Qoy duzumuz bol olsun!

post-img

Amma düz olsun, yodlu olsun

(I yazı)

Duz qida rasionumuzun son dərəcə vacib komponentlərindən biridir. Gündəlik qidalarımızı duzsuz təsəvvür etmək çətindir. Bu vacib qida məhsulunun adının əvəzsiz nemətimiz olan çörəklə yanaşı çə­kilməsi də təsadüfi deyil. Duz ölçü, dəyər, ləzzət mənası da daşıyıb. “Duzlu söhbət, “duzlu yazı” ifadələ­ri duzun qədir-qiymətindən ərsəyə gəlib.

Bu, əsrlər boyu da belə olub. Hətta keçmişdə ayrı-ayrı dövlətlər arasında duz üstündə müharibələr baş verib, çox zaman insan əməyinin dəyəri duzla ödənilib. Beləcə, zaman-zaman dəyər qazanan duzdan dərman isteh­salında, buzlu yolların açılmasında, suyun yumşaldılmasında və sabun is­tehsalında istifadə olunmağa başlayıb. Hazırda isə duzun 14 min növə qədər istifadə sahəsi var. 

Təqribi hesablamalara görə, ölkə­mizdə duzçıxarma sənayesinin 5 min il tarixi var. Bu da qədim İpək Yolunun üstündə yerləşən Azərbaycanın dünya dövlətləri ilə ticarət əlaqələrinin geniş­ləndirilməsində mühüm rol oynayıb. Sovet dönəmində respublika əhalisi­nin qida duzuna olan tələbatı, əsasən, idxal hesabına ödənilib. SSRİ-nin da­ğılması ilə əlaqədar müttəfiq respubli­kalar arasında iqtisadi əlaqələrin zəif­ləməsi səbəbindən əhalinin bu vacib qida məhsulu ilə tələbatının ödənilmə­sində böyük çətinliklər yaranıb. Ölkədə qida duzunun çatışmazlığı isə bəzi iş­bazların işinə əməlli-başlı yarayıb. 

Xüsusən də ötən əsrin 90-cı illərin­də bu sahə tam nəzarətsiz qaldığından əhali təmizlənməmiş duzdan istifadə etmək məcburiyyəti qarşısında qalıb. Belə ki, həmin dövrdə Bakı və Abşe­ronda, eləcə də ölkənin digər ərazilə­rində yerləşən göllərdən toplanmış duz heç bir sanitar-gigiyena normalarına riayət edilmədən, yəni təmizlənmədən respublikanın ticarət şəbəkələri vasitə­silə əhaliyə satılıb. 

Həmin dövrdə bir çoxumuz paytax­tın Qaradağ rayonunun ərazisində yol boyu mədən suları ilə çirklənmiş göllər­də, eləcə də Xırdalan və Masazır göl­lərinin ətrafında qalaq-qalaq toplanmış duz təpələrinin şahidi olmuşduq. Bu acınacaqlı mənzərəyə təkcə şahidlik etməmişdik, həm də xəstəlik mənbə­yi olan həmin duzdan bilərəkdən və ya bilməyərəkdən alıb xörəyimizə də qatmışdıq. Bu sahədə maarifləndirmə işinin aşağı səviyyədə olmasının nəti­cəsi idi ki, qidamıza duz əvəzinə zəhər qatdığımızın fərqində deyildik. Onu da nəzərə almamışdıq ki, ağzımızı da­da-tama gətirən duz, həm də yodlaşdı­rılmış şəkildə qəbul olunmalıdır. Çünki təbii halda duzun tərkibində yod olmur. Yodlu duz yalnız istehsalat prosesində əldə olunur. 

Beləcə, ölkədə yod çatışmazlı­ğı getdikcə artırdı. Yodlaşdırılmamış duzun qəbulu isə vətəndaşlarımızın sağlamlığı, genefondumuz üçün cid­di təhlükə yaradırdı. Yeri gəlmişkən, mütəxəssislər bildirirlər ki, yodlaşdırıl­mamış duz zob, cinsi zəiflik, uşaqla­rın əqli və fiziki inkişafdan qalmasına, hamilə qadınlar arasında erkən doğuş xəstəliyinin yaranmasına və s. səbəb ola bilər.

…Yaxşı ki, gec də olsa, bu sahədə dövlətin nəzarət mexanizmi işə düş­dü. Məsələnin ciddiliyi nəzərə alınaraq bir sıra mühüm adımlar atıldı, vacib sənədlər qəbul olundu. Dövlət başçı­sının 2001-ci il martın 2-də imzaladığı sərəncamla “Azərbaycan Respubli­kasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edildi. Bu vacib dövlət sənədin­də ilk dəfə olaraq yodlaşdırılmamış duzdan istifadənin zob xəstəliyinin ya­yılmasına səbəb olduğu göstərildi. Bu­nunla əlaqədar Səhiyyə Nazirliyinə yod çatışmazlığı ilə bağlı xəstəliklərin qar­şısının alınmasına dair milli standartın işlənməsi, xörək duzunun yodlaşdı­rılması və yodlaşdırılmış duzun idxalı üzərində nəzarətin və digər tədbirlərin həyata keçirilməsi tapşırıldı. 

Həmin il dekabrın 27-də isə Azər­baycanda “Yod çatışmazlığı xəstəlik­lərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında” Qa­nun qəbul olundu. Bununla yanaşı, sözügedən sahə ilə bağlı işlənib ha­zırlanmış normativ-texniki sənədlərdə duzda yodun miqdarı müəyyənləşdi­rildi. Həmin standarta əsasən, 1 qram duzda 30-50 mikroqram yodun olması norma kimi qəbul edildi. Eyni zaman­da, duzun gündəlik istehlakının optimal miqdarı isə 6 qram müəyyənləşdirildi. Mütəxəssislərin fikrincə, insanlar tərə­findən istehlak olunan ümumi duzun 80 faizi hazır məhsullar vasitəsi ilə qəbul edilir. 

Azərbaycanın duz idxalından ası­lılığını azaltmaq, mövcud potensial­dan qanunvericiliyin tələblərinə və sanitar-gigiyena normalarına uyğun səmərəli şəkildə istifadə etmək, eləcə də vətəndaşların yodlaşdırılmış, key­fiyyətli duzla təminatını yaxşılaşdır­maq məqsədilə ölkənin ən böyük duz mənbələrindən olan Masazır gölünün yaxınlığında yodlaşdırılmış və rafinad­laşdırılmış qida duzu zavodu tikilib is­tismara verildi. “Azərbaycan İnvestisi­ya Şirkəti” ASC və “Azərsun Holdinq” MMC-nin birgə əməkdaşlığı ilə tikilən müəssisə il ərzində 60 min tona yaxın duz istehsal etmək imkanına malikdir. Bundan əlavə, hazırda Naxçıvanda yerləşən Duz dağından yığılan duzlar emal olunaraq istehlak bazarına çıxa­rılır. 

Yeri gəlmişkən, hazırda Azərbay­canın yodlaşdırılmış duza illik tələbatı, təqribən, 45-50 min ton təşkil edir. Bu tələbat isə yerli istehsal və idxal hesa­bına ödənilir. Dövlət Statistika Komitə­sinin məlumatına əsasən, 2023-cü ilin yanvar-avqust aylarında ölkəmizdə 47,1 min ton qida duzu istehsal olu­nub. Bu da ötən ilin müvafiq dövrünün göstəricisinə bərabərdir. Sentyabr ayı­nın 1-nə anbarlarda qalıq məhsul ehti­yatı 2,3 min ton təşkil edib. 

Bununla yanaşı, hazırda respub­likamıza xaricdən qida üçün yararlı, yodlaşdırılmış və digərlər növ duz məh­sulları da idxal olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk yarısında Azərbaycan 13 ölkədən, təqribən, 560 min dollar məbləğində 4 min 700 ton duz idxal edib. İdxalın 3 min 124 tonu (250 min dollar) İranın, 1344 tonu isə (195 min dollar) Rusiyanın pa­yına düşüb. Hesabat dövründə, həmçi­nin Türkiyədən 43,4 min dollarlıq 94 ton, Qazaxıstandan 16,3 min dollar dəyərin­də 58 ton, Pakistandan 20 min dollar­lıq 26 ton, Özbəkistandan isə 8,2 min dollarlıq 44 ton duz idxal olunub. Duzun qalan hissəsi isə Belarus, Almaniya, İta­liya, Lüksemburq, Çin və İrlandiyanın Birləşmiş Krallığından gətirilib. Bununla yanaşı, ilin ilk 6 ayında, əsasən, Belarus və Rusiyadan, təqribən, 303 min dollar­lıq 2 min 515 ton duz və digər duz məh­lulları idxal olunub. 

İxraca gəldikdə isə, bu ilin 6 ayında Azərbaycan 5 ölkəyə 749 min dollarlıq 6 min 413 ton duz ixrac edib. İxracın 3 min 883 tonu (358 min dollar) Ru­siyanın, 2 min 328 min tonu (369 min dollar) Gürcüstanın, 100 tonu (12,2 min dollar) Ukraynanın payına düşüb. Bundan əlavə, hesabat dövründə ölkə­mizdən Qazaxıstana 100 ton (9,7 min dollar), Kanadaya isə 1,7 ton (0,44 dollar) duz ixrac olunub.

Bu sahədə qanunvericiliyin təkmil­ləşdirilməsinə, duzla bağlı normaların müəyyən olunmasına, ölkədə Ümum­dünya Səhiyyə Təşkilatının tələblərinə uyğun duz istehsalı müəssisəsinin istis­mara verilməsinə baxmayaraq, proble­min həlli üçün uzun müddət lazım gəlib. Ötən zaman ərzində ölkədə saxta duz istehsalı ilə məşğul olan 40-dək gizli sex aşkarlanaraq ləğv olunub. Bunun­la belə, aparılan mübarizə tədbirlərinə baxmayaraq, bu sahədə bəzi neqativ hallar hələ də davam etməkdədir.

Keçək əsas mətləbə. Müşahidələr göstərir ki, hazırda ölkənin bəzi ticarət şəbəkələrində alıcılara yodlaşdırılma­mış duzlar təklif olunur. Belə ki, bəzi işbazlar nəzarət tədbirlərinin yetərin­cə olmamasından istifadə edərək qida üçün yararsız, yodlaşdırılmamış duz məhsullarının istehlak bazarına çıxa­rılmasına nail olurlar. Bununla yanaşı, hazırda daxili bazarda istehlakçıların aldadılması hallarına da rast gəlmək mümkündür. Necə deyərlər, tamah dişi böyük olan bəzi işbazlar çörək qədər əhəmiyyətli sayılan bu vacib nemətə haram qatmaqdan belə, çəkinmirlər. Belələri heç bir sanitar tələblərə ca­vab verməyən bu cür məhsulları xarici brendlərin təqlidi yolu ilə qablaşdıra­raq ticarət şəbəkələrinə ötürürlər. Ha­zırda paytaxtın bəzi iri marketlərində duz məhsullarının xarici brend adı ilə olduqca yüksək qiymətə əhaliyə təklif olunması da müəyyən şübhələrə yol açır. 

Ölkənin duz bazarında mövcud və­ziyyəti öyrənmək, duzun satışı zamanı qanunvericiliyin tələblərinə necə riayət olunmasını müşahidə etmək məqsədilə paytaxtın bir neçə iri supermarketlərinə baş çəkdik. Həmin dükanlarda alıcılara növbənöv, çeşid-çeşid, əksəriyyəti də tanınmış brendlərlə etiketlənmiş duz nümunələri təklif olunur. Qiymətləri bir-birindən baha olan (450 qramı 14 manat 30 qəpiyə olan duza da rast gəl­mək mümkündür) bu duzların heç biri yodlaşdırılmayıb. Hər halda qutuların üstündə duzun yodlaşdırılması ilə bağlı heç bir qeydin olmaması belə bir qə­naətə gəlməyə əsas verir. Həmin duz nümunələri isə bunlardır: 500 qram­lıq “Himalayan Dark Pink Salt”, 450 qramlıq “Morskaya Sol”, 410 qramlıq “Morskaya sol”, “Sol Adıqeyskaya” (çə­kisi qeyd olunmayıb), 250 qramlıq “Sol Morskaya” və s. 

Ölkədə ekspertiza işinin lazımi səviyyədə olmaması səbəbindən su­permarketlərin birindən aldığımız duz nümunələrinin tərkibini yoxlatmaq isə əməlli-başlı müşkülə çevrildi. Nəhayət, çətinliklə də olsa, əldə etdiyimiz 5 duz nümunəsini, qismən də olsa, yoxlatdı­ra bildik. Nəticə isə gözlədiyimiz kimi oldu: həmin duzların heç birinin yod­laşdırılmaması bir daha təsdiqini tapdı. 

Qeyd edək ki, “Yod çatışmazlı­ğı xəstəliklərinin kütləvi profilaktika­sı məqsədilə duzun yodlaşdırılması haqqında” Qanunun 8-ci maddəsin­də yodlaşdırılmış duzun istehsalı və idxalına dair tələblər öz əksini tapıb. Qanunun 8.3 maddəsinə əsasən, yodlaşdırılmamış duzun qida və yem məqsədilə istehsalı, satışı və Azərbay­can Respublikasına idxalı qadağandır. Bəs, mənşəyi şübhə doğuran, mövcud qanunvericiliyin və normativ-texniki sənədlərin tələbləri ilə tərs mütənasib­lik təşkil edən belə məhsullar ölkənin sərhədlərini hansı formada keçir və ya ticarət şəbəkələrinə necə yol tapır? Şübhələr isə suallar qədər çoxdur… 

Ölkənin ticarət şəbəkələrində is­tifadə üçün qismən və ya tamamilə yararsız olan duzların satışı hallarına qarşı aparılan mübarizə tədbirləri ilə bağlı mətbuatda müəyyən məlumatla­ra rast gəlmək mümkündür. Məsələn, bu ilin fevral ayında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən ya­yılan bir məlumatda qeyd olunur ki, xa­ricdən ölkəmizə gətirilən 22 ton xörək duzunda nöqsanlar aşkarlanıb. Bildirilir ki, “Inovax General Trading” MMC-nin Pakistandan idxal etdiyi “SS Brothers” şirkətinin istehsalı olan, ümumi çəki­si 22,29 ton xörək duzu məhsuluna (10.10.2022-31.12.2024 istehsal və son istifadə tarixli) agentliyin müfəttiş­lərinin keçirdiyi baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında yodun miqdarının normadan aşağı olduğu müəyyənləşib. Aşkar edilmiş faktla bağlı qanunverici­liyə uyğun müvafiq tədbirlər görülüb.

Biz də ölkədə qida təhlükəsizliyinə birbaşa cavabdeh olan həmin qu­rumdan ilin ötən dövründə bu sahə­də həyata keçirilmiş tədbirlər barədə müfəssəl məlumat əldə etmək istədik. Bu məqsədlə Azərbaycan Qida Təh­lükəsizliyi Agentliyinin Çağrı Mərkəzi ilə əlaqə saxlayıb qurumun İnformasi­ya təminatı və innovativ həllər şöbəsi­nin müdiri Mansur Piriyevlə danışmaq istədiyimizi bildirdik. Telefon zəngimizə cavab verən şəxs (Çağrı Mərkəzinin əməkdaşı) isə cidd-cəhdlə məqsədi­mizi, Mansur müəllimi nə üçün aradığı­mızı soruşdu (?). Nəhayət, məsələdən hali olandan sonra xətdə gözləməyimi­zi məsləhət bildi. Amma nədənsə, mət­buatla birbaşa işləməyə, təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı medianın suallarını cavablandırmağa borclu olan məsul şəxslə danışmaq bizə müyəssər olmadı. Bu dəfə özünü Mansur Piriye­vin müavini kimi təqdim edən İlkin adlı şəxsin sorğu-suallarını cavablandırma­lı olduq. Ən təəccüblüsü isə bu oldu ki, İlkin müəllim marketlərdə yararsız duz­ların satışı ilə bağlı bizdə hər hansı fak­tın olub-olmaması ilə maraqlandı. Belə faktların olacağı təqdirdə onlara mə­lumat verməyimizi məsləhət bildi. Axı dükan-dükan gəzib bu kimi halları üzə çıxarmaq mətbuatın və ya hər hansı bir jurnalistin işi deyil. Bunu, güman ki, özləri də bilməmiş deyillər. Bilmirlərsə, xatırlatmağa hazırıq. Bir də ki, adından da göründüyü kimi, ölkədə qida təh­lükəsizliyinə birbaşa cavabdehlik da­şıyan qurum nəyə və hansı məqsədə xidmət edir? Bununla belə, mətbuat xidmətinin katibi məqsədimizi onla­ra elektron poçt vasitəsilə çatdırmağı tövsiyə etdi. İlkin müəllimin məsləhə­tinə əməl etsək də, 10-15 gün ərzində sorğumuza heç bir cavab ala bilmədik. Qida Təhlükəsizliyi Agentliyinin rəsmi dövlət qəzetinə etinasız münasibəti, xüsusən də əhalinin sağlamlığının qo­runması baxımından son dərəcə vacib bir məsələyə soyuqqanlı yanaşması təəccüb və təəssüf doğurmaya bilməz.

Ən nəhayət, yerli istehlakçılar yod­laşdırılmamış, saxta duz məhsulların­dan nə vaxt can qurtara biləcəklər? Paytaxt ərazisində apardığımız araş­dırmalarla bu sahədə müşahidə olu­nan neqativ halları, qanun pozuntuları­nı aşkara çıxarmağa nail ola bilsək də, bu sualın izahını verməkdə, cavabını tapmaqda acizik. Sualın konkret ca­vabı ölkə əhalisinin ərzaq təhlükəsizli­yinə birbaşa cavabdehlik daşıyan Qida Təhlükəsizliyi Agentliyindən asılıdır. O cavabı isə həm biz, həm də milyonlar gözləyir. Yeri gəlmişkən, qeyd etdiyimiz kimi, agentliyin mətbuat və ictimaiyyət­lə əlaqələr şöbəsinin əməkdaşı ölkə ərazisində saxta, istifadəyə yararsız duzların satışı ilə bağlı bizdən faktlar istəmişdi. Bu da sizin üçün faktlar, cə­nablar! Əlahəzrət faktın araşdırılması isə vicdanınızdan və olmayan peşə­karlığınızdan asılıdır.

Eyyub HÜSEYNOV,
Azad İstehlakçılar Birliyinin sədri

Duz bütün dövlətlərdə iqtisadi in­deks göstəricisi sayılır. Hansı ölkədə duz istehlakı artıqdırsa, yəni səna­yedə, məişətdə çox istifadə olunur­sa, demək, orada böyük inkişaf var. Qeyd edim ki, geridə qalmış ölkələr­də duzun fərdi ailələr səviyyəsində istehlakı 70 faiz təşkil edir. Azərbay­canda isə bu göstərici 35 faizə bə­rabərdir. 

Ölkəmizdə duzun istehsalı və is­tehlakı ildən-ilə artır. Bu da o demək­dir ki, Azərbaycanda sənaye və biz­nes inkişaf edir. Ona görə də hazırda respublikamızda istehsal olunan və idxal edilən duzun çox böyük hissə­si sənaye sahəsində işlədilir. Bura isə ərzaq, neft, dəriaşınma və digər sahələr aiddir. Bildirmək istəyirəm ki, duzun məişət, ailə və sənaye səviy­yəsində istifadəsi ölkənin inkişaf in­deksi kimi qiymətləndilə bilər. 

Azərbaycanda qurulmuş zavod dünya standartları səviyyəsindədir. Burada quraşdırılmış ən müasir tex­nologiyaların köməyi ilə duzu bütün qarışıqlardan təmizləmək mümkün­dür. Yəni bu gün zavodda Ekstra duz istehsal edilir. Bu növ duzlar hər ölkədə istehsal olunmur. Azərbay­can isə regionda Ekstra duz istehsal edən yeganə dövlətdir. Ekstra duz­lar eyni bir mənbədən yığılmış digər duzlardan çox fərqlənir. Hər şeydən əvvəl, bu, tam təmizlənmiş duzlardır. Bu gün Azərbaycan Rusiya, Ukray­na, Kanada, bütövlükdə, 15-ə yaxın ölkəyə duz ixrac edir. 

Azad İstehlakçılar Birliyi və döv­lət orqanları 2001-ci ildən ölkədə yodsuz duzdan istifadənin qarşısı­nın alınması üçün ciddi iş aparıb­lar. Bununla belə, tərəfimizdən illər boyu aparılan davamlı monitorinqlər göstərir ki, hələlik, qanunun müəy­yən hədəflərinə çata bilməmişik. Baxmayaraq ki, ölkədə yod çatış­mazlığı xəstəliyi, demək olar ki, ara­dan qaldırılıb. Amma təəssüf hissi ilə bildirmək istəyirəm ki, hazırda daxili bazarda, təqribən, 15 adda yodsuz duzun satılması hallarına təsadüf olunur. Həmin duzlar isə ticarət şə­bəkələrində alıcılara “Sol Morska­ya”, “Morskaya sol”, “Ekstra”, “SEA SALT” və digər adlar altında təklif olunur.

Yeri gəlmişkən, bəzən həmin duzların yodlaşdırılması ilə bağlı heç bir qeydlə rastlaşılmır. Bu isə həmin duzların yodsuz olması anlamına gəlməyə əsas verir. Onu da deyim ki, bizdə olan xüsusi bir maddənin köməyi ilə həmin duzların yodlaşdı­rılmamasını asanlıqla müəyyənləş­dirmək mümkündür. Şübhə doğuran məqamlardan biri də budur ki, artıq bir neçə ildir ki, davam edən pande­miya, eləcə də müharibə səbəbin­dən Azərbaycana Ukraynadan duz idxal olunmur. Lakin hazırda ölkəmi­zin qərb bölgələrində Ukrayna mal nişanı ilə bu dövlətin dilində marka­lanmış “Artyom sol” adlı duzun satıl­ması müşahidə edilir. Bu, birmənalı olaraq istehlakçıların aldadılmasıdır. 

Düzdür, yerli istehlakçılar so­vet vaxtında Ukrayna istehsalı olan daş duza maraq göstəriblər. İndi isə əhaliyə daş duzu adı altında mən­şəyi məlum olmayan, təmizlənmə­miş duz satılır. Bu, qətiyyən yolve­rilməzdir. Bununla yanaşı, hazırda İran, Belarus və digər ölkələrdən də ölkəmizə külli miqdarda duz gətirilir. Prinsipcə, açıq bazar iqtisadiyyatı şəraitində buna heç bir məhdudiyyət yoxdur. Hərçənd yerli duz istehsalı zavodu ölkəni duzla tam təmin edə bilər. Bununla belə, azad, sərbəst ticarətin mövcud olduğu ölkəmizdə biznes qurumları üçün bərabər şəra­it yaradılıb. Onlar da bundan yarar­lanaraq ölkəyə kənardan duz gətirib daxili bazarda satırlar. 

Azad İstehlakçılar Birliyini nara­hat edən məsələ isə əmtəə baza­rında yodsuz duzların mövcudluğu­dur. Yəni qanuna zidd olduğu halda, ölkədə müxtəlif əmtəə nişanları al­tında duzlar satılır. Ən təəccüblüsü odur ki, son illər istehlakçılar tərəfin­dən bizə çoxsaylı zənglər edilir. So­ruşurlar ki, əgər bu natrium xlordusa, nə üçün onun 1 kiloqramı 40 qəpiyə də satılır, 15-20 manata da. Əslin­də, onların dediklərində həqiqət var. Düşünürəm ki, yüksək qiymətə satı­lan duzlar əhalinin aldadılmasından başqa bir şey deyil. Səbəbini soruş­duqda isə iddia edirlər ki, baha qiy­mətə satdıqları duzlar guya tərkibi zənginləşdirilmiş məhsuldur, Altay duzudur və s.

Həmin duzlar yodlaşdırılmadığı üçün qanun, birmənalı olaraq, on­ların satışını qadağan edir. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, Qida Təhlükəsizliyi Agentliyi nəyə görə bu cür duzların Azərbaycana idxalına icazə verir. Bu, bizi çox düşündü­rür. Fürsətdən istifadə edərək sizin qəzet vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə müraciət edirəm ki, bu cür halların qarşısını almaq üçün tə­sirli tədbirlər görsün.

 

Mirbağır YAQUBZADƏ,
Vaqif BAYRAMOV
XQ





Sosial həyat