Bu yaxınlarda Özbəkistanda Dilbər Heydərovanın tərcüməsində “Azərbaycan şeir antologiyası” çapdan çıxıb. Bu antologiya XII əsrdən üzübəri 120 Azərbaycan şairinin yaradıcılığını əhatə edir. Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda həmin kitabın təqdimat mərasimi keçirildi.
Tədbirdə çıxış edənlər bildirdilər ki, Azərbaycan–Özbəkistan ədəbi əlaqələrinin çoxəsrlik zəngin tarixi var. Müstəqillik qazandığımız son 32 ildə bu əlaqələr yeni müstəvidə uğurla davam etdirilir. Qarşılıqlı səfərlər olur, Azərbaycan ədəbiyyatının Özbəkistanda, özbək ədəbiyyatının Azərbaycanda təbliği geniş vüsət alır. Ötən ilin iyununda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı Prezident Şavkat Mirziyoyev ölkəmizin rəhbərinə Məhəmməd Füzulinin əlyazmasını hədiyyə edib və bunu bizim ümumi sərvətimiz kimi dəyərləndirib. Bu ilin mart ayında Özbəkistan Prezidentinin sərəncamı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, TÜRKSOY Yazıçılar Birliyinin fəxri prezidenti, Xalq yazıçısı Anara “Dostluq” ordeni təqdim olunub.
Daha sonra ədəbi əlaqələr sahəsində özbək yazarlarından Xasiyyət Rüstəmin, Rəhmət Babacanın və digər tanınmış qələm adamlarının müstəsna rolu qeyd edildi və şair-tərcüməçi Dilbər Heydərova iştirakçılara təqdim olundu. Dilbər xanım Moskvada Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirib. Davamlı olaraq Azərbaycan poeziyasından tərcümələr etməklə məşğuldur, şeir və nəsr nümunələri dünyanın bir çox dillərinə tərcümə olunub.
Azərbaycanlı qələm dostlarının əhatəsində onunla söhbət fürsətini yaxalamaq bir az çətin oldu. Təqdimat mərasimindən sonra da digər tədbirlərdə iştirak edəcəyindən çox tələsirdi. Amma ayaqüstü də olsa, söhbətləşə bildik və eksklüziv müsahibəmiz baş tutdu.
– Dilbər xanım, Azərbaycana xoş gəlmisiniz!
– Təşəkkür edirəm! Azərbaycan hər zaman bizim könlümüzdədir. Bakıya ilk gəlişim deyil, əvvəllər də səfərlərim olub. Burada çoxlu dostlarım var, onlarla bir yerdə olmaqdan böyük məmnunluq hissi keçirirəm. Bizim xalqların ədəbi dostluq tarixinə nəzər salanda öncə Səməd Vurğun–Qafur Qulam, Mirvarid Dilbazi–Zülfiyyə dostluqları xatırlanır. Bu əlaqələr hər iki xalqın ədəbiyyatının yaxınlaşmasına xidmət edib və buna görə bu gün də onları minnətdarlıqla xatırlayırıq. Hazırda biz həmin ənənəni davam etdirmək üçün çalışırıq. Qələm dostlarımızla görüşmək isə ayrı zövqdür. Mən Azərbaycan poeziyasını çox sevirəm.
– Necə oldu ki, belə bir kitabı ərsəyə gətirdiniz?
– Zaman-zaman Azərbaycan poeziyasıyla maraqlanmışam və ara-sıra sevdiyim şairlərin şeirlərini özbək dilinə tərcümə etmişəm. Bir də baxıb gördüm ki, şeirlərini tərcümə etdiyim şairlərin sayı 100-ü keçib. Ömrümün 6 ilini bu işə sərf etmişəm. Sonra düşündüm ki, bu şeirləri bir yerə toplayıb antologiya kimi çap etdirək, özbək oxucuları Azərbaycan poeziyasını küll halında oxumaq imkanı qazansınlar. Kitaba ön sözü filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova yazıb.
– Topluda hansı şairlərin əsərləri yer alır?
– İmadəddin Nəsimidən üzübəri Xurşudbanu Natavana, Bəxtiyar Vahabzadəyə, Məmməd Araza qədər Azərbaycan poeziyasının müxtəlif dövlərdə yaşamış böyük şairlərinin şeirlərini çevirmişəm. Müasir şairlərdən Səlim Babullaoğlu, Baba Vəziroğlu, Rüstəm Behrudi, Adil Cəmil, Maarif Soltan, İbrahim İlyaslı və digər tanınmış şairlərin şeirlərindən seçmələr də var.
– Bu antologiyanın davamı olacaqmı?
– Təbii, mütəmadi olaraq Azərbaycan şairlərinin sevdiyim şeirlərini özbəkcəyə çevirmək artıq sevimli peşə vərdişimə çevrilib. Şübhəsiz, bu iş gələcəkdə də davam etdiriləcək, əməkdaşlığımız daha da genişlənəcək. Bu antologiya Azərbaycan ədəbiyyatının Özbəkistanda daha dərindən öyrənilməsi üçün bir mənbə olacaq. Azərbaycan–özbək ədəbi əlaqələrinin inkişafına töhfə verməyə çalışmışam və bundan çox məmnunam.
– Səfər təəssüratınız necədir?
– Möhtəşəm. Bütün azərbaycanlı qələm dostlarıma sevgi və sayğılarımı çatdırıram. Burda hörmət-izzət, təbii bir mehribanlıq gördüm, bu, məni xoşbəxt elədi. Təəssüratlarım zəngindir və ömrüm boyu bu mehmannəvazlığı unutmayacağam. Bu tədbirdə də Azərbaycanın tanınmış qələm adamlarını gördüm, fərəhləndim. Gəncə və Sumqayıt görüşləri də qəlbimi dağa döndərdi. Bu doğma münasibət çox qürurvericidir.
Görürəm ki, sizlər özbək mədəniyyəti ilə yaxından tanışsınız, bizim ədəbiyyatımızı izləyirsiniz, tarixi köklərinə bələdsiniz. Özbək ədəbiyyatının böyük şairi Əlişir Nəvai Azərbaycanda sevilir. Bu kontekstdə xeyli işlər görülüb. Eyni zamanda, Özbəkistanda da Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsi dərindən öyrənilir. Bildiyimiz kimi, Nəvai Nizaminin əsərlərindən ilham alıb, onu “şairlərin şahı” adlandırıb. Digər klassik Azərbaycan şairlərinin də ədəbi irsi tədqiqatçılar tərəfindən araşdırmalara cəlb olunur. Biz də bu yolu davam etdirməyə çalışırıq.
– Dilbər xanım, sizə bu yolda uğurlar arzulayırıq. Yəqin ki, gələcəkdə Azərbaycanda da kitabınızın nəşrini planlaşdırırsınız.
– Sağlıq olsun. Əsas odur ki, dəyərli kitablar hasilə gətirək.
Kənan HACI,
yazıçı-publisist