Antoni Blinken Orta Asiyaya niyə getmişdi?

post-img

ABŞ Dövlət katibi Antoni Blinken Orta Asiya regionuna ilk səfərini etdi. İkigünlük səfəri çərçivəsində cənab Blinken Qazaxıstan və Özbəkistan prezidentləri ilə görüşdü. Qazax lideri Qasım-Jomart Tokayevlə görüşündə Dövlət katibi ABŞ-ın Qazaxıstanın suverenliyinə və ərazi bütövlüyünə bundan sonra dəstək verəcəyini açıqladı. Özbəkistanla münasibətlərə gəldikdə isə dövlət katibi bildirdi ki, iki ölkə arasında əlaqələr dinamik inkişaf edir. Siyasi şərhçilərin fikrincə, ABŞ Dövlət katibinin Orta Asiyaya səfəri Ukrayna müharibəsinin qızğın çağına düşür və rəsmi Vaşinqton istəyir ki, region ölkələri Rusiyaya tətbiq olunan sanksiyalara əməl edilməsinin vacibliyini unutmasınlar. Həmçinin bu respublikalar Rusiya-Ukrayna müharibəsi başlanandan sonra qeyri-müəyyən vəziyyətə düşüblər. Dövlət katibi bu qeyri-müəyyənliyi mümkün qədər ABŞ-ın xeyrinə aradan qaldırmaq istəyir.

Fevralın 28-də Astanada xarici iş­lər nazirlərinin C5+1 formatında gö­rüşü keçirildi. Xatırladaq ki, bu format 2015-ci ildə yaradılıb və regionun beş ölkəsini (Qazaxıstan, Qırğızıstan, Taci­kistan, Türkmənistan, Özbəkistan) və ABŞ-ı birləşdirir. Dövlət Departamenti­nin saytında bildirilir ki, platforma “Bir­ləşmiş Ştatlarla tərəfdaşlıqda ümumi problemləri həll edən müstəqil, firavan və təhlükəsiz Orta Asiyanın ümumi məqsədinə nail olmaq üçün” təşkil olu­nub. Format üç sahəni ̶ iqtisadiyyat, enerji və ətraf mühitin qorunması və təhlükəsizlik sferasını əhatə edir. 2021-ci ildən indiyədək C5+1 çərçivəsində nazirlərin dörd görüşü keçirilib. 

Səfər öncəsi keçirdiyi brifinqdə ABŞ Dövlət katibinin Cənubi və Orta Asiya məsələləri üzrə köməkçisi Donald Lu bildirib ki, cənab Blinken Rusiyanın Ukraynada müharibəsinin ildönümü və bu ölkələrin iqtisadiyyatlarına və cə­miyyətlərinə edilən təzyiqlər fonunda regiona səfər edir: “Əsas məqsədimiz ABŞ-ın etibarlı tərəfdaş olduğunu və bu iqtisadiyyatların üzləşdiyi çətinliklə­ri gördüyümüzü göstərməkdir”. Cənab Lu problemlər arasında ərzaq və ya­nacağın yüksək qiymətlərini, işsizliyi, ixrac çətinliklərini, pandemiyanın fə­sadlarını və Rusiyadan miqrant axınını göstərib. 

Mütəxəssislərin fikrincə, əslində, C5+1 formatını yaratmaqla ABŞ qarşı­sına iki əsas oyunçunun ̶ Çin və Ru­siyanın zərərinə regionda təsirini güc­ləndirmək vəzifəsi qoyub. Xatırladaq ki, Ukraynada müharibənin başlanma­sının ildönümündə BMT Baş Assamb­leyası savaşa son qoymağa çağıran və Rusiyadan qoşunlarını Ukraynadan çıxarmağı tələb edən qətnaməyə səs verib. Onu 141 ölkə qəbul edib, 7-si əleyhinə, 32-si bitərəf qalıb. Bitərəf qalanlar arasında C5+1 formatının işti­rakçısı olan – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan var. Türkmə­nistan isə səs verməyənlər arasında yer alıb. Belə bir vəziyyətin Vaşinqto­nu nə qədər narahat etdiyini və dövlət katibinin də bitərəf qalan Orta Asiya dövlətlərinin mövqeyinə təsir göstər­məyə çalışacağı sualına cavab verən cənab Lu bildirib ki, bu ölkələrin Rusiya ilə münasibətlərinin uzun və mürəkkəb tarixi var: “Düşünmürəm ki, bu münasi­bətlərə tezliklə son qoyalar. Amma biz onlarla dialoq aparırıq ki, bu məsələdə hansı rolu oynaya bilərlər”.

Region ölkələrinin Qərbə yaxınlaş­maq məsələsində çox ehtiyatlı davran­dıqları heç kəsə sirr deyil. AFP agent­liyinin beş ölkədən birinin diplomatına istinadən verdiyi xəbərə görə, Vaşinq­tonla yaxınlaşmaqda region dövlətləri “Rusiyanı təxribata çəkməmək” üçün “çox ehtiyatlı” yanaşmaya riayət edirlər. Cənab Blinkenlə görüşdə də C5+1 for­matının üzvləri kifayət qədər diploma­tik bəyanatlar səsləndiriblər. Məsələn, Qazaxıstanın Xarici işlər naziri Muxtar Tleuberdi bildirib ki, “hazırda biz Rusi­yadan heç bir risk, təhlükə görmürük və hiss etmirik”. Nazir xatırladıb ki, Qazaxıstan AİB-nin, KTMT-nin, MDB-nin üzvüdür və Rusiya ilə, o cümlədən bu çoxtərəfli strukturlar çərçivəsin­də qarşılıqlı fəaliyyət göstərir. Cənab Tleuberdinin sözlərinə görə, Astana bundan sonra da çoxvektorlu siyasətə sadiq qalmaq niyyətindədir. Real və­ziyyəti gözəl anlayan ABŞ diplomatı da qazax həmkarı ilə görüşündə bildirib ki, Birləşmiş Ştatlar Qazaxıstanın suve­renliyini, müstəqilliyini və ərazi bütövlü­yünü dəstəkləyir və bunun gəlişi gözəl söz olmadığını diqqətə çatdırıb.

Mətbuat konfransında Antoni Blin­kendən Ukrayna müharibəsinin Orta Asiyaya və xüsusən də Qazaxıstana yayılma ehtimalını necə qiymətləndir­diyi soruşulub. Dövlət katibi deyib ki, “Bu, təkcə Ukraynaya qarşı təcavüz deyil, bu, BMT Nizamnaməsinin əsas prinsiplərinə qarşı təcavüzdür”. O qeyd edib ki, bu prinsiplər bütün dünyada, o cümlədən Orta Asiyada sülhün və sabitliyin qorunmasına yönəlib: “Ona görə də bütün ölkələrin birləşməsi və təkcə Ukraynanı qorumaq üçün deyil, həm də bu prinsipləri qorumaq üçün Rusiyanın təcavüzünə qarşı çıxması çox vacibdir. Əks halda bəzi ölkələr Rusiyaya baxıb düşünə bilər: “Rusiya bunu bacarırsa, biz də bacararıq”. Ona görə də, biz Rusiyanın təcavüzünü da­yandırmaq üçün hər şeyi etməliyik”.

Əlbəttə, ABŞ Dövlət katibi də gözəl bilir ki, coğrafi və geosiyasi şə­raitə görə Orta Asiya ölkələrinin Qərbə sürətlə yaxınlaşması baş verməyəcək. Ukrayna müharibəsindən əvvəl ABŞ Orta Asiya ölkələrini Rusiyadan uzaq­laşdırmaq üçün cəhd göstərmişdi. İki il əvvəl Dövlət Departamentinin bir çox nümayəndəsi bu məqsədlə Qazaxısta­na gəlmişdi. O zaman gündəlikdə yeni regionun ̶ Böyük Orta Asiyanın əsası­nı təşkil edəcək Orta və Cənubi Asiya arasında yaxınlaşma ideyası var idi. 2021-ci ilin avqustuna qədər bu proses Əfqanıstanda vəziyyətin pisləşməsi ilə bağlı olmuşdu. İndi sual ondan ibarət­dir ki, Orta Asiya ölkələri Rusiyaya qar­şı sanksiya siyasətinə qoşulsunlar və ya ən azından bu sanksiyalardan yan keçməsinə kömək etməsinlər. 

 

S.ELAY,
“Xalq qəzeti”

Siyasət