İslam bankçılığının Azərbaycanda perspektivləri

post-img

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin elan etdiyi tender əsasında “İqtisadi resursların öyrənilməsi” İctimai Birliyi “Azərbaycanda alternativ maliyyə və İslam bankçılığı üzrə ehtiyacların qiymətləndirilməsi” layihəsi çərçivəsində sorğu keçirib. Sorğunun nəticəsinə görə, respublikamızda İslam bankçılığının tətbiqi üçün, ilk növbədə, qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsinə ehtiyac olması qənaətinə gəlinib. 

Adıçəkilən sorğu ilə bağlı hazırlanan sənəddə deyilir ki, “Banklar haqqında” Qanuna “İslam banklarının fəaliyyətləri­nin tənzimlənməsi” adlı yeni bölmə əlavə olunmalıdır. Bu dəyişiklik fəaliyyətdə olan banklara İslam bankçılığı məhsulları təq­dim etməyə imkan verəcək. 

Bundan başqa, sənədə əsasən, də­yişikliklər özündə İslam banklarına dair tələbləri, İslam maliyyələşdirilməsi üzrə fəaliyyət göstərəcək Şuranın (Şəriət Şurasının) formalaşması prinsiplərini, hüquq və öhdəlikləri, İslam banklarının fəaliyyət çərçivəsini, məhsul və xidmət­lərin çeşidini, xüsusiyyətlərini, ənənəvi bankın İslam bankına çevrilməsi mexa­nizmlərini ehtiva etməlidir.

Yeri gəlmişkən, sorğu iştirakçıları tərəfindən İslam bankçılığının ilk mər­hələsində əhalinin əmanətlərini bu maliy­yə institutlarına cəlb etmək üçün dividend gəlirlərinin 5 il müddətinə vergidən azad edilməsi, İslam banklarının sərbəst fəa­liyyəti üçün birgə müəssisələrin yaradıl­ması, birgə fəaliyyət üzrə öhdəliklərin for­malaşması, payda iştirak və əldə olunan dividendlər üzrə gəlirlərin vergiyə cəlbi istiqamətində islahatların aparılması kimi təşəbbüslər irəli sürülüb. 

Hesabatda İslam bankçılığı sahə­sində peşəkar kadrların hazırlanması istiqamətində də bir sıra təkliflər var. Hə­min təkliflərə Azərbaycanda maliyyə və bank işi ixtisasları üzrə kadr hazırlığını həyata keçirən ali məktəblərin bakalavr, habelə magistr pillələrində İslam bankçı­lığı üzrə dərsləri seçmə, yaxud məcburi fənn kimi kurikuluma salmaq, bu növ bankçılıq üzrə beynəlxalq sertifikat proq­ramlarının alınması məqsədilə kadrların əlçatanlığını asanlaşdırmaq, habelə yerli ictimai birliklər, sahibkar assosiasiyaları vasitəsilə İslam bankçılığı üzrə təlimlər təşkil etmək daxildir.

Ekspertlər tərəfindən ölkədə İslam sənayesinin, ümumiyyətlə, İslam eko­sisteminin yaradılmasının mümkünlüyü də bildirilir. Eyni zamanda, burada söh­bətin maliyyələşmə mənbələrinin İslam maliyyə alətlərindən ibarət olmasından gedə biləcəyi vurğulanır. Bununla yanaşı, respublikada İslam istiqrazları, lizinqi və mikromaliyyələşmə alətlərinin tətbiqinin mühüm önəm daşıyacağı qeyd olunur. Bütün bu təşəbbüslərin gerçəkləşməsi üçün isə dünyanın 102 ölkəsində istifadə olunan islam maliyyə alətlərini tətbiq et­mək zərurəti diqqətə çatdırılır. 

İslam bankçılığında xüsusi dəyər­ləndirilən ən mühüm məsələ faizsiz kreditlərin verilməsidir. Başqa sözlə, bu sistemdə faiz anlayışı yoxdur, əvəzində “mənfəət marjası” (profite rate) adlı ya­naşma var. Bax, elə buna görə də İslam bankçılığının nüfuz göstəricisi də onun faizsiz, yaxud halal olması, eyni zaman­da, ucuz və sərfəli şərtlərlə bağlıdır. Buna misal kimi Şimali Afrika və Körfəz ölkələ­ri göstərilir. Şübhəsiz ki, belə bir mühit sahibkarlar üçün mühüm önəm daşıyır. Ona görə də yuxarıda vurğulandığı kimi, Azərbaycanda İslam maliyyələşməsinin tətbiqi üçün mövcud qanunvericilikdə müəyyən düzəlişlər zəruri sayılır. 

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sözügedən məsələ ilə əlaqədar yerli və xarici konsaltinq şirkətləri ilə birgə zəruri dəyişiklikləri ifadə edən təkliflər ha­zırlayaraq Azərbaycan Mərkəzi Bankına təqdim edib. Həmin təkliflərin respublika­da İslam maliyyələşməsinin tətbiqi zama­nı reallaşdırılması nəzərdə tutulub. 

Burada diqqəti bir məsələyə də yönəltmək istərdik. Bu, İslam bankçılı­ğında kreditlərin faizsiz verilməsi ilə bağlı məqamla əlaqədardır. Belə ki, bir çoxu mövcud sistemin faiz amili olmadan qu­rulmasının ənənəvi bankçılığa mənfi təsir göstərəcəyi qənaətindədir. Əslində isə mövcud təcrübə bunun əksini göstərir. Ekspertlər bu fikrin təsdiqi olaraq bildirir­lər ki, İslam maliyyələşməsi zamanı əldə edilən gəlir heç də ənənəvi bank faizlə­rindən az deyil. Bu zaman Bavariyada yaradılan İslam bankçılığının fəaliyyəti misal çəkilr. Orada sözügedən bankçılı­ğın ümumi sektorun 16 faizini, Türkiyədə isə 7 faizini təşkil etdiyi bildirilir. Bu, İslam bankçılığının Azərbaycanda tamamilə həmin sistemə keçəcəyini deməyə əsas vermir. Burada söhbət, sadəcə olaraq, respublikanın bank sektorunda alətlərin artacağından gedir. Bu, mütəxəssis proq­nozlarında da xatırladılır: respublikamız­da İslam bankçılığının tətbiqi ilə mövcud bazarın təxmin 4-5 faiz genişlənməsi gözlənilir. 

 

İlqar MEHDİ,

maliyyəçi-ekspert

Azərbaycan Respublikası Hö­kuməti ilə İslam İnkişaf Bankı ara­sında bağlanmış 2017-ci il 18 yanvar tarixli “Azərbaycan Respublikasında İslam Maliyyələşdirilməsi üzrə hüquqi bazanın işlənib hazırlanmasına dair texniki dəstək haqqında Qrant Sazi­şi” üzrə benefisiar qurum qismində KOBİA müəyyənləşdirilib. Ötən dövrdə “Azərbaycanda İslam bankçılığı üçün hüquqi çərçivənin inkişaf etdirilməsi” layihəsinin həyata keçirilməsinə dair konsorsium yaradılıb, ekspertlər tərə­findən aidiyyəti dövlət qurumlarında müzakirələr aparılıb. Eyni zamanda, Azərbaycanda İslam maliyyəsi ekosis­teminin yaradılması üzrə Yol Xəritəsi və “İslam bankçılığı üçün təklif edilən qanunvericilik dəyişiklikləri” haqqında hesabat hazırlanaraq aidiyyəti üzrə müvafiq dövlət qurumlarına təqdim edilib.

Bütün bunlarla yanaşı, sahibkarlar­la investorlar arasında birbaşa təmas yaratmaq məqsədilə həmin agentlik tərəfindən KOB investisiya portalı (in­vest.smb.gov.az) yaradılıb və istifa­dəyə verilib. Artıq bu portalda 26 layihə təklifi, 6 hazır biznes satışı elanı və 1 françayzinq təklifi yerləşdirilib.

Azərbaycanda ənənəvi bankların hər biri, eyni zamanda, İslam bankçılığı ilə məşğul ola bilər. Çünki onlar bir-bi­rinə rəqib müstəvidə yerləşmir.

Dünyada İslam bankçılığı ilə məş­ğul olan banklar var, amma sayları azdır. Məsələn, Türkiyənin təcrübə­sində görürük ki, hansısa bank ayrıca bir filialında və yaxud şöbəsində islam bankçılığı xidməti göstərmək üçün li­senziya alır və bu təcrübə özünü doğ­ruldur. Yəni, ənənəvi bankların hər biri İslam banklarına rəqib yox, bu bazarın iştirakçısı ola bilər. Ümumiyyətlə, bu məsələ bazar iqtisadiyyatında sərbəst buraxılmalı məsələdir və müştərinin seçimindən asılıdır.

Dünyada İslam bankçılığının mərkəzi Londondur. Halbuki, Böyük Britaniya xristian dini etiqadında olan bir ölkədir. 

İslam fundamentallığından qorxan şəxslər üçün bu nəsə problem, zid­diyyət yaradırmı? Xeyr. İkinci yerdə Frankfurt gəlir. Almaniya da ənənəvi bankçılıq sektoru üzrə lider olan mə­kandır. Onlar ən qabaqcıl məhsulları hamıdan tez mənimsəyirlərsə, demək olar ki, o sahədə nəsə var. 

Bu bankların, ümumiyyətlə, belə bir fəaliyyət üçün heç bir xüsusi imtiyaza, güzəştə ehtiyacı yoxdur. Sadəcə, həm ənənəvi, həm də İslam bankçılığının fəaliyyəti üçün bərabər imkanlar yarat­maq zəruridir. Sərbəst rəqabətdə hansı bankın önə çıxması, müştərinin isə öz seçimini etməsi amilinə önəm verilmə­lidir.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat