Azərbaycan dövləti ölkədə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, öz vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini özünün ali məqsədi hesab edir. Cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin və qaydaların qorunması, müəyyən olunmuş davranış qaydalarına nəzarət etmək isə polisin vəzifəsi kimi qəbul edilir.
Polis əməkdaşları xidmət etdiyi ərazidə vəzifə funksiyalarının icrası zamanı çoxcəhətli fəaliyyət göstərir. O, küçədə patrul xidmətini həyata keçirir, şübhəli davranışlı şəxsləri nəzarətdə saxlayır, baş vermiş arzuolunmaz, faciəli hadisələrdən vətəndaşların həyatını və əmlakını müdafiə edir.
Statistik rəqəmlərdən aydın olur ki, 2022-ci ildə qeydə alınan 36 min 494 cinayətin 95,2 faizinin açılması təmin edilib. Bu cinayətlərin ağır və xüsusilə ağır növlərinin 85,3 faizinin, qeyri-aşkar şəraitdə baş verənlərinin 85,7 faizinin, şəxsiyyət əleyhinə olan cinayətlərin isə 98,2 faizinin açılması polisin çətinvə səmərəli fəaliyyətinin göstəricisidir. Ötən il əvvəlki illərdən bağlı qalmış 368 cinayət üzrə təqsirli bilinən şəxslər məsuliyyətə cəlb olunmuş, 251 kriminal qrup zərəsizləşdirilmiş, axtarışda olan 557 nəfər tutulmuşdur.
2021-ci il ilə müqayisədə 2022-ci ildə 373 kiloqram çox – 3,4 ton narkotik vasitələr dövriyyədən çıxarılmış, 172 tondan çox belə bitki məhv edilmişdir. Ötən il qəsdən adamöldürməyə cəhd, qəsdən sağlamlığazərərvurma və s. şəxsiyyətəleyhinə cinayətlər 2,4 faiz azalmışdır.
2023-cü ilin I yarımilliyində məqsədyönlü şəkildə həyata keçirilmiş mübarizə nəticəsində 2022-ci ilin 6 ayı ilə müqayisədə qəsdən adamöldürmə faktları 15,4 faiz, oğurluq 1,7 faiz, soyğunçuluq 8,4 faiz, quldurluq 25 faiz, xuliqanlıq 16,6 faiz, ekoloji cinayətlər 26,1 faiz azalmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə Daxili İşlər Nazirliyi və Rrokurorluq üzrə qeydə alınmış 18 min 661 cinayətin 90 faizinin açılması təmin edilmişdir.
Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 90 faizi, qeyri-aşkar şəraitdə baş verənlərin 85,7 faizi, şəxsiyyət əleyhinə olanların 97,8 faizi, onlardan qəsdən adamöldürmələrin 97,5 faizi, adamöldürməyə cəhdlərin 97,1 faizi, qəsdən sağlamlığa ağır zərərvurmaların 96,6 faizi, mülkiyyət əleyhinə olanların 81,3 faizi, o cümlədən oğurluqların 72,4 faizi, dələduzluqların 92,1 faizi, soyğunçuluqların 95,8 faizi, quldurluqların 95,1 faizi, hədə-qorxu ilə tələb etmələrin 97,1 faizi, avtonəqliyyat vasitəsini qaçırma cinayətlərinin 87 faizi açılmışdır.
Bu ilin 6 ayı ərzində keçmiş illərdən bağlı qalmış 258, “isti izlərlə” isə 837 cinayət açılmışdır. Təqsirləndirilən şəxslərin axtarışı yaxşılaşaraq 77 faiz təşkil etmiş, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 65 (+19) şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 25 (+8) nəfərin yeri müəyyən olunmuşdur.
Bütövlükdə müxtəlif cinayətlərə görə 9 min 723, o cümlədən qanunsuz odlu silah saxlayan və daşıyan 129 şəxs tutularaq məhkəmə məsuliyyətinə cəlb edilmişdir. Ağır və xüsusilə ağır növ cinayətlər törətmiş 115 kriminal qrup zərərsizləşdirilmişdir. Qeyri-leqal dövriyyədən 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 946 kiloqram çox – 2,9 ton narkotik vasitə çıxarılmışdır. Ümumi çəkisi 143 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmişdir.
Göründüyü kimi, müxtəlif növ ağır və xüsusilə ağır cinayətlər baş versə də, onların açılması polisin yüksək peşəkarlığı ilə təmin edilir. Polis fəaliyyətini məharət və əzmlə həyata keçirir.
Vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanına mənsub olan, dövlət qulluğunun xüsusi növündə çalışan və müəyyən səlahiyyətləri həyata keçirən polis əməkdaşının geniş və mürəkkəb vəzifə funksiyaları var. Kriminogen durumu nəzarətdə saxlamaq əzmkarlıq, peşəkarlıq, prinsipiallıq, nəzakətli davranma tələb edir.
Öz növbəsində, Azərbaycan polisi avtomobil yollarında hərəkətin təhlükəsizliyini təmin edir, ekstremizmə qarşı durur, mütəşəkkil cinayətkarlığa, XXI əsrin köləliyinə – insan alverinə qarşı mübarizə aparır.
Bu qurum kibertəhlükəsizliklə bağlı əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, dünyada eskalasiyası böyüyən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görk olacaq əməliyyat-axtarış tədbirlərini həyata keçirir.
Azərbaycan polisi cəmiyyətdəki rolunu, mövqeyini və səlahiyyətini, ərazidə təhlükəsizliyin və ictimai qaydanın mühafizəsi barədə məsuliyyət hissini dərk edir. Polis əməkdaşının yüksək münasibət qura bilmək bacarığı var, o, müxtəlif insanlarla təmasda ola, münaqişəli situasiyalarda problemin həlli yollarını tapa bilir. Dinləmək bacarığının olması, qarşısında olanın hiss-həyəcanını duya bilməsi, istəklərini anlaması vacib kriteriyalardandır.
Polis əməkdaşı ekstremal şəraitlərdə mürəkkəb qərarlar qəbul etməyi və müvazinətini qorumağı bacarır. Cəmiyyətdə təhlükəsizliyin təmin olunmasına həmişə ehtiyac duyulub. Bu baxımdan polis xidməti həmişə tələb və arzuolunan peşədir. Tarixən cəmiyyətin inkişafı polissiz mümkün olmadığı üçün, sabitliyin dayanıqlığı və təhlükəsizliyin təmin olunması da polissiz mümkün deyil.
XXI əsrdə Azərbaycan polisi fəaliyyət istiqamətlərini köklü dəyişikliklərlə həyata keçirir. Müasir innovativ aspektlər bu peşənin inkişafına təsirsiz ötüşmür.
Texniki inovasiyalar. Texnologiyanın inkişafı ilə polis vəzifə funksiyalarını daha çevik və səmərəli həyata keçirə bilir.
Kibertəhlükəsizlik. Rəqəmsal mühitin inkişafı və kibercinayətlərin artması, polis əməkdaşlarını da öz bacarıq və peşəkarlıq məharətini artırmağa sövq edir.
Beynəlxalq əməkdaşlıq. Beynəlxalq cinayətkarlıq və terrorizmə qarşı mübarizə sahəsində birgə əməkdaşlıq səmərə verir.
Preventiv iş. Polis gələcəkdə preventiv tədbirlərin və proqramların həyata keçirilməsində fəaldır. Burada vətəndaş cəmiyyətinin və yerli icra orqanlarının birgə əməkdaşlığı da danılmazdır.
Təhlükəsizliyin və ictimai qaydanın möhkəmləndirilməsində əhalinin iştirakı. Yaşayış yerlərində cinayətkarlıqla bağlı problemlərin həllində yerli əhalinin imkanlarından geniş istifadə edilir. Bu baxımdan, polislə cəmiyyət arasında əməkdaşlığın inkişafında vətəndaş etimadının və məmnunluğunun rolu yüksələn xətlə davam edir.
Polis xidməti həm də riskli amillərlə bağlıdır. Xidmət zamanı müxtəlif dərəcəli bədən xəsarətlərinin və zədələrin alınması ehtimalı böyükdür. Bəzən stress halında emosionallığı cilovlamaq mümkün olmur.
Polis konstitusion normalara uyğun olmayan cədvəllə işləyir. Sutkalıq növbəli iş, gecə növbətçiliyi, təcili çağırışlar əsasında ərazilərə qrup halında getmək– bütün bunlar polisin fəaliyyətinin mürəkkəbliyindən və ağırlığından xəbər verir. Lakin polisin aldığı aylıq məvacibi digər hüquq-mühafizə orqanları ilə müqayisədə azdır. 15 illik xidmət stajına malik olan polis əməkdaşı ayda – rütbə və qulluq stajına uyğun 950-1000 AZN məbləğində əməkhaqqı alır. İctimai nəqliyyatdan və taksilərdən istifadə güzəşti ləğv edilib. Onlar məzuniyyət hüququ ilə bağlı digər xidmətlərdə çalışanlardan az ödəniş alırlar.
Sosial şəbəkələrdə bəzən polisin vətəndaşlara qarşı guya həddiniaşma və onların qanunsuz saxlanılmasına dair əsassız rəylər də paylaşılır. Polis və Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunlarda polis əməkdaşlarının hansı hallarda həbs etmək, nə vaxt gücdən istifadə edə bilmək məsələlərinə aydınlıq gətirilir. Hətta qanun odlu silahın tətbiqini də mümkün sayır. Saxlanılanlara və tutulan şəxslərə qarşı polisin davranışları həddini aşmır, qeyd olunan normativ-hüquqi aktların tələbləri və təqsirsizlik prezumpsiyası ilə uzlaşır.
Bir sözlə, polis fəaliyyətində dözümlülük, içdiyi anda sədaqət, vəzifə borcuna sadiqlik nümayiş etdirir, bu müqəddəs hiss ilə yaşayır. Odur ki, cəmiyyətdə “Mənim polisim məni qoruyur” ifadəsi qürurla səslənir.
Şəmsəddin ƏLİYEV,
“Polisə Dəstək” İctimai Birliyinin sədri