Qərbi Azərbaycanın Göyçə mahalında əhalisi əsrlər boyu binə-məskən olduğu doğma elindən min bir vəhşiliklə qovulmuş, varidatı talanmış, axar-baxarı soldurulmuş yurd yerlərimizdən biri də Toxluca kəndidir. Tarixən Göyçənin iri yaşayış məntəqələrindən sayılmış Toxluca kəndi XVIII əsrdə İrəvan əyalətinin Dərəçiçək nahiyyəsinə, rus işğalından sonra İrəvan quberniyasının Novobayazid qəzasına, sovet dövründə isə Ermənistanın Çəmbərək (Krasnoselo) rayonunun ərazisinə daxil olmuşdur.
Toxluca Göyçə gölünün sahilində, dörd tərəfi dağlarla əhatə olunmuş bir cənnətməkan ərazidə yerləşirdi. Toxluca adı da Azərbaycan dilində dağlıq yer mənasını ifadə edən “dağlıqca” sözünün fonetik forması əsasında əmələ gəlmişdir. Toponimin etimoloji təhlilini apararkən belə qənaətə gəlirik ki, yaşayış məntəqəsinin birinci komponentini təşkil edən tox türk dillərində “dağ” mənasında işlənən “to”, “toğ” sözlərinin fonetik formasıdır. Eyni zamanda qədim türk dilində “toğ (tuğ)” sözü “bənd”, “sədd”, “çəpər” mənalarında işlənir. Toponimin ikinci komponenti -lu (əsli -luq) və -ca şəkilçilərindən ibarətdir və Toxluca “dağlıq ərazi” mənasını ifadə edir.
Kənddə XV–XIX əsrlərə aid orta əsrlər qəbirstanlığı var idi. Tədqiqatçı Nazir Əhmədli Göyçənin kameral təsviri ilə bağlı kitabında göstərir ki, mahalın 1831-ci il kameral təsvirində kənddə qarapapaq tayfası, 1842-ci il kameral siyahıyaalmasında isə qarapapaqların bosçalı tayfası yaşamışdır. 1831-ci ildə burada 296, 1919-cu ildə 1199 nəfər azərbaycanlı yaşamışdır. Həmin ilin mart ayının ortalarında erməni silahlı bandaları azərbaycanlılari Toxlucadan vəhşicəsinə qovulmuşlar. Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin keçmiş sakinləri öz doğma evlərinə dönə bilmişlər. 1922-ci ildə kənddə 1176, 1987-ci ildə 2 min 985 nəfər azərbaycanlı yaşamışdır.
Toxluca kəndinin yetirmələri Azərbaycan elminin inkişafına öz töhfələrini vermişdir. Akademik Hüseyn Əhmədov, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədalıyev, pedoqogika üzrə elmlər doktoru, professor Həsən Bayramov, tarix elmləri namizədi Şövqi Əhmədov, coğrafiya elmləri namizədi Akif Əhmədov, kimya üzrə fəlsəfə doktoru, dosent Vaqif Həsənov, kimya elmləri namizədi İntizar Sərdarov, fizika üzrə fəlsəfə doktoru Nazim Əhmədov, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Əliyənnaqi Məhərrəmov, filologiya üzrə fəlsəfə doktoru, dosent Həqiqət Hacıyeva, iqtisadiyyat üzrə fəlsəfə doktoru Fazil İsmayılov, iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhəmməd Məmmədov, pedaqogika üzrə fəlsəfə doktoru Sara Bayramova, iqtisadiyyat üzrə fəlsəfə doktoru Həbibə Qələndərova, tibb üzrə fəlsəfə doktoru Ramin Bayramov, pedaqogika üzrə fəlsəfə doktoru Firudin Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Almaz Bədəlova, pedaqogika üzrə fəlsəfə doktoru Qüdsi Bayramov, iqtisadiyyat üzrə fəlsəfə doktoru Vilayət Ramazanov, fizika üzrə fəlsəfə doktoru Razim Bayramov, tibb üzrə fəlsəfə doktoru Samirə Məmmədalıyeva, eləcə də Azərbaycanın Cənubi Koreyadakı fövqəl-adə və səlahiyyətli səfiri Ramin Həsənov Toxluca kəndinin yetirmələridir.
Vaxtilə türkəçarələrin və ya digər millətlərdən olan həkimlərin ümidinə qalan Toxluca kəndinin sakinləri bu gün toxlucalı həkimlər ordusu fəxr edirlər. Toxluca kənd orta məktəbində tədrisin yüksək səviyyədə aparılması öz səmərəli nəticəsini vermişdir. 1940-cı illərə kimi məktəbin məzunları, əsasən, müəllimlik arzusunda olmuşdular. Bu ənənəni ilk dəfə Məhərrəm Qələndərov qırmışdı. O, Azərbaycan Dövlət Tibb İnstitutunun bitirərək Toxluca kəndinə dönmüş, yerli xəstəxanada çalışmışdır. 1988-ci ildə ata-baba yurdundan didərgin düşən M.Qələndərov Bakı şəhərində 6 nömrəli xəstəxananın baş həkimi olmuş, Əməkdar həkim fəxri adına layiq görülmüşdür.
Tibb üzrə elmlər doktoru, professor Vaqif Qələndərov, tibb üzrə elmlər doktoru, professor, Əməkdar həkim Yusif Əliyev, tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim Firdovsi İbrahimov, tibb üzrə fəlsəfə doktoru Ramin Bayramov, tibb üzrə fəlsəfə doktoru Samirə Məmmədalıyeva, Səyyarə Məmmədova, Tofiq Məmmədov, Mürsəl Haqverdiyev, Vahid İbrahimov, Qurban Ramazanov, Mehriban Qəhrəmanova, Vidadi Əliyev, Kamil Əliyev, Qədir Həsənov, Əbülfət Həsənov, Kamil Bəhmənov, Nurəli İsmayılov, Şəhrəbanı Məmmədova, Elbəyi Daşdəmirov, Ələkbər Haqverdiyev bir həkim kimi xalqımızın sağlamlığının keşiyində vəzifə borclarını ləyaqətlə yerinə yetirməkdədirlər.
Ulu Göyçənin bir parçası olan Toxluca kəndinin yetirmələri Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsində canlarını qurban verərək şəhidlik zirvəsinə yüksəlmişlər. Toxlucalılardan Əliyev Kamil Qəmət oğlu (həkim), Ələkbərov Nizami Xıdır oğlu, Bəhmənov Zakir Yusif oğlu, Məmmədov Şahin Səməd oğlu, İsgəndərov Hüsaməddin Mehfalı oğlu (zabit), İsmayılov Arif Sadıq oğlu, Aslanov Vüqar Əmiraslan oğlu, Məmmədov Məhəmməd Müzəffər oğlu, Ələsgərov Fərhad Məhəmməd oğlu, Mansırov Rafiq Bayram oğlu, Mansırov Zakir Xıdır oğlu, Hacıyev Bəxtiyar Yunis oğlu, Hüseynov Zülfüqar Hüseyn oğlu, Qasımov Yolçu Mehralı oğlu və Bayramov Məhərrəm Hüseyn oğlu kimi şəhidlərin adları həmişə qürurla anılır, iftixarla xatırlanır.
1988-ci ilin noyabr-dekabr aylarında Toxluca kəndinin sakinləri daşnakxislət ermənilərin növbəti qanlı təcavüzünə məruz qalmış və Ermənistan dövləti tərəfindən tarixi torpaqlarından deportasiya olunmuşlar. Azərbaycanlılar kənddən qovulduğu dövrdə burada 3 minədək azərbaycanlı yaşayırdı. Ermənistan rəhbərliyi 1991-ci ilin martında Toxluca kəndinin adını dəyişdirib Draxtik qoymuşdur. İndi toxlucalıların doğma yurdunda hərəsi bir dərədən gəlmiş haramzada ermənilər məskunlaşıb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 2020-ci ilin payızında Ermənistanın işğal etdiyi tarixi torpaqlarımızı – Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi. Bununla ölkəmizin ərazi bütünlüyü təmin olundu və şəhidlərimizin qanı düşmənlərdən alındı. Bundan 2 il sonra isə dövlət başçısının xeyir-duası ilə Qərbi Azərbaycan icmasının deportasiya olunduğu tarixi torpaqlara qayıdışı uğrunda dinc və ləyaqətli prosesə start verildi. Bu hərəkata hamılıqla qoşulan toxlucalılar doğma yurda qayıdacaqlarına ürəkdən inanır və bu mübarizədə öndədirlər.
İbrahim BAYRAMOV, 
ADPU-nun şöbə müdiri, professor


 
                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                     
                                     
                                    