Bu xəbərlər göstərdi ki, Qərb Türkiyə və Azərbaycana gəldikdə asanlıqla ikili siyasət yeridə bilirlər. 

Qarabağdakı ermənilərə işgəncə ve­rilməsi ilə bağlı yalan danışan Avropa Şu­rası Parlament Assambleyası Qarabağda taleyi məlum olmayan 4 minə yaxın azər­baycanlı üçün heç bir tədbir görməyib. İşğal prosesi Qarabağda və onun ətra­fında hər mənada böyük dağıntılara sə­bəb olub, ermənilər, demək olar ki, bütün infrastrukturu və mədəniyyət abidələrini dağıdıblar. Qarabağda və ətraf ərazilərdə biomüxtəlifliyə ciddi ziyan dəymiş, xüsusi mühafizə olunan mədəni-tarixi obyekt­lər və abidələr dağıdılmış, su ehtiyatları çirkləndirilmiş, endemik növlər də daxil olmaqla meşələr qəsdən yandırılmış, qiymətli ağaclar müxtəlif məqsədlər üçün kəsilmişdir. Ekoloji terror səbəbiylə bir çox bitki, o cümlədən nadir növlər məhv edil­mişdir. Amma AŞPA bu hərəkətlərlə bağlı Ermənistana qarşı heç bir addım atma­yıb. Əvəzində AŞPA-nı fransız və erməni lobbilərinin oyuncağına çeviriblər. 

Asif KURBAN 
Dünya Azərbaycanlıları Konqresinin sədri,
Türkiyə

– Bu addımlar son illər regionda iq­tisadi cəhətdən güclənən, öz gücü ilə haqqını alan, yəni işğal altındakı torpaq­larını xilas edən və suverenliyini qazanan Azərbaycanın üstünlüyünə kölgə sal­maq cəhdidir. 30 ildir haqları tapdalanan vətəndaşlarımızın səsinə etinasız qalan avropalı deputatların indi ortaya çıxma­sı və işğalçının yanında olması, onların təkcə qeyri-səmimi olduğına işarə deyil, həm də Azərbaycana qarşı ədalətsiz və düşmənçilk mövqeyinin təzahürüdür. Av­ropalı deputatların xalqları milliyyətinə, dininə görə ayıraraq, islamofobiya mühiti yaratmaq, bunun fonunda azərbaycano­fobiya meyillərini dəstəkləmək heç cür qəbul edilə bilməz. Onların bu cür məkrli siyasətlərinə dəstək verən və Azərbayca­na qarşı səs verən Türkiyə Böyük Millət Məclisinin üzvü Berdan Öztürkün xəyanə­ti bizi daha da sarsıtdı. Biz həmişə qürür və güvənclə deyir və heç bir sübuta eh­tiyac hiss etmədən bilirik ki, Azərbayca­nın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür. Demək, buradan belə bir nəticəyə gəlmək olar ki, Berdan Öztürk bunları istəməyən, qəbul etməyən siyasətçidir, türkün yox, avropalı düşmən­lərin silahdaşı və məslək yoldaşıdır. Təbii ki, onun bu düşüncə ilə Türkiyə Böyük Millət Məclisində olması və deputat ola­raq mövqe bildirməsi Türkiyənin siyasi dairələrində çaşqınlıq yaradır, insanları məyus edir. 

Türkiyəli millət vəkili Berdan Öztürkün mövqeyi heç vaxt Türkiyənin mövqeyi ola bilməz, AŞPA-da təmsil olunan 9 depu­tatdan 8-nin qardaş Azərbaycanın lehinə səs verməsi də bunu təsdiqləyir. Kürdləri təmsil edən Xalqların Demokratik Partiya­sından (XDP) olan deputat Berdan Öztür­kün bu addımı təkcə Azərbaycanın deyil, həm də Türkiyənin də terrorla apardığı gərgin və uzun illərdir davam edən müba­rizəsinə qarşı durmaqdır. Öz ölkəsi, milləti və qardaş dövlətin siyasi mövqeyinə qar­şı çıxan Berdan Öztürk, bir az da dəqiq desəm, bu qətnamənin lehinə səs ver­məklə birmənalı olaraq separatizmə tərəf­dar olmuşdur. Bu gün AŞPA-dakı "xristian klubu"nun Azərbaycana qarşı mövqeyini ancaq bu cür dəyərləndirmək olar. Sual oluna bilər niyə? Cavab olduqca sadə və bəsitdir: Azərbaycanın öz ərazisini azad etməsi, nəhayət ki, suverenliyini öz gücü hesabına qazanması Qərbin məkrli plan­larının məhvi demək idi. Eyni ilə ata-baba torpaqların separatizmdən təmizləməsi heç vaxt məkrli Qərbin istəyi olmayıb. Bu gün AŞPA və onun kürsülərindən meydan oxuyanlar başqa məsələlərdə olmasa da, hər an Türk dünyasına, o cümlədən onun önəmli lokomativi olan Azərbaycana və Türkiyəyə qarşı birləşməyə hazırdırlar. Belə hesab edirəm ki, Azərbaycan əley­hinə qətnamə, həm də Türkiyənin əlehinə aparılan siyasətin bir hissəsidir. Berdan Öztürkün ziddiyyətli addımını qəbul etmir və onun beynəlxalq platformalarda bu cür mövqeyini pisləyirik.

Namiq QƏDİMOĞLU
XQ





Siyasət