Şəmkir istiqamətində yeni ad göstəricisi – respublikada bir ilk?

post-img

Göygöl rayonunun girişində, Şəmkir istiqamətindən gələn yolun kənarında yerləşdirilən yeni ad göstəricisinin arxa hissəsinin görünüşü diqqət çəkir. Hazırda bu işin cəmi 50 faizi tamamlanıb, amma artıq indidən ərazidən keçənlərin marağına səbəb olub.

Göygöl Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ariz Eyvazovun sözlərinə görə, layihənin üzərində işlər davam etdirilir:

“Hələ işləri tam yekunlaşdırmamışıq. Amma elə bilirəm ki, ad göstəricisinin bu cür tərtibatı respublikada bir ilkdir. Göstəricinin arxa hissəsinin belə bir formada hazırlanması həm estetik, həm də funksional baxımdan yenilikdir. Tamamlandıqdan sonra daha aydın görünəcək ki, bu adi bir məlumat lövhəsi deyil, bölgənin simasını əks etdirən bir bədii elementdir.”

Yeni göstərici yalnız istiqamət göstərmək məqsədi daşımır – o, həm də Göygölün tarixi, təbiəti və müasir görünüşü ilə vəhdət təşkil edən vizual simvoldur. Yerli sakinlər və bu yoldan keçən sürücülər üçün həm informativ, həm də estetik dəyər daşıyan bu işin tam olaraq nə zaman başa çatacağı isə yaxın günlərdə bəlli olacaq.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri





Sosial həyat