Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, şair-dramaturq Hidayət Orucov milli ədəbiyyatımızın görkəmli simalarındandır.
O, ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mənəvi dəyərlərimiz barədə, eyni zamanda tarixi keçmişimizə, türk xalqlarının deportasiyası və soyqırımlarına, yaşadığımız günlərin problemlərinə həsr olunmuş 150-dən çox məqalənin, publisist qeydlərin müəllifidir. Hidayət Orucovun “Heydər Əliyev və Azərbaycanda milli siyasət” monoqrafiyası ingilis, rus, gürcü, türk, ərəb, qırğız dillərində də nəşr olunub.
Ədəbi tənqid və publisistika janrında yazılar yazan, Azərbaycan mədəniyyəti və milli kimliyi mövzularında çıxışlar edən Hidayət Orucovun pyesləri Azərbaycan və İrəvan teatrlarında səhnəyə qoyulub, teatr mütəxəssisləri və tamaşaçılar tərəfindən müsbət qiymətləndirilir.
Hidayət Orucovun son dövrdəki yaradıcılıq nümunələri də hər zaman olduğu kimi, maraqlı və diqqətçəkəndir. Bu yaxınlarda onun “Əziz Əliyevin heykəli hardadır?” adlı maraqlı yazısı dərc olunub. Görkəmli dövlət xadimi Əziz Əliyevin müxtəlif illərdəki fəaliyyətinə həsr olunmuş yazının sonunda Hidayət Orucov Əziz Əliyevin heykəlinin ucaldılmasını tövsiyə edərək, müvafiq orqanlar qarşısında vəsatət qaldırır.
Azərbaycan Teatr Xadimləri İttifaqı ölkəmizin inkişafında müstəsna xidmətləri olan görkəmli şəxsiyyətlərin adlarının əbədiləşdirilməsini dəstəkləyir və Hidayət Orucovun «Əziz Əliyevin heykəli hardadır?» yazısını müsbət qiymətləndirir.
Hacı İSMAYILOV,
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı


 
                                 
                                                                 
                                                                .jpg) 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                    