“Ümid–Babək” qazı daxili tələbata yönəldiləcək

post-img

Zəngin qaz ehtiyatları hesabına daxili bazarın “mavi yanacaq”la tələbatını tam ödəyən Azərbaycan bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına da mühüm töhfələr verir. Xəzər dənizinin qaz resursları isə indən belə daha 100 ilə kifayət edəcək. Hazırda ölkəmizin təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr həcmində dəyərləndirilir. Mütəxəssislər isə hesab edirlər ki, Azərbaycanın təbii qaz potensialı daha yüksəkdir. Elə Xəzərin Azərbaycan sektorundakı perspektivli strukturlar da belə qənaətə gəlməyə əsas verir. Bunu, təqribən, 10 il əvvəl istismarına başlanılmış “Ümid” yatağı da təsdiq edir.

“Ümid” perspektivli struktur kimi 1953-cü ildə Azərbaycan geoloqları tərə­findən aparılan kəşfiyyat işləri zamanı müəyyən edilib. Yataq Bakı şəhərindən 75 kilometr cənubda, Xəzər dənizi ak­vatoriyasında yerləşir. 1972-ci ildə bu strukturda bir qədər təkmilləşdirilmiş ge­ofiziki işlər aparılıb. 1977–1992-ci illər ərzində isə burada 9 kəşfiyyat quyusu qazılsa da, həmin dövrün texnologiyası ilə dərində yerləşən qatların açılmasının çətinliyi səbəbindən məhsuldar layları üzə çıxarmaq mümkün olmayıb. Bu uğur­suzluq mütəxəssisləri “Ümid” perspektiv strukturunda zəngin qaz ehtiyatlarının mövcudluğu ilə bağlı əvvəlki iddiaların­dan döndərə bilməyib. 

Nəhayət, 2009-cu ilin iyun ayında “Ümid” dəniz strukturunda lazımi əməliy­yatların aparılması üçün SOCAR “Ümid” MMC yaradılıb. Burada 80 faiz pay iştira­kı SOCAR-a, 20 faiz isə “Nobel Oil Exp­loration & Production” şirkətinə məxsus olub. 

Ötən əsrin 70-80-ci illərində alın­mış nəticələr əsasında “Ümid” struktu­runun tam potensialını qiymətləndirmək mümkün olmadığından burada yeni axtarış-kəşfiyyat quyusunun qazılması qərara alınıb. Bu məqsədlə 2009-cu ilin iyun ayında dənizin 58 metr dərinliyində quraşdırılmış “Ümid-1” stasionar dəniz özülü istifadəyə verilib. Həmin ilin avqust ayında SOCAR-ın “Sahil” Qazma İşləri İdarəsi tərəfindən “Ümid” yatağında yeni kəşfiyyat quyusunun qazılmasına baş­lanılıb. 2010-cu il noyabr ayında “Ümid” dəniz strukturunda davam edən kəşfiyyat qazması nəticəsində 6500 metrdən artıq bir dərinlikdə zəngin qaz ehtiyatları aşkar edilib. Bu, “Şahdəniz” yatağının açılma­sından sonra Xəzərdə kəşf edilən ikinci zəngin qaz yatağı idi. Azərbaycanın neft sənayesi üçün son dərəcə əlamətdar sa­yılan bu hadisəni yüksək dəyərləndirən Prezident İlham Əliyev deyib: “Ümid" ümidimizi doğrultdu…Mən çox şadam ki, “Ümid” yatağı müstəqillik dövründə açıl­dı. Əgər 1950-ci, yaxud da 1970-ci illərdə açılsaydı, bəlkə də orada artıq qaz çox­dan çıxarılmışdı. Bu da tarixi ədalətdir. Bu yataqların toxunulmaz qalması bizə Allahdan verilən böyük hədiyyədir. Bu gün bu yataqlar müstəqil Azərbaycana xidmət göstərir və onilliklər bundan sonra da ölkəmizi gücləndirəcəkdir”.

“Ümid” SOCAR-ın müstəqillik illərin­də öz gücü ilə kəşf etdiyi ilk qaz yatağı kimi tarixə düşüb. Dənizdə quraşdırılmış stasionar özülün tikintisindən tutmuş, qazma işlərinə kimi bütün əməliyyatlar məhz Azərbaycan neftçilərinin gərgin əməyi hesabına həyata keçirilib. Texniki səbəblərdən 8 saylı axtarış quyusunda sınaq işlərinin aparılması mümkün ol­madığından yeni, 10 saylı quyu qazılıb və 2012-ci ildə həmin quyu yatağın qaz doyumluluğunu tam təsdiq edib. Belə ki, ilkin hesablamalara görə, yatağın ehtiyat­ları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir. 

Hazırda yataqda istismarda olan 4 quyudan sutkada orta hesabla 3,1 milyon kubmetr qaz və 470 ton kondensat hasil edilir. “Ümid” yatağında ilk hasilata baş­lanıldığı 2012-ci ildən indiyədək təqribən 6,7 milyard kubmetr qaz və 1 milyon tona yaxın kondensat çıxarılıb. Növbəti mər­hələlərdə “Ümid-1” platfomasından daha 2 quyunun qazılaraq istismara verilməsi nəzərdə tutulub.

Bir neçə il bundan əvvəl isə “Ümid” yatağının tammiqyaslı işlənməsinə start verilib. Belə ki, 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında yeni saziş imzalanıb. Sazişə əsasən, “Umid Babek Operating Company” əməliyyat şirkəti yaradılıb və öhdəliklər adıçəkilən qurumun Azərbaycan filialına verilib. Hazırda Azərbaycan Respublikasının neft-qaz sənayesində əhəmiyyətli yeri olan “Ümid-Babək” yataqlar blokunun tammiqyaslı işlənmə mərhələsi çərçivə­sində “Ümid-1 stasionar dəniz özülündən (SDÖ) hasilatın sürətləndirilməsi” layihə­si üzrə işlər davam etdirilir. 

Xatırladaq ki, “Ümid-1 SDÖ-dən hasi­latın sürətləndirilməsi” layihəsi uzunluğu 54 kilometr olan 20 düyməlik sualtı nəql xəttinin və onun quruda olan təqribən 3,7 kilometr hissəsinin çəkilməsi, Daşgil-2 terminalından qaz nəql xəttinin tikintisi və Səngəçal baş qurğularında SOCAR-ın qaz nəql sisteminə birləşmə məntəqəsi üzrə işləri əhatə edir. Beynəlxalq təcrübə əsas götürülərək innovativ texnologiyalar və müasir avadanlıqların tətbiqi ilə həyata keçirilən layihənin əsas hədəfi “Ümid-1”platformasından geniş nəql sistemini ya­ratmaq və yeni quyular hesabına hasila­tı artırmaqdır. Layihə reallaşdırıldıqdan sonra “Ümid”də gündəlik qaz hasilatı 8,1 milyon kubmetrə, kondensat hasilatı isə 1200 tona çatdırılacaq.

 

İlham ŞABAN,

Neft Araşdırmaları Mərkəzinin rəhbəri

“Ümid” Azərbaycanın milli şirkəti SOCAR və yerli neftçilər tərəfindən müstəqillik dövründə açılan ilk və yeganə qaz yatağıdır. Hazırda bu yataq daxili bazarın “mavi yana­caq”la təminatında müstəsna rol oy­nayır. Qeyd edim ki, öz zənginliyi ilə seçilən “Ümid” yatağından əvvəllər ildə cəmi 500-600 milyon kubmetr qaz hasil edilirdi. Üç il öncə burada hasilatın həcmi kəskin artaraq illik 1 milyard kubmetr təşkil edib. Ötən il isə yatağın istismarı dövründə ilk dəfə olaraq bu rəqəm 1,5 milyard kubmetr səviyyəsinə çatıb.

Bir neçə il əvvəl “Ümid” yata­ğının ikinci, tammiqyaslı işlənmə mərhələsinə başlanılıb. Xatırladım ki, bu mərhələ yatağın perspektiv­lərini tam müəyyənləşdirmək baxı­mından xüsusi əhəmiyyət daşıyır. “Ümid”in sonrakı işlənmə mərhələsi çərçivəsində dənizdə daha bir plat­formanın quraşdırılması, yeni quyu­ların qazılması nəzərdə tutulur. Bu da “Ümid” yatağı üçün yeni dövrün başlanğıcı deməkdir. Bütövlükdə isə yatağın tammiqyaslı işlənməsi illik qaz hasilatının 2,5 milyard ku­bmetr səviyyəsinə çatdırılmasına imkan verəcək. Sonrakı illərdə isə bu həcmin 3 milyard kubmetr sə­viyyəsinədək artırılması nəzərdə tutulur. Bu da daxili bazarın “mavi yanacağ”a artan tələbatının ödənil­məsinə, Azərbaycanın enerji təh­lükəsizliyin tam təmin edilməsinə imkan yaradacaq.

Məlum olduğu kimi, “Ümid” ya­tağı ilə eyni geoloji quruluşda, təqri­bən 20 kilometr şərq istiqamətində “Babək” strukturu yerləşir. Bu pers­pektivli struktur özünün konturla­rına görə “Ümid” yatağını iki dəfə üstələyir. Bu baxımdan da geoloq­lar hesab edirlər ki, “Babək” struktu­rundakı ehtiyatlar “Ümid” yatağının təsdiq edilmiş 200 milyard kubmetr­lik ehtiyadan iki dəfə çox olmalıdır.

2023-2024-cü illərdə “Babək” strukturunda ilk kəşfiyyat quyusu­nun qazılması planlaşdırılır. Əgər geoloqların ehtimalları öz təsdiqini tapsa, onda Azərbaycan daha bir zəngin qaz yatağına malik olacaq. Bu, həm də yerli bazarın təbii qaza olan tələbatının ödənilməsinə əlavə imkanlar yaradacaq. Ən əsası isə, “Şahdəniz” yatağından daxili bazarın ehtiyacı üçün qaz alınma­sı dayandırıla bilər. Bununla da, “Şahdəniz”dən çıxarılan bütün qaz həcmləri xarici bazara yönəldiləcək. Bu isə Azərbaycan üçün kifayət qə­dər əlavə valyuta axını deməkdir.

Eyni zamanda, uzun müddətli dövr üçün “Ümid–Babək” yataqlar blokundan çıxarılacaq qaz hesabı­na Azərbaycanın daxili bazarının “mavi yanacaq”la təminatını sabit şəkildə həyata keçirmək mümkün olacaq. Ona görə də “Ümid–Babək” yataqlar blokunun Azərbaycanın enerji təhlükəsizliyi üçün, xüsusən də daxil bazar üçün müstəsna əhə­miyyət var.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”



İqtisadiyyat