Qarabağ sevdalı qazax yazıçısı

post-img

Qazaxıstanlı yazıçı-publisist Nasiha Kumarqızı ilə “Facebook”da tanış olmuşam. Hiss edirdim ki, tanınmış qazax yazıçısı Azərbaycan tarixinin və mədəniyyətinin heyranlarındandır. Onun xalqımızın Qarabağla bağlı haqq işini qətiyyətlə müdafiə etməsi, ermənilərin məkrli niyyətlərini qətiyyətlə ifşa etməsi diqqətimdən yayınmırdı. 

Ondan da xəbərim vardı ki, Nasiha xanımın iki il əvvəl rus və qazax dillərin­də nəşr etdirdiyi “Qarabağ: evə uzun yol” kitabı oxucular arasında, xüsusilə, böyük əks-səda doğurub. Əsər əvvəlcə müəllifin anadan olduğu Almatıda, sonra Qazaxıs­tanın bir çox böyük şəhərlərində geniş müzakirə olunub. 

Qeyd etmək lazımdır ki, sözügedən kitab ölkəmizin alim və ziyalıları arasında da dərin rəğbət hissi doğurub. AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçi­si Vüqar Əliyev də qazaxıstanlı yazıçı-pub­lisistin yaradıcılığını yaxından izləyir. 

O, bu barədə söz düşəndə bildirdi ki, əsərin səhifələrində Qarabağın uzaq və yaxın keçmişi əks olunmaqla bərabər, müəllifin Qarabağa, onun mədəniyyət mərkəzi olan Şuşaya olan dərin sevgisi özünü büruzə verir. 

Maraqlıdır ki, Nasiha xanımın Azər­baycanla bağlı ilk kitabını rus dilində ya­zıb nəşr etdirdiyi “Bakı qazaxıstanlı xanı­mın gözü ilə” adlanır. Yeri gəlmişkən, bu əsərin çox maraqlı tarixçəsi var. Müəllif bu barədə danışanda dedi ki, o, 2017-ci ilin yayında Kislovodskidə istirahət etmək üçün “Mineralnıye vodı” şəhərinə uçan təyyarəyə bilet almışdı. Lakin birdən-birə özü üçün də gözlənilmədən marşrutu də­yişib. Hansısa bir daxili duyğu onda Bakı ilə yaxından tanış olmaq arzusu yaradıb. 

Beləcə, Nasiha xanım Azərbaycan paytaxtına gəlib, “elə ilk gündən züm­rüd gözlü Xəzərin sahilindəki füsunkar şəhərə, onun halal, saf qəlbli sakinlərinə bərk vurulub”. 

O vaxtdan N.Kumarqızı ölkəmizin yaxın dostuna çevrilib. Bu illər ərzində Azərbaycan təbiətinin gözəlliklərindən bö­yük həvəslə yazmaqla işini bitmiş hesab etməyib, fədakarcasına xalqımızın Qa­rabağ nisgili barədə ağrılarını da qələmə alıb. Xüsusilə, erməni qaniçənlərinin Xo­calı qətliamı zamanı törətdikləri vəhşiliklər ona ağır təsir göstərib. Bu barədə Nasiha xanım belə deyir: 

– O məşum hadisə barədə düşünən­də insanın damarında qanı donur. Xocalı təkcə türk dünyasının deyil, bütün bəşə­riyyətin faciəsidir. Bu faciə ilə bağlı qələmə aldığım məqalələrdə hər dəfə bunu məx­susi olaraq qeyd etməyi özümə borc bi­lirəm ki, Xocalı qatilləri mütləq Beynəlxalq Haaqa Məhkəməsi qarşısına çıxarılaraq layiqli cəzalarına almalıdırlar. 

Yeri gəlmişkən, Nasiha xanım Xoca­lı soyqırımına həsr olunmuş məqalələrə görə erməni millətçiləri tərəfindən dəfələr­lə kəskin hədələrə və təzyiqlərə məruz qalıb. Lakin, bu, onu heç vaxt qorxutma­yıb və bu gün də qorxutmur, öz təbirincə desək, çünki həqiqəti yazır. 

Nasiha xanım 2020-ci ilin payızında 44 günlük şanlı Vətən Müharibəsində Azərbaycanın igid əsgər və zabitlərinin Şuşanı azad etməsi xəbərini sonsuz se­vinc hissilə qarşılayıb, bu barədə sosial şəbəkələrdəki paylaşımlarında qəlbinin ən ülvi hisslərini dilə gətirib. 

2020-ci il aprelin 16-da ona çoxdan ar­zuladığı xoşbəxtlik – Şuşanı öz gözləri ilə görmək səadəti nəsib olub. O, bu barədə ürəkdolusu ilə söz açdı:

– Bu, mənim həyatımın ən xoşbəxt an­ları idi. Şuşa təsəvvür etdiyimdən də qat-qat gözəl və ecazkardır. Bu şəhərin elə bir qeyri-adi aurası var ki, buranı bir dəfə ziyarət edən mütləq bir də gəlmək istəyir. 

Yeri gəlmişkən, qazaxıstanlı yazıçının Birinci Qarabağ müharibəsinin veteranları arasında çoxlu dostları var. Məhz onlar­dan belə bir faktı öyrənib ki, qazaxıstanlı zabit Erbol Barımbəyov İkinci Qarabağ müharibəsi zamanı könüllü olaraq Azər­baycana gəlmiş, erməni yaraqlılarına qar­şı bir çox ağır döyüşlərdə iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur. 

Nasiha xanım hər dəfə Bakıya gələn­də Erbol Barımbəyovun İkinci Şəhidlər xi­yabanındakı məzarını ziyarət edir, üzərinə təzə gül-çiçək dəstələri qoyur. 

Sonuncu dəfə o, Erbolun xatirəsini yad etmək üçün xiyabana şəhidin doğmaları ilə birlikdə gəlmişdi. Burada keçmiş döyüş dostları da toplaşmışdı. O gün dostluq və qardaşlıqla bağlı ən şirin və kövrək xa­tirələri dil açıb danışdı...

M.HACIXANLI
XQ

Sosial həyat