Buxaranın 7 müqəddəs piri

post-img

Qədim bir rəvayətdə deyilir ki, bütün müsəlman ölkələrinə Allahın bərəkəti göydən yağır, Buxarada isə yerdən göyə ucalır. Çox güman ki, orta əsrlərdə Buxarada 360 məscidin və 80 mədrəsənin mövcudluğu ilə bağlı yaranıb bu kəlam.

Həmçinin “İslam dünyasının ulduzu” və “Orta Asiyanın müqəddəs şəhəri” titul­larını daşıyan Buxarada dünya şöhrətli alimlər, mütəfəkkirlər, ilahiyyatçılar, şa­irlər yaşayıb yaradıblar. Təbabət, psixo­logiya, riyaziyyat, məntiq, fizika, musiiqi, poeziya, zoologiya sahələrində maraqlı tədqiqatları olan, “Tibb qanunu” əsərinin müəllifi, filosof, təbib, astronom Əbu Əli İbn Sina, ilahiyyatçı alim İmam Əl-Buxari, psixoloq, nəzəriyyəçi Əl-Həsən əl-Basri, tarixçi alimlər Məhəmməd Əmin-i Buxa­ri və Abdulla Nəsrullahi, X əsr alimi Əbu Həfs Kəbir, yazıçı və şair Vasifi, həmçinin soydaşlarımız, böyük filosoflar Yusif Qa­rabaği və onun müəllimi Mirzəcan Şirazi və başqalarının həyatı Buxarayi-Şəriflə bağlı olub. Təməli bizim eradan əvvəl VI əsrdə qoyulan Buxara Orta Asiyanın qə­dim şəhərlərindən biri adını fəxrlə daşıyır. 

İslam dünyasında Buxaranı İslam di­ninin müqəddəs şəhərinə çevirən sufi alimlərin adı da çox məşhurdur. Buxarada həm də Nəqşibəndi qardaşlığına aid olan yeddi müqəddəs pir yerləşir.

İlk müqəddəs pir Mərkəzi Asiya sufi məktəbinin təməlini qoyan Abdul­la Abd-Əl-Xalik Qijduvaninin məzarıdır. Yusif-əl-Həmədaninin dini baxışlarını da­vam etdirən Əl-Qijduvani Xacəqan təriqə­tinin əsasını təşkil edən mənəvi-dini nəzə­riyyənin səkkiz qaydasını fopmalaşdırıb, səssiz zikr etmənin əsasını qoyub. Onun fikrinə görə, imamlıq edən hər bir kəsin mütləq başqa bir peşəsi də olmalıdır. Yüksək mənəviyyatlı insan yetişdirilməsi Əl-Qijduvaninin əsərlərinin ana xəttini təş­kil edir.

İkinci müqəddəs məkan Xoca Arif Rivqarinin məzarıdır. Sufilik yoluna gənc yaş­larında qədəm qoyan Rivqari 19 yaşında artıq fəlsəfə dərsləri verirdi. Onun “Nafaxat ul-uns” və “Arifnamə” əlyazmalarında məş­hur sufinin həyatı əks olunub. Bu əsərlər göstərir ki, müqəddəs Xoca Arif Mohi tobon adlandırılan Ravqari Xacəqan təriqətinin başçısı olan Şeyx Abdulxalik Qigduvaninin ən layiqli davamçısı olub, Qijduvaninin ölü­mündən sonra qardaşlığa başçılıq edib.

Üçüncü pir Babkent rayonunun Ən­cirbağ kəndində yerləşən Xoca Mahmud Əncir Fəqnəvinin məzarıdır. Dövrünün məşhur sufilərindən olan Fəqnəvi bağ­çılıqla, dülgərliklə məşğul olub. Fəqnəvi Mavərənnəhrin nüfuzlu sufilərindən sayı­lıb. Dövrün ehtiyaclarına müvafiq olaraq açıq zikri həyata keçirən Fəqnəvidən bu­nun səbəbini soruşanda deyib: “Qoy ya­tanlar oyansın”.

Fəqnəvinin məzarının yaxınlığında gözəl bir mavzoley ucaldılıb, məscid tiki­lib. Məscidin həyətindəki quyunun suyu müqəddəs hesab olunur.

Dördüncü pir Xoca Əli Romitaninin məzarıdır. Xoca Əli Romitani 1195-ci ildə Kurqanda dünyaya göz açıb.Toxuculuq­la məşğul olub. Xacəqan sufi məktəbinin ən nüfuzlu simalarından sayılıb. Yüksək mənəvi keyfiyyətlərə malik olan Romitani xalq arasında Azizon (hörmətli şeyx) deyə çağırılıb. Hətta monqol xanları da ona inanaraq islamı qəbul etmişdilər.Deyilənə görə, Romitani insanların fikrini oxuya bilib, həkimlik edib. Saysız-hesabsız şa­girdləri arasında öz oğulları da olub. Kiçik oğlu Xoca İbrahimə öz davamçısı olmağı vəsiyyət edib. 

Romitaninin “İki halda – danışarkən və yeyərkən özünə diqqət et” kəlamı indi də xalq arasında işlədilir.

Beşinci pir Xoca Məhəmməd Babai Sammasinin məqbərəsidir. Xacəqan mək­təbinin ənənələrini davam etdirən məşhur sufi Sammasi Xoca Əli Romitaninin şagir­di və davamçısı olub. Bahauddin Nəqşi­bəndinin həyata gələcəyini məhz o, dilə gətirib: “Vaxt keçəcək, onun ətri bütün dünyaya yayılacaq və o – “muşkil quş” “çətinlikləri dəf edən” olacaq.

Sammasinin Xacəqan sufi məktəbinin inkişafinda, təsəvvüf texnikasının işlən­məsində əvəzsiz rolu var.

Altıncı pir Xoca Səid Əmir Kulal Buxarinin memorial kompleksidir. Sənəti dulusçuluq olan Kulal hələ həyatda ikən “Böyük” təxəllüsü daşıyırdı. Bəzi mən­bələrə görə, Səid Əmir Kulal 1363-cü ildə hökmdar Əmir Teymurla da görüşüb. Yüzlərlə davamçısı olan şeyx vaxtının çoxunu gənclərlə söhbətdə keçirir, onla­ra məsləhətlər verirdi. Gəncləri ən kiçik səhvlərdən belə çəkindirən şeyx Məhəm­məd Peyğəmbərin sözləriini misal çəkir­di:” İnsanların hər gün etdiyi xırda gü­nahlar böyük günahlara çevrilir və onları cəhənnəmə götürür”.

Səid Əmir Kulalın davamçılarından biri də Bahauddin Məhəmməd Nəqşibəndi olub. Nəqşibəndini sufiliyin əsasları, düz­gün zikr edilməsi, Xacəqan məktəbinin ənənələri ilə məhz Əmir Kulal tanış edib.

Bahauddin Nəqşibəndi memorial kompleksi Buxaranın 12 kilometrliyində yerləşən sonuncu yeddinci pirdir. Komp­leks “sufiliyin müəllimi”, XIV əsr Orta Asiya sufi məktəbinin nəhəng simalarından biri Bahauddin Nəqşibəndinin şərəfinə ucal­dılıb. Nəqşibənd naxış vuran deməkdir və Nəqşibəndiyə sufi qardaşlığının adı məhz Bahauddin Nəqşibəndinin sənətinin naxış vüran olması ilə bağlıdır.

Əbdürəhman Cami yazırdı ki, Baha­uddin heç vaxt qul saxlamayıb. Bunun səbəbini soruşanda Bahauddin deyib ki, eyni vaxtda həm Allahın, həm də ağanın qulu olmaq mümkün deyil. Ölümündən sonra Bahauddin “müqəddəs” elan edilib, Buxaranın himayədarı hesab olunub.

Nəqşibəndi belə hesab edib ki, sufi olan kəs öz əməyi ilə bir parça çörəyini qa­zanmalıdır. Özü bir neçə sənətə yiyələnib.Toxuculuq, dulusçuluq, dəmir üstə döymə ilə məşğul olub. Nəqşibəndi ardıcıllarını hər hansı bir sənət sahibi olmağa, torpağı əkib-becərməyə, ticarətlə məşğul olma­ğa çağırıb. Mənəvi təmizlik, cah-cəlaldan uzaq yaşamaq, hakim dairələrlə əlaqədən qaçmaq, çox az adamla ünsiyyət saxla­maq, şəriət qanunlarına əməl etmək onun prinsipləri olub.

Bu gün də müqəddəs sufinin məzarını ziyarət edənlərin arası kəsilmir. Deyilənə görə, bu mavzoleyə üç dəfə toxunmaq Məkkəyə Həcc ziyarətinə getməyə bəra­bər sayılır.

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Buxara

Sosial həyat