İctimai-siyasi xadim, diplomat Həsən Həsənovla “Xalq qəzeti”nin “Heydər Əliyev xatirələr işığında” layihəsi əsasında söhbətimizin növbəti hissəsini oxucularımıza təqdim edirik.
V söhbət
– Həsən müəllim, siz daha yaxşı bilirsiniz ki, Heydər Əliyev Sovet Azərbaycanına rəhbərlik edəndə də erməni separatizmi ara-sıra baş qaldırırdı. Ulu öndər buna qarşı necə mübarizə aparırdı və Kremlin ona münasibəti necə olurdu?
– Ermənilər Heydər Əliyevə qədər də belə cəhdlər edirdilər. Çünki bu, artıq onların gizli milli proqramına çevrilmişdi. Sovet dövründə onlar bu məsələni 7-8 dəfə qaldırmışdılar. Məsələn, 1967-ci ildə o zamankı Dağlıq Qarabağda çox ciddi hadisələr baş vermişdi. Heydər Əliyev onda DTK rəhbəri idi və mövqeyini də çox qəti və aydın bildirirdi. Qeyd etdiyim vaxtda ermənilər İttifaq rəhbərliyi qarşısında yazılı şəkildə məsələ qaldırılmışdılar ki, Dağlıq Qarabağ Emrənistanın tabeliyinə keçirilsin. Vəli Axundov Heydər Əliyevlə məsləhətləşmişdi ki, bəs neyləyək? Heydər Əliyev də demişdi ki, “vaxt itirmədən Moskvaya get və Baş katibin qəbulunda ol. Ona bildir ki, buna qəti yol vermək olmaz, əks halda çox ağır hadisələr baş verər”. Yəqin, ona müəyyən tutarlı faktlar və arqumentlər də vermişdi.
Heydər Əliyev birinci katib olanda da belə cəhdlər oldu. Ermənilər bu məsələni çox yüksək səviyyələrdə, Siyasi Büroya belə çıxarırdılar. Hətta 1978-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul olunanda ermənilər təklif edirdilər ki, bu sənəddə Dağlıq Qarabağ Azərbaycanın tərkibində deyil, Ermənistanın tərkibində göstərilsin. Lakin Heydər Əliyevin cəsarəti hesabına bu məsələ gündəmdən çıxarıldı və sənəd Konstitutsiya layihəsinə yaxın belə buraxılmadı.
1981-ci ildə baş verən bir əhvalatı da danışım. O vaxt belə qayda var idi ki, birinci katiblərin kütləvi tədbirlər üçün hazırlanan çıxışları əvvəlcədən yazılardı və büro üzvlərinə paylanardı. SSRİ-dəki qaydalara görə büro üzvlərinin də çıxışdakı hər hansı fikrə öz münasibətini bildirmək səlahiyyəti var idi.
Bir gün də Heydər Əliyev Vaqif poeziya günlərini keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbər işçiləri və yaradıcı ziyalıları ilə görüşün keçirilməsi ilə eyni vaxta saldı. Tədbirdən əvvəl biz vilayət partiya komitəsinin Xankəndidəki binasına gəldik. Vilayət partiya komitəsinin rəhbərinin kabinetində üç nəfər idik − Heydər Əliyev, mən və vilayət partiya komitəsinin birinci katibi Boris Gevorkov. Yenicə yerimizdə oturmuşduq, Gevorkov Heydər Əliyevə yaxınlaşdı və az qala pıçıltı ilə ona nə isə deməyə başladı. Fikrini sərbəst söyləsin deyə, mən kənara çəkildim. Amma Heydər Əliyev ona uca səslə “yox, yox” deməsi açıq eşidildi. Gevorkov kabinetdən çıxandan sonra mən etikanı gözləyərək, heç nə soruşmadım. Heydər Əliyevin şirin bir gülməyi vardı. Elə o şəklidə də gülərək dedi: − Həsən, mən bu Gevorkovu belə sadəlövh bilmirdim”. Soruşdum: “Necə bəyəm?” Dedi: −Mənə deyir ki, bəlkə çıxışınızda Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir ifadəsini işlətməyəsiniz. O məni fikrimdən döndərmək istəyir. Mən də, eşitdin də, nə dedim? Hər ikimiz güldük.
Zal adamla dolu idi. Orada iştirak edən 400 nəfərin xeyli hissəsi özlərinin anti-Azərbaycan və separatçı cəhdlərini həyata keçirmək xatirinə hər cür təxribata hazır idi. Heydər Əliyev öz çıxışında Azərbaycanda siyasi və iqtisadi vəziyyəti təsvir etdi. O, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində baş vermiş dəyişikliklərin güclü təsir bağışlayan mənzərəsini təqdim edərək dedi: “Biz Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində abadlıq işləri aparır, əhalinin rifahını yüksəldirik”. Bunlar o sözlər idi ki, Boris Gevorkov Heydər Əliyevi onları deməməyə razı salmaq istəyirdi.
Bilirsiniz, Gevorkov ehtiyat edirdi ki, iclasda kimsə durub nəsə deyə bilər, gərginlik yaranar və onun üçün də bu pis nəticə verə bilər. Amma elə bir şey olmadı, əksinə çıxışdan sonra Heydər Əliyevi yaxşıca alqışladılar. Heydər Əliyevdə böyük cəsarət, zəhm, xarizma var idi. Ermənilər ona qarşı çıxmağa cəsarət etməzdilər...
1982-ci ildə SSRİ-nin yaranmasının 60 illiyi idi. Azərbaycan nümayəndə heyətinin başçısı kimi Moskvaya gedirdim. Düzdür, Heydər Əliyev artıq Moskvada idi, amma nümayəndə heyətinin rəhbəri haqqında qərarı burada olarkən əvvəlcədən özü vermişdi. Zəng vurub Heydər Əliyevə məlumat verdim ki, nümayəndə heyəti Moskvaya gəlir və sizinlə görüşmək də gündəlikdədir.
Heydər Əliyev dedi:
– Həsən, mənə məlumat verdilər ki, Lenin adına muzeydə sizinlə görüş təyin ediblər, xəbərin var?
Dedim: – Bəli, bilirəm.
Ulu öndər məndən kimlərlə görüşəcəyimiz haqqında məlumata malik olduğumu soruşdu. Mən isə qocaman bolşeviklərlə, o dövrdə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasında xidməti olan veteranlarla görüşəcəyimizi söylədim. Heydər Əliyev dedi ki, o bolşeviklərin hamısı ermənilərdir. Xəbərin olsun ki, görüşdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldıracaqlar. Buna hazır olun. Təbii ki, biz həmin görüşə getdik. Həqiqətən də ermənilər bu məsələni qaldırdılar. Biz də Heydər Əliyevin xəbərdarlığı sayəsində buna hazırlaşmışdıq və kifayət qədər arqumentlərlə cavablarını verdik. Yəni fakt faktdır ki, onlar dayanmırdılar.
Bir qədər də keçmişə qayıdıb daha bir gerçək faktı diqqətinizə çatdırım. Heydər Əliyev hakimiyyətə gələndə Bakı əhalisinin milli tərkibində azərbaycanlılar azlıq təşkil edirdilər; 35, 40, ən yaxşı halda 45 faizi keçmirdi. Yəni, Bakı 1970-ci ildə hələ də qeyri-azərbaycanlılar şəhəri idi. Heydər Əliyev bütün imkanlardan istifadə edirdi ki, Bakıda çoxlu fabrik və zavodlar açılsın. Bu, təkcə Azərbaycanın modernləşməsi və sənayeləşməsi məramı ilə yürüdülən siyasət deyildi. Çünki həmin sənaye müəssisələrində işləmək üçün Azərbaycanın rayon və kəndlərindən xeyli insan Bakıya gələcəkdi və paytaxtda azərbaycanlıların sayı qeyri-millətlərin sayını üstələyəcəkdi. Bütün bunlara baxmayaraq, hələ yalnız 1979-cu ildə Bakıda azərbaycanlı əhalinin sayını 51 faizə qaldırmaq mümkün oldu. Bu da, şübhəsiz, Heydər Əliyevin çox uzaqgörən və böyük siyasətinin nəticəsində mümkün olmuşdu. Bu fakt əhalinin siyahıyaalınmasından sonra statistik göstərici kimi sənədlərdə əksini tapdı. Amma o zamanın siyasi şəraiti belə idi ki, bunu açıq bəyan edə bilməzdik.
Daha bir neçə fakt: Bakı Şəhər Partiya Komitəsinin katiblərindən biri, necə deyərlər, elə Leninin dövründən erməni idi. Heydər Əliyev yerdəyişmə etdi və ermənini raykom katibi seçdi, Bakı Şəhər Partiya Komitəsinə katib isə azərbaycanlı seçildi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin neft sənayesi şöbəsinin müdiri 1920-ciillərdən başlayaraq, ənənəvi olaraq erməni olurdu. Niyə? Çünki neft Azərbaycan sənayesinin özəyi və cövhəri idi. Heydər Əliyev bu vəzifəyə də azərbaycanlı təyin etdi.
– Əsl vətənpərvərlik, vətənsevərlik və milli təəssübkeşlik yanğısı ilə sürən respublikadakı hakimiyyət idarəçiliyindən sonra Heydər Əliyev Moskvaya – SSRİ kimi nəhəng bir dövlətə rəhbər vəzifəyə dəvət olunur. Bu dəvət sadəcə Heydər Əliyev idarəçilik istedadına ehtiyacdan irəli gəlirdi, yoxsa burada bir pərdəarxası məqamlar da vardı?
– Mən Heydər Əliyevlə birbaşa təmasda işlədiyim dövrdə olan müşahidələrimə əsaslanıb deyə bilərəm ki, onun Moskvaya irəli çəkilməsinin səbəbi aydın olsun. Uzun illər Sov. İKP MK-nın Siyasi Bürosunda Cənubi Qafqaz adından Gürcüstan Respublikasının rəhbəri təmsil olunurdu. 1976-cı ildə bu vəziyyət dəyişdi və Heydər Əliyev Azərbaycana rəhbərliyinin yeddinci ilində Cənubi Qafqazdan Siyasi Büroda təmsil olunan yeganə rəhbər oldu. Bunun ardınca 1979-cu ildə Heydər Əliyev Sosialist Əməyi Qəhramanı fəxri adı ilə təltif olundu. İlk dəfə idi ki, yubiley yaşı ilə əlaqədar deyil, respublikaya rəhbərliyinin 10 illiyi münasibətilə Siyasi Büro üzvüni təltif edirdilər. 1981-ciildə – mən ideologiya üzrə Mərkəzi Komitənin katibi olarkən, Rusiyanın Yazıçılar İttifaqının orqanı olan “Literaturnaya qazeta” nəşrinin redaktoru Çakovski mənə zəng etdi və bildirdi ki, Heydər Əliyevdən müsahibə almaq istəyirlər. Biz razılıq verdik. Moskvadan jurnalistlər gəldilər, Azərbaycanın şəhər və rayonlarının gəzdilər və sonra müsahibəni hazırlayıb qəzetdə dərc etdilər. Müsahibə bütün SSRİ ərazisində sanki bir partlayış yaratdı. Müxtəlif respublikalardan və Rusiya vilayətlərindən qəzetin redaksiyasına yüzlərlə məktublar gəlirdi ki, ya Heydər Əliyevi, ya da ona bənzər insanı bizə rəhbər göndərin. Nəhayət 1982-cı ildə HeydərƏliyev Siyasi Büroya üzv seçildi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi.
Heydər Əliyev Nəriman Nərimanovdan sonra ilk müsəlman və ilk türk əsilli dövlət xadimi idi ki, SSRİ-də ən yüksək vəzifələrdən birini tuturdu. Onu da qeyd etmək lazımdır ki, Nəriman Nərimanovdan fərqli olaraq, Heydər Əliyev həm Siyasi Büronun üzvi idi, həm də SSRİ hökuməti sədrinin birinci müavini kimi çox geniş səlahiyyətlərə sahib idi. Yəni Heydər Əliyev Sovet hökumətində real ikinci şəxs idi. Ölkənin çox böyük nazirlikləri və komitələri birbaşa ona tabe idilər. Bütün bunlardan aydın olur ki, Heydər Əliyevin irəli çəkilməsi, Moskva tərəfindən onun yüksək dəyərləndirilən misilsiz fəaliyyətindən irəli gəlirdi. Qəti əminliklə deyirəm və oxucularınızın da heç bir şübhəsi olmasın ki, Heydər Əliyev şəxsi keyfiyyətlərinə görə bu vəzifəyə irəli çəkilmişdi. Həmin ərəfədə artıq sosial-iqtisadi böhranın əlamətlərinin özünü göstərməyə başladığı SSRİ-də ittifaqın bir-çox rəhbər şəxsləri düşünürdülər ki, Heydər Əliyev Azəbaycanda siyasi və iqtisadi sahədə gördüyü işləri Sovet İttifaqı miqyasında davam etdirsin. Qısa desəm – SSRİ kimi nəhəng ölkənin Heydər Əliyev fenomeninə ehtiyacı var idi. Kremlin o zamankı sakinləri – ali rəhbərlikdə olanlar onun idarəçilikdə gələcəyə hesablanan uzaqgörən fəaliyyət potensialından uzaq idilər. Çünki Heydər Əliyevin dövlət idarəçiliyindəki geniş miqyaslı istedadı onların əksəriyyətində yox idi.
– Yeri gəlmişkən, artıq Kremldə, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postunda olan Heydər Əliyev Azərbaycana nə qədər yaxın və nə qədər uzaq idi?
– Çox yaxın idi. Əvvəla onu deyim ki, Heydər Əliyev Azərbaycana rəhbərlik edəndə hər il məzuniyyətini, adətən, Soçi, Kislovodsk, Yessentuki və İttifaqın digər sanatoriyalarında keçirirdi. Moskvada işləyəndə isə məzuniyyətinin bir hissəsini mütləq Azərbaycanda keçirirdi. Azərbaycana son dərəcə bağlı bir insan idi...
1983-cü ildə Kamran Bağırovla danışıb razılaşdıq ki, Bakıda Beynəlxalq Xalça Simpoziumu keçirək. Bunun uzun tarixi var, amma mən qısa danışacağam. Heydər Əliyevə zəng vurub soruşdum ki, nə vaxt məzuniyyətə çıxacaqsınız? Dedi: “Sənə nə üçün lazımdır, söylə, mən deyim?” Dedim: “Heydər Əliyeviç, biz Bakıda Beynəlxalq Xalça Simpoziumu keçirmək istəyirik. Xaricdən və sovet respublikalarından çoxlu alimlər, qonaqlar dəvət etmişik. Azərbaycan xalçaçılığı ilə bağlı çoxsaylı tədbirlər olacaq. İstəyirəm, sizin Bakıda olan vaxtınıza salaq, siz də iştirak edəsiniz”. Dedi: “Sən mənə konkret tarix de”. Tarixi dedim. Həmin tarixdə də Heydər Əliyev Bakıya gəldi və tədbiri onun iştirakı ilə keçirdik.
Əlaqələrimiz kəsilməmişdi. Hər dəfə Moskvaya gedəndə görüşürdük, bayramlarda zəngləşirdik. Bəzən hər hansı konkret hadisə ilə bağlı ona zəng edirdim. Moskva ilə bağlı problemlərdə bizə çox böyük dəstək verirdi, ölkənin müxtəlif sahələr üzrə rəhbərləri ilə görüşlərimə kömək edirdi.
Dediyim kimi, Heydər Əliyev Moskvaya gedəndən sonra məni ideoloji sahədən uzaqlaşdırdılar. Adı da o oldu ki, mən fəaliyyətimdə milli maraqları beynəlmiləlçi maraqlardan üstün tuturam. Aldığım ilk təhsilə əsasən tikinti və nəqliyyat sahəsi üzrə katib təyin etdilər. Heydər Əliyev yeni vəzifəmdə İttifaq miqyasında tikinti sahəsində olan yüksək vəzifəli şəxslərlə tanış olmağıma şərait yaradırdı. Hətta onun göstərişi ilə məni Baykal–Amur Magistralının tikintisi ilə tanış olmaq üçün Sibirə on günlük ezamiyyətə göndərdilər. Orda bütün vilayət partiya komitələrinin katibləri ilə görüşdüm, yaxından tanış oldum. Onu da xüsusi qeyd etməliyəm ki, kiminlə görüşürdümsə, hər biri Heydər Əliyev haqqında, onun işgüzarlığı və səmimiyyəti haqda xoş sözlər deyirdi.
Heydər Əliyev Moskvada çalışdığı illərdə Nazirlər Sovetinin qərarı ilə Abşeronun şimal hissəsinin ümumittifaq kurort-sanatoriya zonasına çevrilməsinə nail olduq. Məhz bu qərarla Azərbaycanda kurort-sanatoriya təsərrüfatının inkişafının əsası qoyuldu.
Daha bir məsələni sizə açıqlayım. İndi bütün dünya, xüsusilə Çin, Rusiya, Türkiyə və əlbəttə, elə Azərbaycan Zəngəzur nəqliyyat dəhlizindən, onun Asiya ilə Avropa arasında mühüm nəqliyyat marşrutu olmasından danışır. Heydər Əliyev Moskvada olanda bəlkə də elə bunu nəzərə alaraq Zəngəzur avtomobil yolunun tikintisi ilə bağlı qərar verdi. Əsas məqsədlərdən biri isə Naxçıvana avtomobil yolunun çəkilməsi idi. Biz o yolun inşasına başladıq. Mən də MK-nın tikinti üzrə katibi kimi bu tikintiyə rəhbərlik edirdim. Hətta bir neçə dəfə Ermənistan ərazisinə ezam olunmuşdum. Ancaq Heydər Əliyev Siyasi Bürodan və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən ədalətsizliklə uzaqlaşdırılandan sonra Zəngəzur yolunun tikintisi dayandırıldı.
– Vaxtı ilə Heydər Əliyevə xoş gəlmək üçün dəridən-qabıqdan çıxan Qorbaçovun birdən-birə ona münasibəti niyə dəyişdi?
– Qorbaçovla Heydər Əliyevin münasibətlərini bir neçə məqamda müşahidə etmişəm. İlk dəfə 1981-ci ildə Moskvada Nizaminin yubileyi keçirilərkən Qorbaçovun Heydər Əliyevləünsiyyətinin şahidi oldum. İttifaqlar Evinin Sütunlu salonunda Nizaminin 840 illiyi təntənə ilə qeyd ediləcəkdi. İdeoloji katib olduğum üçün tədbiri mən koordinasiya edirdim. Heydər Əliyev tədbirin başlamasına bir qədər vaxt qalmış mənə dedi: “Həsən, Siyasi Büronun iclası gedir, mən də Siyasi Büro üzvlərini tədbirə dəvət etmişəm. Hələ tədbiri başlamayın. Qapıda duranlara tapşır, gözdə-qulaqda olsunlar, onlardan gələn olsa, mənə xəbər ver”.
Mən onun tapşırığını yerinə yetirməyə başlayarkən gördüm Qorbaçov gəlir. Qorbaçov da o zaman Siyasi Büronun ən gənc üzvü idi və Mərkəzi Komitənin kənd təsərrüfatı üzrə katibi idi. Ondan başqa gələn olmadı. Yəni Siyasi Bürodan yeganə gələn kənd təsərrüfatı üzrə katib idi. Yəqin, nə demək istədiyimi başa düşürsünüz. Dedi: “Heydər Əliyeviç, siz dəvət elədiniz, mən də özümə borc bildim, Siyasi Büronun iclasının tamamlanmasını gözləmədən icazə aldım və yarımçıq qoyub gəldim. Orda söylədim ki, Heydər Əliyeviç məni dəvət edib, mütləq gərək onun tədbirinə gedim”.
Qorbaçov belə Qorbaçov idi. Yəni, hakimiyyət olimpinin zirvəsinə qalxandan sonra aydın oldu ki, riyakar, ikiüzlü və dövlət xadimi kimi içi boş bir adamdır. Baş katib olmamışdan onun bir çox çıxışlarına qulaq asmışdım. Ümumittifaq tədbirlərində bir gün Qorbaçov çıxış edirdi, səhəri gün Heydər Əlyev. Və yaxud əksinə olurdu. Hamı HeydərƏliyevin danışıq tərzini, natiqliyini, mövzuya nüfuz etməsini, necə parlaq şəxsiyyət olmasını aydın görürdü və ona heyran olurdu. O, insanların daxili dünyasına nüfuz etməyi bacarırdı. Ona görə də onu dəyərləndirirdilər. Əlbəttə, çıxışlar kütlə qarşısında deyil, intellektual auditoriya qarşısında olurdu və bu, Heydər Əliyevin Qorbaçovdan nə qədər yüksəkdə dayandığını bariz şəkildə göstərirdi.
Qorbaçovun riyakarlığı, ikiüzlülüyü ilk addımlarından bəlli idi. O, Heydər Əliyevi, sözsüz ki, iki səbəbdən hakimiyətdən uzaqlaşdırdı. Biri ermənilərin təkidi ilə, çünki bu böyük azərbaycanlı onların xəbis niyyətlərinə mane olurdu. Baxın, Qorbaçovun siyasi problemlər üzrə köməkçisi erməni idi – Şahnazarov, iqtisadiyat üzrə müşaviri erməni idi –Aqanbekyan, xarici siyasət üzrə məsləhətçisi Bakı ermənisi idi – Burdens. İkinci səbəb, Heydər Əliyevin fövqaladə dövlətçilik bacarığını qısqandığına görə. Qorbaçov Heydər Əliyevin yanında özünü rahat hiss etmirdi. Heydər Əliyevin dövlət xadimi kimi miqyası onu çox narahat edirdi. Onu da qeyd etməliyəm ki, Qorbaçovun ölkə başçısı seçilmək ərəfəsində dünyanın bir çox ölkələrində məhz Heydər Əliyevin dövlət başçısı vəzifəsinə layiq olduğu haqda məqalələr dərc edilirdi. Mən şəxsən o zaman Belçikada ezamiyyətdə olarkən televiziya kanalında bu haqda xüsusi verilişin şahidi olmuşam. Maraqlıdır ki, Avropa televiziya kanalı, bunları deməklə yanaşı, vurğuladı ki, Heydər Əliyev müsəlman və türk əsilli olduğuna görə ona SSRİ-yə rəhbər olmağa imkan verməzlər...
Söhbəti qəlmə aldı:
İlqar RÜSTƏMOV, “Xalq qəzeti”