2020-ci ilin payızında Azərbaycan xalqının igid əsgər və zabitlərinin Qarabağın azad edilməsi uğrunda göstərdiyi qeyri-adi şücaətlər dünya ictimaiyyətinin diqqətini bu gün də özünə cəlb edir. Bu mövzuda qlobal mediada, o cümlədən Ukrayna KİV-də çox sayda xəbər, şərh və məqalələr dərc olunur.
Bu yazıların əsas məğzi budur ki, ölkəmiz Prezident İlham Əliyevin müdrik liderliyi ilə Cənubi Qafqaz regionunda yeni reallıqlar yarada bilib. Azərbaycan dünyada yeganə ölkədir ki, son yetmiş ildə öz gücü ilə torpaqlarını azad etməyə nail olub. İşğala məruz qalan bir çox ölkələr, eləcə də Ukrayna xalqı Azərbaycanın uğurunu öyrənməyə və təkrar etməyə çalışır.
Bu səbəbdən Ukrayna mediasında Azərbaycana diqqət böyükdür. Ukraynalı jurnalistlər belə bir fikir səsləndirirlər ki, Azərbaycan dövləti qarşısında duran çətin və şərəfli vəzifəni uğurla yerinə yetirdiyi kimi, bu gün rəsmi Bakı böyük uğurla bölgədə sülhün əldə olunması naminə prinsipial və qətiyyətli siyasət yürüdür.
Bu məqamda Ukrayna mediasının yaxın tarixinə, təxminən iki il yarım bundan əvvələ retro səyahət etmək istərdik. İkinci Qarabağ müharibəsinin başa çatmasına 5-6 gün qalmış “Kavkazskiy uzel” (“Qafqaz düyünü” – müəllif) saytında 2020-ci il noyabrın 3-də “Dünya KİV-i İkinci Qarabağ müharibəsi haqqında” sərlövhəli material yayımlanıb. Yazı həmin il sentyabrın 20-dən oktyabrın 20-dək olan dövrdə Qarabağ münaqişəsinin işıqlandırılması xüsusiyyətləri barədə “Lexis News” analitik mərkəzi tərəfindən hazırlanıb. Məqalədə müharibə ilə bağlı dünya mediasında yayımlanmış yazılar təhlil edilir. Şərhdə qeyd olunur ki, Cənubi Qafqazda 44 günlük savaş dönəmində Ukrayna mediası Azərbaycanın ədalətli və prinsipial mövqeyini birmənalı olaraq dəstəkləyib.
2021-ci il noyabrın 10-da, yəni müharibənin başa çatmasının birinci ildönümündə “Qolos Ukrainı” (“Ukraynanın səsi”) qəzeti Azərbaycanın İkinci Qarabağ müharibəsindəki tarixi zəfəri haqqında məqalə dərc edib. Yazıda diqqəti cəlb edən üç məqam xüsusilə önəmlidir. Əvvəla, İkinci Qarabağ müharibəsi postsovet məkanında işğala məruz qalan bir ölkənin ərazi bütövlüyünü təmin edən ilk presedent kimi dəyərləndirilir. İkinci, Azərbaycan xalqının şanlı Vətən müharibəsində göstərdiyi nümunə ukraynalıları ruhlandırır. Nəhayət, üçüncü məqam budur ki, Azərbaycanın qələbəsi diplomatik, hərbi, iqtisadi, informasiya və digər səylərin düzgün əlaqələndirilməsinin nəticəsidir.
Qeyd edək ki, “Yevropeyskaya pravda” Ukraynanın populyar internet-nəşrlərindəndir. Burada təqdim olunan materiallar əsasən Avropa dövlətləri, NATO-nun rəsmi Kiyevlə hərtərəfli əlaqələri, Ukraynada son illər aparılan islahatları əks etdirir. Nəşr 2020-ci il oktyabrın 1-də, yəni İkinci Qarabağ müharibəsinin dördüncü günündə Yuri Pançenko və Sergey Sidorenkonun birlikdə hazırladıqları “Donbasa oxşamayan Qarabağ: Qafqazda yeni müharibə haqqında suallara səkkiz cavab” sərlövhəli geniş həcmli məqalə yayımlayıb.
Yazıda qeyd edilir ki, Dağlıq Qarabağdakı tammiqyaslı müharibə bölgənin bütün ölkələrinə, o cümlədən Ukraynaya müsbət təsir göstərir. Ukrayna dövləti və xalqı Azərbaycan kimi, bütün qüvvələrini səfərbər edərək işğal altına düşmüş ərazilərini azad etmək uğrunda qətiyyətli mücadiləyə başlamalıdır.
Yeri gəlmişkən, 2022-ci ilin 24 fevralında Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma başladı. Bu hadisədən sonra Ukrayna mediasında Rusiya-Ukrayna müharibəsi fonunda Qarabağ müharibəsinin “dərsləri”nə maraq daha da artdı. “Yevropeyskaya pravda”nın redaktoru qəzetin 2022-ci il 28 mart tarixli nömrəsində “Rusiyanın Ukraynada müharibəsi fonunda Qarabağda Azərbaycan təşəbbüsü necə ələ alır?” sərlövhəli materialı yayımlandı.
Yuri Pançenkonun 2022-ci il iyulun 19-da “Yevropeyskaya pravda”nın internet nəşrində yer alan ”Qafqazı Kremlin məğlubiyyətinə hazırlayırlar: ABŞ və Aİ RF-nin təsirindən xilas olmaq üçün Ermənistana necə kömək edirlər?” adlı məqaləsində isə qeyd edilir ki, Avropa ittifaqı ilə Azərbaycan arasında imzalanmış miqyaslı enerji sazişi, Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərinin, bir neçə gün sonra isə Rusiya Xarici Kəşfiyyat İdarəsi başçısının Yerevana səfərləri, Ermənistan və Azərbaycan arasında ilk dəfə vasitəçilərsiz aparılan danışıqlar-bütün bu yeniliklər özündə yalnız bir amili birləşdirir: Cənubi Qafqaz yenidən Rusiya Federasiyası ilə Azərbaycanın mənafelərinin toqquşduğu meydana çevrilir. Müəllif demişkən “hətta demək olar ki, Qərb miqyaslı təzyiq göstərməyə başlamışdır. Məqsəd Rusiya Federasiyasını bu bölgədən sıxışdırıb çıxarmaqdır”.
Başqa bir mətbuat orqanı – “Ukrainskaya Pravda” qəzetində 2022-ci il avqustun 3-də “Dağlıq Qarabağda yeni gərginlik: hər iki tərəfdən həlak olanlar və yaralananlar haqqında məlumat verirlər” sərlövhəsi ilə dərc edilən materialda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə baş verən toqquşmalardan söhbət açılır. Bu faktlar bir daha sübut edir ki, Ukrayna mediası Cənubi Qafqazda cərəyan edən gərgin prosesləri daim diqqət mərkəzində saxlamağa çalışır.
Ötən ilin sonları və bu ilin əvvəllərindən başlayaraq Ukrayna KİV-ində Ermənistan-Azərbaycan arasında sülh danışıqlarının aparılması və bu prosesə müəyyən qüvvələrin destruktiv təsir göstərməyə çalışmasına baxmayaraq, rəsmi Bakının qətiyyətli mövqeyi geniş işıqlandırılır. Bu sahədə yuxarıda adlarını çəkdiyimiz KİV-lə yanaşı, Ukraynanın “Ukrlife.tv”, “Politeka” internet televiziyaları, UNİAN agentliyi xüsusilə fərqlənir.
Ceyran CƏFƏRLİ,
BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının magistrantı