Xarici astronavtlar DOST-un qonağı olublar

post-img

Bakının ev sahibliyi etdiyi 74-cü Bey­nəlxalq Astronavtika Konqresi çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkə­zində xüsusi qayğıya ehtiyacı olan uşaqlar və paralimpiyaçıların astronavtlarla görüşü keçirilib. 

“Kosmos və inklüzivlik” mövzusunda keçirilən görüşdə mərkəzin direktoru Nigar Məmmədova qurumun fəaliyyəti barədə məlumat verib. Burada şəhid ailəsi üzvləri, valideynlərini itirmiş və vali­deyn himayəsindən məhrum olmuş uşaqlar, aztə­minatlı ailələrdən olan və əlilliyi olan şəxslər sıra­sından istedadlı şəxslərin bacarıq və yaradıcılıq potensialının inkişaf etdirilməsi işlərinin aparıldığı vurğulanıb. “Azərkosmos”un təhsil üzrə meneceri İmran Muxtarov iştirakçılara qurumun fəaliyyət is­tiqamətləri, Beynəlxalq Astronavtika Konqresi və “Beynəlxalq astronavtlar proqramı” haqqında ətraf­lı məlumat verib. 

ABŞ-dən olan astronavtlar Con-Devid Bartoe, Entoni Antonelli, Rasti Şvaykart, kanadalı xanım astronavt Juli Payet, Birləşmiş Ərəb Əmirliklərin­dən astronavt Həzza Əl-Mənsuri, ilk misirli xanım astronavt Sara Sabri və ilk braziliyalı kosmik turist Viktor Hespana ilə interaktiv formatda görüş keçi­rilib. Onlar kosmosa səyahət və kosmik missiyaları ilə bağlı təəssüratlarını bölüşüb, tədbir iştirakçıları­nın suallarını cavablandırıblar. Mərkəzin benefisi­arları Orxan İmanov və Səbinə Əsgərova isə uğur hekayələrini bölüşüblər. Səbinə Əsgərova kanada­lı musiqiçi Maykl Bublenin repertuarından mahnı ifa edib.

Görüşdə Azərbaycanın paralimpiyaçıları Səid Nəcəfzadə, Orxan Aslanov, Dürsədəf Kərimova, Vəli İsrafilov, Əbülfəz Abuzərli, Sona Ağayeva və Vüsal Kazımov da iştirak ediblər. 

Xatırladaq ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində çoxsaylı texniki sessiya və konfranslar keçirilir. Məktəblilər, tələbələr, şəhid­lərin və müharibə iştirakçılarının övladları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənc alimlər daxil olmaqla 3000 nəfərlə görüşlərin keçirilməsi nəzər­də tutulur. Yeniyetmə və gənclər arasında kosmos sahəsinə, yüksək texnologiyalara marağın artırıl­ması, milli kosmik ekosistemin təşviqi proqramın əsas məqsədlərindəndir. Tədbir dünya ölkələrinin kosmos sahəsi üzrə fəaliyyətlərinin müzakirəsinə, yeni əməkdaşlıq və biznes əlaqələrinin qurulması­na imkan yaradır. 

Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat