Jurnalistikanın halallıq ənənəsi

post-img

Təəssüf ki, illər keçdikcə çağdaş Azərbaycan mediasının əvəzsiz dəyərləri – Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini mükəmməl ali təhsil mərkəzi səviyyəsinə çatdırmış ustadlarımız Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Nurəddin Babayev, Qulu Xəlilov, Tofiq Rüstəmov, Famil Mehdi, Nəriman Zeynalov, Əliş Nəbili və başqaları haqqında keçmiş kimi danışmağa məcbur olduq. Həyatın bu qarşısıalınmaz gedişi və zamanın bu amansız hökmü düz bir il əvvəl – 2022-ci ilin 7 iyununda jurnalistika fakültəsinin professoru Nəsir Əhmədlinin də adını bu sıraya əlavə etdi. 

Hər kəsin yaddaşında səmimi bir sevgi ilə qaldı Nəsir müəllim: gözəl insan, təmkinli müəllim, fədakar alim və hər zaman yeri görünəcək bən­zərsiz ustad! Bu dünyanın baş-ayaq işlərinə əyilmədi, dürüst, ləyaqətli, mərd bir insan ömrü yaşadı. İstedad­lı alim, qayğıkeş ata, sədaqətli dost oldu... 

Nəsir müəllimin Azərbaycan jur­nalistikasındakı xidmətləri o qədər əhatəli və samballıdır ki, bu mükəm­məlliyi sonadək açıqlamağa çətinlik çəkirik. Lakin görünən dağa bələdçi lazım olmadığı kimi, Nəsir müəllimin kimliyi də iri planda gözlərimiz önün­dədir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin yetirməsi olmuş, Azərbaycan Televiziyasında ciddi yaradıcılıq yolu keçmiş, media sahəsində elmlər namizədi və dok­toru dərəcəsi almış, məzunu olduğu ali məktəbdə yarım əsrə yaxın pe­doqoji fəaliyyətlə məşğul olmuş Nə­sir Əhmədli bunlarla yanaşı, praktik dilçilikdə informasiya-publisistika üslubu və nitq mədəniyyəti ilə bağlı öz məktəbini də yaratdı, ardıcıllarını yetişdirdi. 

Professor Nəsir Əhmədlinin belə bir mötəbər mövqeyə yüksəli­şi ustadlarına sevgi və bağlılıqdan, onların dəyər və etimadından qay­naqlanıb. Bu sırada o, BDU-nun jur­nalistika fakültəsinin yaradıcıların­dan olmuş Şirməmməd Hüseynovun adını ayrıca çəkərdi.

Nəsir Əhmədlinin ölümündən əv­vəl öz ustadı haqqında yazdığı və üs­tündə “Xalq qəzeti” üçün qeydi olan məqalə də bu məxsusi sevgi-sayğı­nın yadigarıdır. Həmin yazını alimin arxivindən əldə edərək hər iki usta­dımızın ruhuna dərin ehtiramla geniş auditoriyaya təqdim edirik.

I. Qəbul imtahanında, yaxud Şirməmməd Hüseynov mənim “dayı”m olub

1966-cı il avqustunda ADU-nun (in­diki BDU) filologiya fakültəsinin jurnalis­tika şöbəsinə qəbul imtahanı verirdim. İlk imtahandan (Azərbaycan dili və ədə­biyyat - yazılı) “5” almışdım. Növbəti im­tahan həmin fənnin şifahisindən idi. Bilet çəkib ön sırada əyləşdim. Suallarla ta­nış olanda gördüm ki, müəllimlərdən biri (sonra biləcəkdim: Famil Mehdi) о birinə (professor Əlövsət Abdullayevə) deyir: “Bu, Şirməmməd müəllim deyən oğlan­dır. Özünü çağırmaq lazımdır”. Sanki, bu sözləri gözləyirmiş kimi, Şirməmməd müəllim (о vaxt nə adını bilirdim, nə də üzünü görmüşdüm) auditoriyaya daxil oldu. İşarə elədilər ki, bu, həmin oğlan­dır. Мənə yaxınlaşıb suallarıma baxdı: 1) M.F.Axundovun “Puşkinin ölümünə Şərq poeması”; 2) Süleyman Rüstəmin Cənub şeirləri; 3) Cümlə təhlili.

– Hə, balası, fikirləşmədən danışa bilərsən?

– Bəli, – cavab verdim.

Məndən imtahanın iki sualını о özü (O vaxt Şirməmməd müəllim fakültənin dekan müavini imiş, jurnalistika şöbə­sinə qəbulun məsuliyyətini о daşıyırmış) götürdü. İlk sualı “Poema hansı dildə ya­zılıb?”– oldu.

– Farsca, – fikirləşmədən cavab ver­dim.

– Bir parça əzbər deyə bilərsənmi?

– Kimin tərcüməsində?– bu dəfə mən sual verdim.

– Kimlər tərcümə edib ki?

– Mikayıl Müşfiq, Cəfər Xəndan, Bö­yükağa Qasımzadə...– sözümü tamam­laya bilmədim.

– Mikayıl Müşfiqin.

– Gecə etdim uyğumu gözümdən kənar, Sordum: “Ey sirr çeşməsi ürəyim, nə var?..”

– Bəs Cəfər Xəndanda necə başla­nır?

– Gözlərimdən yuxu qaçmış, məni boğmaqda xəyal, Düşünən beynimi sar­mış yenə bir qəmli sual...

– Keç ikinci suala. “Cənub şeirləri”nin qayəsi nədir?

Düzü, başqa bir müəllim bu sua­lı versə idi, bəlkə də, başqa bir cavab verərdim. Amma Şirməmməd müəllimə ciddi bir güvənclə içimdən gələn çavabı verdim: 

– Bütöv Azərbaycan. Əvvəl-axır Azərbaycan birləşib bütöv olacaq… 

Təkidlə üzümə baxdı və bir anlıq sü­kutdan sonra, cümlə təhlilinə keç,– dedi. Cavabımı dinləmədən üzünü rəhmətlik Əlövsət müəllimə tutaraq:

– Kişinin qiymətini köçür aşağı (yəni keçən imtahandan aldığı “5”-i). Bu, gələ­cəkdə jurnalistika fakültəsinin professo­ru olacaq.

Sonradan öyrəndim ki, mənim yazı işim yoxlanarkən də həlledici sözü Şir­məmməd müəllim deyibmiş. “Qəhrəman Azərbaycan qadınları” adlı sərbəst in­şam mübahisələrə səbəb olub. Deyib­lər ki, dövrün Bəsti Bağırova, Şamama Həsənova, Sevil Qazıyeva kimi əmək qəhrəmanları haqqında bircə cümlə yazılıb, ən çox Tomrisdən, Nüşabədən, Nigardan, Həcərdən bəhs olunur. Şir­məmməd müəllimin sözü kəsə olub: “Bu düşüncənin sahibi “5” almalıdır”. Kimsə pıçıldayıb ki, bəs deyirdilər, bu heç kəsi universitetə düzəltmir?! Şirməmməd müəllimin qulağı pıçıltını çalıb və cavab verib ki, gələcəkdə görərsiniz mənim düzəltdiyim kimdir…

II. “Pravda” və müstəqillik

Şirməmməd müəllim III kursda bizə “Partiya-sovet mətbuatı tarixi” fənnindən dərs deməyə başladı. “İskra”dan, “Prav­da”dan, “Proletari”dən danışırdı. Amma elə danışırdı ki, elə bil bunlar bolşevik qəzetləri deyildi, gələcəkdə Azərbay­can jurnalistlərinə lazım olacaq təcrübə məktəbi idi. Şirməmməd müəllimin о vaxt bizi Azərbaycanın müstəqillik döv­rünə hazırladığını xeyli sonralar başa düşdük.

III. “Sənin baban Şaumyandır, yoxsa Əmiryan?”

1918–20-ci illərin bolşevik mətbua­tından danışanda tələbələrdən biri ya­na-yana dedi: “Heyif ki, 1918-ci ildə bi­zim babalarımızı – 26 Bakı komissarını ingilislər güllələyiblər”. 

Şirməmməd müəllim dözə bilməyib cavab verdi: “Şəxsən mənim elə baba­larım olmayıb. Bəs səninki hansıdır – Şaumyan, yoxsa Əmiryan?”

IV. “Burjua cəmiyyətində jurnalistlər təqib olunur”

Dördüncü kursda Şirməmməd müəl­lim bizə “Xarici ölkələrin kommunist və fəhlə mətbuatı tarixi”ni tədris edib. Özü də necə? Məsələn, Vyetnam mətbua­tından danışanda deyirdi ki, Vyetnam vətənpərvərləri yadelli işğalçılara qar­şı mübarizə aparanda qarınlarını cırıb qumbaranı oraya yerləşdirirlər ki, əsir düşəndə də yağılara ziyan vura bilsinlər. Sonra astadan əlavə edərdi: “Vətənin müstəqilliyini belə qoruyarlar, bizim kimi yox”.

Xarici mətbuat dərslərində “Deyli uorker”, “Morninq star”. “Humanite” kimi kommunist qəzetlərinin çıxma tarixini göstərəndən sonra daha çox “burjua” qəzetlərindən danışar, oradakı müəlliflə­rin yazılarını vətənpərvərlik baxımından təhlil edərdi. Məsələn, İspaniya mətbua­tından danışanda özü ilə Mariano Joze de Larranın “Satirik oçerklər” kitabını gətirmişdi. Mən həmin kitabdakı oçerk­ləri tələbələr qarşısında ucadan oxuyub, birbaşa tərcümə edirdim. Yadımdadır: bir dəfə Larranın “Sən saydığını say, gör fələk nə sayır, yaxud jurnalist ol­maq nə deməkdir” oçerkini oxuyanda Şirməmməd müəllim gördü ki, tələbələr­dən biri (onun haraya xidmət etdiyini bəzilərimiz bilirdik) çox narahatdır və qarşısındakı kağıza nəsə yazır. Dərhal mənim sözümü kəsib dedi: “Görürsünüz dəə, uşaqlar, burjua cəmiyyətində jurna­listləri necə təqib edirlər”.

Sonralar mən həmin oçerkin tər­cüməsini “Müxbir” jurnalında dərc etdir­mək istəyəndə Qlavlit (senzura) icazə vermədi. Jurnalın redaktoru Oqtay Cəfərov Şirməmməd müəllimlə məs­ləhətləşəndən sonra ona bir ön söz yazdıq. Məzmunu, təxminən, belə idi ki, əziz oxucular, biz sovet jurnalistləri çox xöşbəxtik, kapitalist ölkələrində isə on­ların heç bir azadlığı yoxdur. Bundan sonra tərcümə növbəti nömrədə dərc edildi və çox böyük əks-səda doğurdu...

“Xarici mətbuat” dərslərində Şir­məmməd müəllimin xüsusi diqqət ye­tirdiyi məsələlərdən biri də Azərbaycan mətbuatının beynəlxalq əlaqələri idi. Əcnəbi müəlliflərin Azərbaycan mətbu­atında dərc olunmuş yazılarını və xarici mətbuatda respublikamız haqqındakı məqalələri özü ilə gətirib bizə oxudar­dı. О vaxtdan məndə bu sahəyə həvəs yarandı və xarici publisistikada Azər­baycan mövzusuna dair əvvəl diplom işi, sonra isə namizədlik dissertasiyası yazdım.

V. Qəbul imtahanından 9 il sonra

1971-ci ildə fakültəni bitirib Azərbay­can Televiziyasına təyinat aldım. Yеnə də Şirməmməd müəllimin köməyi ilə. O vaxt jurnalistika şöbəsi fakültəyə çev­rilmişdi və Şirməmməd müəllim dekan idi. 4 il yarım orada çalışdım. 1975-ci ilin dekabrında şəxsən özü zəng vurub məni fakültəyə işə dəvət etdi. Onda ilk yadıma düşən bu oldu: demək, Şir­məmməd müəllim heç nəyi unutmayıb, 1966-cı ilin avqustunda qəbulda dediyi, bu oğlan gələcəkdə fakültənin müəllimi olacaq sözünü də... Beləliklə, o vaxtdan fakültədə işə başladım.

Hazırda jurnalistika fakültəsində ça­lışan professor və dosentlərin əksəriy­yətini müxtəlif vaxtlarda məhz Şirməm­məd müəllim seçib işə götürüb. Ona görə də...

VI. Halallıq ənənəsinin müəllifi

Ona görə də BDU-nun jurnalistika fakültəsi, bəlkə də, yeganə yerdir ki, heç bir müəllim heç bir tələbə qarşısında gö­zükölgəli deyil. Bunu məzunlar da təsdiq edə bilər, bugünkü tələbələr də. Bu ha­lallıq ənənəsinin müəllifi məhz uzun illər fakültədə müxtəlif rəhbər vəziyələrdə iş­ləmiş professor Şirməmməd Hüseynov olub. 

70-ci illərin əvvəllərində fəlsəfə müəllimlərindən birinin qiyabiçi tələbə­dən rüşvət alması barədə Şirməmməd müəllimə siqnal çatır və fakt təsdiqlən­dikdən sonra həmin müəllim dərhal həbs olunur. Müstəqilliyin ilk çətin illərin­də, elə bugünün özündə də jurnalistika fakültəsinin müəllimləri ağır iqtisadi du­rum qarşısında əyilməmək, sınmamaq üçün öz əsas iş yerləri ilə yanaşı, ya bir neçə özəl universitetdə də dərs deyir, ya da müxtəlif informasiya vasitələrində çalışaraq başlarını əvvəlki kimi уеnə də dik tuturlar. 

Harada işləmələrindən asılı olmaya­raq fakültə məzunları öz müəlllimlərinə halallıq nümunəsi kimi baxırlar, həmişə onların yolunu saxlayırlar. Bunlar Şir­məmməd müəllimin qoyduğu böyük ənənələrdən biridir... 

 

Nəsir ƏHMƏDLİ,
BDU-nun professoru

20 iyun 2020-ci il



Sosial həyat