Bu günlər ölkəmizdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi böyük təntənə ilə qeyd edilir. Təbii ki, ulu öndər Azərbaycan və xalqımız qarşısında böyük xidmətlər göstərib. Onları sadalamaqla qurtara bilmərik. Odur ki, biz şahidi olduğumuz hadisələr haqqında söz aça bilərik.
Heydər Əliyev keçən əsrin 90-cı illərində ölkədəki hərc-mərcliyin, ictimai-siyasi və hərbi xaosun qarşısını almaqla yanaşı, həm də Azərbaycanın daxili və xarici siyasətinin prioritetlərini dəqiq və aydın müəyyənləşdirdi. O illərdə respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən düzgün xarici siyasətin yeridilməsi idi. Dövlət müstəqilliyini təmin etmək, dünya dovlətləri ilə bərabərhüqüqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək, Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmək, ölkə iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün dövlət müstəqilliyinin yaratdığı imkanlardan səmərəli istifadə etmək tələb olunurdu.
Xalqın təkidli tələblərindən sonra ikinci dəfə ölkəyə rəhbərliyə başlamış ulu öndər Heydər Əliyev bu böyük və eyni zamanda, şərəfli vəzifələrin məsuliyyətini öz üzərinə götürdü. Prezident Heydər Əliyev ölkədə sosial-iqtisadi inkişafa nail olunması, Ermənistanın təcavüzünün dayandırılaraq atəşkəs əldə edilməsi sahəsində gərəkli addımlar atdı. Sonrakı illərdə onun apardığı siyasət müstəqilliyin qorunub saxlanmasına, inkişaf etdirilməsinə, bütün sahələrdə milli maraqların qorunmasına xidmət etdi.
Ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasəti sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcı yanaşma ilə davam etdirildi. Sonda isə bütün bunlar ölkəmizin beynəlxalq imicinin yüksəldilməsi, müstəqillik və suverenleyimizin möhkəmləndirilməsi, sosial-iqtisadi uğurlarımızın artması və nəhayət, 44 günlük müharibədə torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin olunması ilə nəticələndi.
Bunlar xalqımızın böyük oğlu Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyinin şəksiz uğurlarıdır. Onun hakimiyyətinin birinci dövrü – 1969-1982-ci illər də Azərbaycanın tarixində inkişaf dövrü kimi qalıb. Bu illərdə Azərbaycan SSRİ miqyasında geridə qalmış aqrar ölkədən qabaqcıl sənaye ölkəsinə çevrildi. Xalqımız hərtərəfli inkişafa nail oldu. Yeni texnologiyalar, elektronika, maşınqayırma, cihazqayırma, kimya sənayesi intişar tapdı. Heydər Əliyevin SSRİ rəhbərliyi qarşısında qoyduğu tələblərin yerinə yetirilməsinin nəticəsi olaraq Azərbaycan böyük bir tikinti meydanına çevrildi. Yeni fabriklər, zavodlar, sosial və infrastruktur obyektləri tikilib istifadəyə verildi. Ölkədə təhsilin, səhiyyənin inkişafı qayğısına qalındı.
Ulu öndərin Azərbaycanda təhsilin inkişafı üçün gördüyü nəhəng işlər haqqında da danışmaya bilmərəm. Heydər Əliyev hakimiyyətinin həm birinci, həm də ikinci dövründə milli təhsilə böyük qayğı göstərib. Bir çox ali məktəblər məhz o illərdə genişləndirilib, bütün ölkə boyu yeni orta məktəblərin tikintisi vüsət alıb. Müəllim kadrların yüksək səviyyədə hazırlanmasına diqqət artırılıb. Təhsil sahəsində neqativ hallara qarşı mübarizəyə respublika rəhbəri Heydər Əliyev şəxsən özü nəzarət edib.
O zaman azərbaycanlı tələbələrin SSRİ-nin müxtəlif şəhərlərinə, əsasən də Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Kiyev və Minskə göndərilməsi məsələsi barədə isə ayrıca danışmaq lazımdır. Böyük siyasətçi Heydər Əliyev bunu Azərbaycanın gələcəyi üçün edirdi. Bu gənclər, bir tərəfdən, dünyanın nüfuzlu ali təhsil ocaqlarında elmlərin sirlərinə daha dərindən yiyələnir, digər tərəfdən, ayrı-ayrı xalqların mədəniyyətləri ilə də tanış olaraq dünyagörüşlərini zənginləşdirirdilər. Sonradan onlar Azərbaycana qayıtdıqda çalışdıqları sahələrin bacarıqlı mütəxəssisləri olurdular. Ulu öndər onların taleyi ilə həm təhsil aldıqları, həm də işlədikləri dövrdə yaxından maraqlanır və irəli çəkilmələrinə şərait yaradırdı.
Sədaqət VƏLİYEVA,
Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi