“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) istiqrazlarından əldə edilən gəlir ölkəmizin hazırda fəaliyyətdə olan ən qədim şirkətlərindən sayılan və hər il fəaliyyətini mənfəətlə başa vuran ASCO-nun inkişafına töhfə verəcək. Buradan daxil olan vəsait şirkətin Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldiləcək.
Bu barədə ASCO-nun sədri Rauf Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin istiqrazlarının mütəşəkkil kapital bazarlarına daxil olması münasibətilə Bakı Fond Birjasında keçirilən “Açılış zəngi” mərasimində bildirib. ASCO sədri, həmçinin tədavülə buraxılan istiqrazların ölkənin qiymətli kağızlar bazarının canlanmasına təsir göstərəcəyinə, vətəndaşlarımız üçün mənfəətli və etibarlı investisiya imkanları yaradacağına əminliyini vurğulayıb.
Bakı Fond Birjasının rəhbəri Eldar Abdullayev ASCO-nun birja vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının ölkəmizdə maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib.
Yeri gəlmişkən, 2022-ci il dekabrın 29-da “Bakı Fond Birjası” QSC-nin Listinq Komitəsinin qərarı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin ümumi dəyəri 100 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib. Hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 100 min ədəd istiqraz 5 il dövriyyədə olacaq.
“Xalq qəzeti”

