Azərbaycan ədliyyəsi müasir çağırışlar çevrəsində

post-img

22 Noyabr Azərbaycanda Ədliyyə İşçiləri Günüdür

Böyük tarixi zəfərlər qazanan dövlətimizlə həmahəng inkişaf edən 105 yaşlı Azərbaycan ədliyyəsi müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf edir. Ədliyyə Nazirliyinin yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. 

Nazirlik öz işinə, ilk növbədə, ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayıb, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatla­rı tədricən bərpa edilib, binalar qaydaya salınıb, çətinliklə də olsa, hüquq ədə­biyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilib. Eyni zaman­da, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib, o cümlədən 1918-ci il noyabr ayı­nın 14-də Azərbaycan Məhkəmə Pala­tasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. 

Lakin çox təəssüflər olsun ki, bol­şeviklərin işğalı nəticəsində AXC süqut edib. Bundan sonra Azərbaycan ədliyyə­sinin Sovet dövrü başlayıb. Belə ki, İnqi­lab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilib, Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələ­rinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilib. Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək, onun funksiyaları prokuror­luq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Ko­mitəsinə və digər orqanlara verilib...

Sovet dövrü Azərbaycan ədliyyəsi­nin əsas inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ədliyyə Nazirliyi­nin yenidən yaradılması Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünə təsa­düf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyəsi tarixində yeni mərhələ başlandı. Bu da həmin dövrdə Ədliyyə Nazirliyi sisteminə daxil olan bü­tün sahələrin yenidən qurulmasına, tək­milləşməsinə, inkişafına səbəb oldu.

1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ədliyyə sahəsinə də xüsusi diqqət göstərib. Ümummilli liderin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 1918-ci ildə Ədliyyə Nazirliyinin Əsasnaməsinin təs­diq edildiyi tarix – 22 noyabr ədliyyə iş­çilərinin peşə bayramı günü təsis olunub. Neçə illərdir ki, ədliyyə işçiləri 22 noyabrı öz peşə bayramları olaraq qeyd edirlər.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə də ədliyyə sahəsinə diqqət və qayğı siyasəti davam etdirilib. Azərbay­can Prezidenti daim bu sahəni diqqət­də saxlayır. Ədliyyə Akademiyasının yaradılması bilavasitə Prezident İlham Əliyevin adı ilə bağlıdır.

“Ədliyyə orqanlarının inkişafı haqqın­da” Azərbaycan Respublikası Preziden­tinin 17 avqust 2006-cı il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyinin strukturu daxilin­də Ədliyyə Akademiyası yaradılmışdır. 2008-ci il 21 noyabr tarixli fərmanla Əd­liyyə Akademiyasının nizamnaməsi təs­diq edilmişdir.

Prezident İlham Əliyevin 2018-ci il dekabrın 18-də təsdiq etdiyi "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üzrə" Dövlət Proqramı ilə ədliyyə və məhkəmə sisteminin inkişafı üçün 5 il ər­zində yeni hədəflər müəyyən olunmuşdu.

Prezidentin 2019-cu il aprelin 3-də imzaladığı fərmanla Azərbaycanda məh­kəmə islahatları müasir çağırışlara uy­ğun olaraq yeni mərhələyə keçid edib. Həmin sənədin icrası çərçivəsində qısa müddətdə bu sahədə nəhəng işlər görül­müş, institutsional tədbirlər çərçivəsində 13 regional məhkəmə, o cümlədən böl­gələrdə ayrıca inzibati və kommersiya məhkəmələri yaradılmış, özəl ekspertiza təsbit olunmuş, mediasiya institutu fəaliy­yətə başlamışdır.

İslahatlar daxilində artıq Mülki-Pro­sessual Məcəlləyə 350-dək dəyişikliklər edilib, o cümlədən sadələşdirilib və yazılı icraat genişləndirilib. Məhkəmə proses­lərində videokonfrans və elektron icraat tətbiq edilməkdədir. Məhkəmə rüsumla­rının diferensiasiyasının tətbiqi də diqqət çəkən faktlardandır.

2020-ci il Azərbaycan dövləti üçün şanlı qələbə ili oldu və ölkəmizdə uzun illər ərzində formalaşmış möhkəm ic­timai-siyasi və sosial-iqtisadi bünövrə, tarixi torpaqlarımızın işğaldan azad edil­məsi qarşıdakı illərdə sistemli və davamlı islahatlara əlavə imkanlar yaratdı. Müasir dövrdə islahatlar qabaqcıl texnologiyalar tətbiq edilməklə həyata keçirilir, müxtəlif sahələrdə, o cümlədən də ədliyyə sahə­sində rəqəmsal xidmətlər mövcuddur.

Ədliyyə və məhkəmə sahəsi də müasir informasiya texnologiyalarının tətbiqi ilə inkişaf edir və mütərəqqi isla­hatlar aparılır. Bu gün Ədliyyə Nazirliyi “Elektron hökumət” sisteminin fəal işti­rakçısıdır. Nazirlik tərəfindən aparılan və on minlərlə normativ sənədi ehtiva edən Hüquqi aktların vahid elektron bazası vasitəsilə hər kəs ödənişsiz ola­raq, ani rejimdə qanunvericilik aktlarını əldə edə bilir. Eyni zamanda, “Elektron notariat” innovasiyaların tətbiqi üçün geniş imkanlar açıb. Həmçinin rəqəm­sallaşdırmanın yeni mərhələsi olaraq “Mobil notariat” tətbiqi yaradılıb. Onun istifadəçiləri notariat ofisinə getmədən videoəlaqə mkanına malikdirlər. Ədliy­yənin elektron reyestrlərinə digər dövlət orqanlarının da inteqrasiyası vətəndaş məmnunluğuna əlavə şərait yaradıb. Böyük sosial əhəmiyyətə malik olan DOST mərkəzlərində göstərilən notariat xidməti, burada yaradılmış elektron no­tariat kabinetləri vasitəsilə vətəndaşlar notariusla dərhal video-əlaqə saxlaya­raq, notariat əməliyyatını həyata keçirə bilirlər. Biznes mühitinin yaxşılaşdırılma­sı məqsədilə analoji xidmətlər banklarda da yaradılıb. Bütün bunlar Azərbaycan ədliyyəsinin son illərdə əldə etdiyi nailiy­yətlərin qısa nümunələridir.

 

Nicat MİRZƏYEV,
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi ballistik və
trasaloji ekspertizalar şöbəsinin aparıcı eksperti, 1-ci dərəcəli ədliyyə qulluqçusu

Sosial həyat