Ermənistan üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini postuna öz namizədini müəyyənləşdirməkdən imtina edib. Ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan rotasiya qaydasına uyğun olaraq, nəzərdə tutulmuş prosedurun yerinə yetirilməyəcəyini təsdiqləyib. Qeyd edək ki, buna qədər də bir sıra erməni teleqram kanalları belə bir qərarın çıxarılacağına dair məlumat yaymışdılar. Hunanyanın təsdiqi həmin məlumatların doğruluğunu sübuta yetirdi.
Bəli, KTMT-dəki məsul vəzifədən imtina Ermənistanın Rusiya ilə yollarını ayırmaq istiqamətindəki növbəti addımıdır. Axı, qurumdakı başlıca söz sahibi Rusiyadır. Deməli, İrəvanın hazırkı qərarı Ermənistanın Kremlin orbitindən çıxmaq istiqamətindəki səylərinin KTMT fazasının aktivliyinin göstəricisidir.
Onu da diqqətə çatdıraq ki, Ermənistan buna qədər də KTMT müstəvisində Rusiya ilə ziddiyyətlərə getmişdi. Məsələn, rəsmi İrəvan bir müddət öncə qurumun Ermənistanda keçirilməli olan ənənəvi hərbi təlimindən imtina etmişdi. İmtina üçün kifayət qədər aşağılayıcı ton seçilmişdi. Həm baş nazir Paşinyan, həm də spiker Alen Simonyan qərarı təxminən belə əsaslandırmışdılar: Gələcəklər sərhəd yaxınlığında təlim keçirib gedəcəklər, buna qarşılıq Azərbaycan və Türkiyə aktivləşəcək və Ermənistan çətin duruma düşəcək.
Bəli, İrəvanın yanaşması, açıq-aşkar, KTMT-nin, daha doğrusu, Rusiyanın heçə sayılmasıdır. Paşinyan administrasiyası haqqında söz açdığımız təlimə etiraz qərarından əvvəl də analoji addım atmışdı. Yada salaq ki, ötən ilin noyabrında KTMT-nin İrəvanda sammiti keçirilirdi. Toplantıda quruma üzv ölkələrin liderləri də iştirak edirdilər. Hətta Rusiya Prezidenti Vladimir Putin özü belə tədbirə təşrif buyurmuşdu.
Belə demək mümkünsə, KTMT-nin ağır çəkililərinin Ermənistan paytaxtında olması rəsmi İrəvana sanki jest idi. Ancaq Paşinyanın Putinin bu jestindən nəticə çıxarmayacağı hələ tədbirdən əvvəl məlum idi. Belə ki, Ermənistan iqtidarı sammitə bir neçə gün qalmış İrəvan küçələrində anti-Rusiya nümayişləri təşkil etmişdi. Həmin nümayişlərdə Moskva əleyhinə sərt bəyanatlar, hətta, təhqirlər belə səslənmişdi. Bu, azmış kimi, nümayişçilər Gümrüdəki Rusiya hərbi bazasının ölkədən çıxarılmasını tələb etmişdilər.
Ümumən, KTMT-nin İrəvan sammiti əsnasında baş verənlər Paşinyanın anti-Rusiya teatrının növbəti tamaşa meydanı kimi yadda qalmışdı. Bilavasitə toplantının özünə gəldikdə isə erməni baş nazir qurumun üzvlərindən Azərbaycanı təcavüzkar kimi qiymətləndirməyi, ötən ilin sentyabrında baş vermiş sərhəd toqquşmasına siyasi qiymət verməyi tələb etmişdi. Əlbəttə, bu istəyinə nail ola bilməyəcəyi ona yaxşı məlum idi. Paşinyan, öz aləmində, Rusiyanı fakt qarşısında qoyduğunu düşünmüşdü.
Qeyd edək ki, Paşinyan KTMT müstəvisində təzadlı fikirləri ilə də diqqət çəkmişdi. Doğrudur, o, ötən ilin sentyabrında Azərbaycanla Ermənistan arasında hərbi toqquşma baş verdikdə, dərhal KTMT-ni köməyə, yəni hərbi müdaxiləyə çağırmışdı. Ara sakitləşdikdən sonra isə qurumun müşahidə missiyasından imtina etmişdi. Paralel olaraq Avropa İttifaqının mülki missiyasını bölgəyə dəvət etmək istiqamətində iş aparmışdı.
Bütün bunlar, eləcə də, Ermənistanın rotasiya qaydasında KTMT-nin baş katibinin müavini postuna namizəd verməkdən imtinası, heç şübhəsiz, ölkənin Rusiyadan tamamilə qopmaq arzusunun növbəti bariz göstəricisidir. Hələlik, buna qarşılıq Moskvanın edə biləcəyi heç nə yoxdur. Belə getsə, Ermənistan hakimiyyəti KTMT-dən də çıxa bilər. Proseslər də bilavasitə ona doğru gedir.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

