Laçınlılar qayıdış gününü gözləyirlər

post-img

Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan yeni mərhələsini yaşayır. Artıq işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülür, kəndlər, şəhərlər yenidən salınır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “...Düzdür, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq”.

Görülən işlər, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhali­nin daimi məskunlaşmasına və davamlı iqtisadi fəallığının təmin olunmasına xidmət edir, düşməndən təmizlənmiş ərazilərə böyük qayıdışı sürətləndirir. 

Öz doğma kəndinə qayıtmaq istəyənlərdən biri də Laçın rayonunun Şəlvə kənd inzibati ərazisinə daxil olan Dambulaq kənd sakini Rəhman Hüsey­novdur. O deyir: “30 il dözdük, inanırdıq ki, yaman günün ömrü az olar, gec-tez yenə öz dədə-baba torpaqlarımıza qa­yıdacağıq. Bizi uzun illər yaşadan da bu inam, ümid oldu. Sonda ümidimiz real­lığa çevrildi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordu­su əzəli, tarixi torpaqlarımızı, o cümlə­dən Laçın rayonunu işğaldan azad etdi. Rayonda yeni quruculuq və bərpa döv­rü başlandı. Bu sevinci bizə yaşadan dövlətimizin başçısına, rəşadətli Ordu­muza, qəhrəman əsgər və zabitlərimizə minnətdaram, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. 

Laçına qayıdış xəbərini də sevinclə qarşıladıq. Bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Döv­lət Komitəsinin əməkdaşları tərəfindən məcburi köçkünlər üçün yaşayış qəsə­bəsində keçirilən sorğuya cavab olaraq hamımız qayıtmaq niyyətində olduğu­muzu bildirdik. Eşitdiyimə görə, 2023-cü ildə keçmiş məcburi köçkünlər Laçın şəhərinə, Zabux və Sus kəndlərinə, öz doğma torpaqlarına qayıdacaqlar. 

Laçın şəhərinə 500 ailə, Zabux kən­dinə 223, Sus kəndinə 73 ailənin qayı­dışı həyata keçiriləcək. Rayonun digər yaşayış sahələrində də bərpa və quru­culuq işləri tamamlandıqdan sonra hə­min ərazilərdə insanların mərhələli şə­kildə yerləşdirilməsi reallaşacaq. Biz də yaxın iki-üç ilə kəndimizə qayıdacağıq. 

Artıq Dambulaq kəndi yolumuzu gözləyir. İndi məni kəndimizdən 30 ilə yaxın zaman məsafəsi ayırır. Doğma yerlərə dönmək arzusu, bir an da olsa, məni tərk etmir. O dağlar, yaşıl vadilər, soyuq bulaqlar, kəndimizin təmiz havası maqnit kimi hamını özünə çəkir”. 

R.Hüseynov söhbətində doğma yur­dundan didərgin salındığı illər ərzində çox əziyyətlər çəkdiyini, Laçın həsrətinə dözməyərək dünyasını dəyişən neçə-neçə yaxınını, dostunu itirdiyini söylə­yir. Daha sonra o doğmalardan birini– Əhliman Hətəmovu xatırlayır: “Yaxşı mal-qarası, qoyun sürüsü vardı. Bu səbəbdən də ailəsi ilə kəndi ən axırıncı tərk edənlərdən biri idi. Kəlbəcər tuneli düşmən tərəfindən tutulduğundan geri qayıdaraq Başlıbel kəndi yaxınlığındakı mağaraya sığınmışdı. Düşmən 1993-cü il aprelin 18-də kənddəki mal-qara­nı yığıb apararkən insanların gizləndiyi yeri aşkar etmişdi. Atışma nəticəsində mağarada Başlıbel kəndinin 12 sakini qətlə yetirildi. Onlardan 2 nəfəri azyaş­lı, digərləri isə nisbətən yaşlı sakinlər idi. Qətlə yetirilənlər arasında Əhliman Hətəmov və Zərdab rayonundan olan hərbçi Vüqar Abdullayev də vardı. Əhli­man cəzarətli, qorxmaz, sözünü deyən, mərd adam idi. Şükür Allaha, ailəsini xi­las etmək mümkün oldu”.

Rəhman kişi arzularından da söh­bət açır. Kənd təsərrüfatı mütəxəssisi kimi Dambulağa qayıdandan sonra ailə təsərrüfatı yaradacağını, heyvandarlıq­la məşğul olacağını bildirir. Bu zaman bir vaxtlar Şəlvə kolxozunda təsərrüfat briqadiri işləyərkən əldə etdiyi təcrübə­dən yararlanacağını söyləyir. 

Söhbətə qoşulan Binnət Həmidov isə deyir: “Laçından çıxanda fikirləşir­dim: görəsən, bir daha geri qayıtmaq mənə qismət olacaqmı? Taleyimdə bu günləri görmək də varmış. İndi Laçında abadlıq-quruculuq işləri görülür, rayon yenidən qurulur. Allaha şükür ki, kənd­lərimiz, el-obamız azaddır. Səbirsizliklə Laçına qayıdacağımız günü gözləyirik. Qalan ömrümü orada yaşamaq ən bö­yük istəyimdir”. 

Bu deyilənlərdən sonra əminliklə söyləmək olar ki, 30 illik işğala 44 gündə son qoyan Azərbaycan düşməndən tə­mizlənmiş ərazilərdə yenidənqurma və bərpa işləri aparmaqla dayanıqlı inkişafı təmin edəcək, keçmiş məcburi köçkün­lərin ata-baba yurduna qayıdışı yüksək səviyyədə təşkil olunacaq. Qəsbkardan xilas edilən ərazilər isə növbəti onillik­lərdə Azərbaycan iqtisadiyyatına böyük töhfələr verəcək, qeyri-neft sektorunda yeni gəlirlərin əldə edilməsinə, iş yerlə­rinin yaradılmasına təkan verəcək. 

 

Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat