Azərbaycan Səfəvilər imperiyası dağıldıqdan və Nadir şah Əfşarın qısamüddətli hakimiyyətindən sonra Çuxursəd bəylərbəyliyi ərazisində İrəvan və Naxçıvan xanlıqları meydana gəlmişdir. Şimali Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan və Naxçıvan xanlıqları da inzibati-ərazi quruluşuna görə mahallara, mahallar isə kəndlərə bölünmüşdür.
İrəvan xanlığının yerləşdiyi coğrafiya haqqında rusdilli müəllif N.Dubrovin yazır ki, bu ərazi şimaldan Pəmbək, Şəmşəddil, Qazax sultanlıqları və Gəncə xanlığı, şərqdən Qarabağ və Naxçıvan xanlıqları, cənub və qərbdən isə İran və Osmanlı əraziləri ilə həmsərhəd idi. Rus ordusunun polkovniki S.Burnaşevin 1793-cü ildə Kurskda nəşr olunmuş “İranda Azərbaycan vilayətlərinin təsviri və onların siyasi vəziyyəti” adlı əsərində Azərbaycan xanlıqlarının siyasi-coğrafi sərhədlərinin fasiləsiz müharibələr nəticəsində daim dəyişdiyi qeyd olunmuşdu.
Şimali Azərbaycan çar Rusiyası tərəfindən işğal olunduqdan sonra Rusiyanın maliyyə naziri qraf Y.Kankrinin Qafqaza göndərdiyi məmurlar tərəfindən tərtib olunmuş 4 cilddən ibarət olan “Rusiyanın Cənubi Qafqazdakı əyalətlərinin statistika, etnoqrafiya, topoqrafiya və maliyyə baxımından təsviri” adlı XIX əsrə aid mənbənin məlumatlarından aydın olur ki, İrəvan xanlığı məhsuldar Ağrı vadisini öz hüdudlarına almaqla şimaldan Şorəyəl, Pəmbək, Şəmşəddil, Qazax sultanlıqları, şimal-şərqdən Gəncə, şərqdən Qarabağ və Naxçıvan xanlıqları, cənubdan Xoy xanlığı, Maku xanlığı və Bəyazid paşalığı, qərbdən Kağızman və Qars paşalıqları ilə həmsərhəd idi. İrəvan xanlığının ərazisi ümumilikdə 11min kvadratverstə bərabər idi.
İ.Şopen isə yazır ki, İrəvan xanlığı qərbdə Arpaçaydan, Qızılkilsə kəndinin yanından şimaldan cənuba doğru uzanır, sonra bir qədər şərqə tərəf dönməklə Arpaçayın aşağı axarı üzərindəki Hacı Bayramlı kəndinə doğru gedir, buradan çayı keçib qərbə doğru uzanır və Qəbirdağ silsiləsinə çatır. Burada sərhəd Arazı keçir və həmin dağ silsiləsi ilə şimal-qərbə tərəf – Koroğlu dağına qədər uzanırdı. Sonra əvvəlcə şimal-şərqə, daha sonra isə azacıq şimala dönməklə, su paylanan yüksəkliyə – Kiçik Ağrıya, bundan sonra isə şimal-qərbə – Araza qədər uzanırdı.
Burada Arazın sərhəddini kəsərək Naxçıvanı Şərur düzənliyi ilə ayıran dağ silsiləsi ilə uzanır, daha sonra Gözəldərə dağ silsiləsi ilə Zəngəzur dağlarının şimal parçası ilə Göycə gölünü və onun şərqindəki dağları öz içərisinə alırdı. Bundan sonra isə xanlığın sərhədləri Pəmbək dağlarını və Alagözün şimal yamacını Arpaçayla birləşdirən xətlə Bazarcıq kəndinin üstündən keçərək Qızılkilsə kəndinə qədər gəlib çatırdı.
Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edən Naxçıvan xanlığı da Zəngəzur kəndindən başlayaraq, Araz çayı vadisinə qədər uzanırdı. Xanlıq şimal-şərqdən Dərələyəz dağları, cənub-şərqdən İlanlıdağ, şimal-qərbdən isə Böyük və Kiçik Ağrı dağları ilə əhatə olunmuşdu. Naxçıvan xanlığı İrəvan, Qarabağ, Xoy və Maku xanlıqları ilə əhatə olunmuşdu. S.Zelinski Naxçıvan xanlığının xarici görünüşünü təsvir edərək yazırdı: “Susuz şoran çöllər, müxtəlif formada olan dağ qayalıqları, dərə-təpəli sahələr, gözəl otlaq yerləri, təsəvvüredilməz düzənliklər, səs-küylü saysız-hesabsız vadilər və dərələrdən axan və yayda tamamilə quruyan dağ selləri bu uzaq guşənin xarici aləmini özündə əks etdirir.”
Yuxarıdakı məlumatlardan göründüyü kimi, Qərbi Azərbaycan əraziləri tarixi Azərbaycan torpaqları idi. XIX əsrin əvvəllərində Cənubi Qafqazda Rusiya işğalları başlayana kimi bölgənin coğrafi mövqeyi, inzibati-ərazi strukturunda elə bir ciddi dəyişikliklər olmamışdı.
XIX əsrin əvvəllərində Rusiya – Qacarlar müharibələrinin gedişi və nəticəsində Azərbaycanın şimal xanlıqları, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarının əraziləri çar Rusiyası tərəfindən işğal olundu. Azərbaycanın şimal ərazilərində xanlıq idarəetmə sistemi ləğv olundu, əvvəlki inzibati-ərazi bölgüləri ciddi dəyişikliyə məruz qaldı. İnzibati-ərazi bölgüsü baxımından dəyişikliyə uğrayan bölgələrdən biri də İrəvan və Naxçıvan xanlıqlarının ərazisi idi.
Əvvəlcə, 1828-ci il martın 21-də İranla müharibənin başa çatması və Rusiya ilə İran arasında sülh bağlanması haqqında manifest verildi. I Pyotrun zamanından Azərbaycan torpaqlarının işğalı üçün onun etnik mənsubiyyətinin ciddi-cəhdlə dəyişdirilməsi burada təsbit edildi. Yeni işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları “qədim Ermənistanın bir hissəsi” elan edildi. Elə həmin gün İrəvan və Naxçıvan xanlıqları əsasında “Erməni vilayəti”nin yaradılması barədə fərman verildi. Vilayət öz növbəsində əyalət (İrəvan və Naxçıvan) və dairəyə (Ordubad), mahallara bölünürdü. Vilayət rəisi hərbi generala tabe idi, mülki məsələləri icra edirdi. İrəvan əyalətinin sahə idarəçiliyi vilayət məhkəmələri, 4 dairə rəisi və şəhər polisinin sərəncamında idi. Köçəri əhali iki sultan tərəfindən idarə olunurdu.
İrəvan əyalətinin 15, Naxçıvan əyalətinin 5, Ordubad dairəsinin də 5 mahalı var idi. Vilayətin 752 kəndindən 521-i İrəvan əyalətində, 179-u Naxçıvan əyalətində, 52 kənd isə Ordubad dairəsində idi. 1833-cü ildə vilayətin inzibati-ərazi quruluşu və idarəetmə sistemində dəyişiklik edildi. 1833-cü il iyunun 23-də qəbul edilmiş “Erməni vilayəti”nin idarəsinin quruluşu haqqında əsasnaməyə görə, İrəvan əyaləti 4 – İrəvan, Şərur, Sürməli və Sərdarabad dairələrinə bölündü. Dairələr mahallardan ibarət idi. İrəvan dairəsi Göyçə, Dərəçiçək, Qıxbulaq; Şərur dairəsi Şərur, Vedibasar, Qərnibasar və Zəngibasar; Sürməli dairəsi Sürməli, Dərəkənd-Parçenis, Sərdarabad dairəsi Saatlı, Talın, Seyidli-Axsaxlı, Abaran, Karpi və Sərdarabad mahallarından ibarət idi.
Naxçıvan əyaləti və Ordubad dairəsi əvvəlki inzibati-ərazi bölgüsündə qalırdı. Yeni əsasnamə ilə idarə rəisinin səlahiyyətləri xeyli genişləndirildi. Vilayətin mərkəzi İrəvan şəhəri idi. Vilayət idarə rəisinə tabe idi. Ən kiçik cinayət işlərinə hərbi məhkəmələr baxırdı. Vilayətdə 2 qəza məhkəməsinin biri İrəvanda, digəri Naxçıvanda yaradılmışdı. Hakim mütləq rus olmalı idi. Bundan əlavə, daha iki nəfər rus məhkəmə heyətinə daxil edilirdi. Üçü rus olmaq şərti ilə beş nəfərdən ibarət olan qəza məhkəməsinin tərkibində bir erməni, bir tatar var idi.
Mahallar əvvəlki qaydada saxlanılmışdı. Kənd icmalarının başçıları da öz vəzifələrində qalmışdı. Naxçıvan və Ordubadda polis idarələri Ehsan xan və Şahəli (Şıxəli) bəyin ixtiyarında idi. Onlar isə bilavasitə “Erməni vilayəti” rəisinə tabe idilər.
Göründüyü kimi, verilmiş çar fərmanı bölgənin başı üzərini almış gələcək təlatümlərdən xəbər verirdi. Bu təhlükə təkcə bölgənin əvvəlki coğrafi mənzərəsinin dəyişdirilməsi ilə deyil, həm də etnik mənzərəsinin süni şəkildə dəyişdirilməsi, bölgəyə qeyri-millətlərin, ermənilərin köçürülməsi ilə yadda qalırdı.
Ziyad ƏMRAHOV, 
AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent


 
                                
 
                                                                 
                                                                 
                                                                 
                                                                .jpg) 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                    