SSRİ-nin son çağlarında erməni millətçiləri və onlara qoşulmuş hay “ziyalıları” ölkə rəhbəri Mixail Qorbaçovdan Qarabağın Azərbaycandan alınaraq Ermənistana verilməsi üçün, belə demək mümkünsə, elçi düşdülər. O vaxt bu məqsədlə müxtəlif açıq toplantılar və gizli təmaslar təşkil olunurdu. Yəni, böyük ehtimalla, yazımızda ayrı-ayrı fraqmentlərini diqqətə çatdıracağımız toplantı nə birinci, nə də sonuncu idi. Söhbət 1988-ci il iyulun 18-də SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş geniş növbədənkənar iclasından gedir.
Erməni ziyalıların SSRİ rəhbəri M.Qorbaçovla deyişməsi kimi xarakterizə olunan həmin iclasda akademik Sergey Ambartsumyanın ağzını açar-açmaz dediyi bu olur ki, erməniləri sıxışdırırlar. Onun sözünü yarımçıq qoyan Qorbaçov bildirir: “Mənə deyin görək, əsrin əvvəlində (XX əsr nəzərdə tutulur – red.) İrəvanda azərbaycanlı əhalinin sayı nə qədər idi? Ambartsumyan gözünü döyür və xatırlamadığını bildirir. Qorbaçov: “Siz bilməlisiniz. Mən sizə xatırladım. İrəvanda əhalinin 43 faizi azərbaycanlılar idilər. Bəs indi onların sayı neçə faizdir? İndi çox azdır. Yəqin, 1 faiz olar. Siz ki, alimsiniz, informasiyalarda dəqiq olmaq lazımdır. Həqiqətlərdə də düz olmaq şərtdir. Sizin və ya mənim həqiqətim hələ həqiqət demək deyil”.
M.Qorbaçov replikasını “insanları normal həyata qaytarmaq lazımdır” deməklə yekunlaşdırır və bununla da, əslində, Ambartsumyanın “erməniləri sıxışdırırlar” məntiqinin cəfəng mahiyyət daşıdığını sübuta yetirir. SSRİ rəhbərinin diqqətə çatdırdıqları ermənilərin deyil, azərbaycanlıların sıxışdırıldığının sübutudur. Əlbəttə, belə sübutların sayı-hesabı yoxdur. 1988-ci ildən sonra isə həmin sübutların sırasına əlavələr oldu. Söhbət 1988-1991-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiyasından, daha sonra isə torpaqlarımızın işğalı nəticəsində bir milyona yaxın vətəndaşımızın məcburi köçkün həyatı yaşamağa məruz olmasından gedir.
...S.Ambartsumyan sözügedən toplantıda tək deyildi. Orada başqa nələrin yaşandığına nəzər salacağıq. Hələlik isə bir neçə faktın üzərində dayanaraq bildirək ki, sovet Ermənistan əhalisinin tərkibi ötən əsrin 47-50-ci illərində dramatik şəkildə dəyişdi. Bunu edən hazırda erməni iqtidarının bəyənmədiyi SSRİ rəhbəri İosif Stalin oldu. Əlbəttə, Stalinin qərarına təsir göstərənlər var idi. Məsələn, o zamankı Ermənistanın SSR-in birinci katibi Qriqori Arutinov. Məhz Arutinov 1947-ci ildə SSRİ Nazirlər Sovetinin azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə bağlı qərarının çıxarılmasına nail oldu. Qərar nəticəsində 100 minədək azərbaycanlı köçürülməyə, əslində isə deportasiyaya məruz qaldı. Bu deportasiya, miqyasına görə, 1944-cü ildə Krım tatarlarının və çeçenlərin, habelə Pont yunanlarının üzləşdiyi durumdan heç nə ilə fərqlənmədi...
Qeyd edək ki, qərarda azərbaycanlıların Ermənistandan köçürülmələri “əsaslandırımışdı” da. Sən demə, xaricdəki ermənilər öz vətənlərinə dönməyi arzulayırdılar. Bu yerdə haşiyə çıxaq ki, İkinci dünya müharibəsindən sonra SSRİ-dən köçmüş emiqrantların yenidən ölkəyə qayıtmaları ilə bağlı siyasət həyata keçirilirdi. Mövcud siyasət həm xaricdəki ruslara, həm də digər millətlərin təmsilçilərinə şamil olunurdu.
Lakin tezliklə Stalin ani demokratizm simptomlu və xalqların tarixi vətənlərində vəhdəti kimi qəbul edilən siyasəti yarımçıq saxladı. Amma erməni avantüristlər fürsəti fövtə vermədilər. Haqqında söz açdığımız Arutinov hiyləgərlik edərək, “vətənə geri dönmək arzusunu ifadə edən” ermənilərin harada yerləşdiriləcəyinə dair məsələ qaldırdı. O, Ermənistan SSR-də bunun üçün şəraitin olmadığını bildirərək mərkəzi rəhbərliyi, müəyyən mənada, fakt qarşısında qoydu.
Əlbəttə, Arutinov hər şeyi hesablamışdı. O, vəziyyətdən çıxış yolu kimi, azərbaycanlıları Ermənistandan çıxarmağın üzərində dayandı. Beləliklə, deportasiya başladı. Nəticədə, İrəvanın əhalisi, demək olar, tamamilə ermənilərdən ibarət oldu. Əlbəttə, həmin dövrdə Ermənistana qayıtmaq istəyən ermənilər tapıldı. Amma onların sayı Arutinovun bildirdiyi kimi, heç də 100-200 min deyil, xeyli az idi. Ancaq şəhərdəki azərbaycanlıların sırası əhəmiyyətli dərəcədə seyrəldi. Ümumən, Ermənistanda türk-müsəlman əhalinin sayı, təxminən, cəmi 100 mindən bir qədər artıq civarda müəyyənləşdi. Doğrudur, bu rəqəm 1988-ci ilədək, yəni deportasiyanın növbəti dalğasınadək, 200 mini keçdi və hətta daha çox oldu.
***
Əlbəttə, M.Qorbaçov ermənilərlə söz oynadarkən əsl deportasiya barədə danışmadı. Çünki mövzu, əvvəldə də bildirdiyimiz kimi, Qarabağı Azərbaycandan alıb Ermənistana vermək, daha doğrusu, belə bir sərsəmliyi əsaslandırmaq idi. Sərsəmlərdən biri də erməni yazıçısı Vaqdes Petrosyan idi. O bildirdi ki, Qarabağ problemini ancaq bölgəni Ermənistana verməklə həll etmək mümkündür. Qorbaçov bu avantürist alimin də sözünü ağzında qoymuş və arqument səsləndirmişdi: “Tutalım, siz təklif etdiyiniz kimi qərar qəbul etdik. Axı Azərbaycanda 400 min erməni qalır. Onlardan 207 mini Bakıdadır. 500 min erməni Gürcüstanda yaşayır. Bəs onlarla nə edək? Onları da Ermənistana yerləşdirməliyik?”
Bu yerdə Gürcüstan SSR Ali Sovetinin sədri Pavel Gelaşvili, görünür, özü qəsdən söhbətə replika ilə müdaxilə edir və Gürcüstanda 500 min azərbaycanlının yaşadığını bildirir. Cənab Gelaşvili belə bir ritorik sual da səsləndirir: “Marneuli rayonu tamamilə azərbaycanlılardan ibarətdir. O zaman bu rayonu Azərbaycana vermək lazımdır?..”
Qorbaçov sözünə davam edərək Xankəndidə əhalinin təchizatı üçün lazımi mallarla dolu qatarın dayandığını deyir. Onun bildirdiyinə görə, vaqonlar boşaldılmır və ekstremistlər xəbər yayırlar ki, guya Xankəndidə insanlar aclıq çəkirlər. Beləliklə, ermənilərdə Azərbaycan idarəçiliyinə qarşı nifrət yaratmaq yolu tutulur. Qorbaçov bunun vəziyyəti gərginləşdirmək üçün edildiyini bildirir. O, sual da verir: “Siz istənilən yolla qələbə qazanmağı necə etmək istəyirsiniz? Ermənistan Dağlıq Qarabağı öz ərazisinə daxil etmək istəyir? Azərbaycan buna yol vermək istəmir. Bir millimetr də geri çəkilmək fikrində deyil... Axı, bu, real deyil. Hamını razı salacaq kompromis tapmaq lazımdır. Qələbə ancaq ümumi olmalıdır. Problemləri siyasi dalana salmaqla həll etmək olmaz. Sumqayıt və Dağlıq Qarabağ ətrafındakı digər hadisələr onsuz da iki xalqın bir-birinə münasibətində dərin izlər buraxıb. Vaxt lazımdır ki, bunu necəsə yoluna qoyaq. Elə indi görüşmək, müzakirə etmək, kompromis tapmaq lazımdır”.
Əlbəttə, əli yüzlərlə azərbaycanlının qanına batmış M.Qorbaçov mələk deyildi, nə etdiyini, nə danışdığını çox yaxşı bilirdi. O, həm erməniləri, bir növ, danlayır, müəyyən mənada, onlara minnət qoyurdu. Digər yandan isə həmin erməni millətçilərinin əməllərini gerçəkləşdirmələrinə şərait yaradırdı. Yəni, bir tərəfdən erməni təxribatçıları həbsə atılır, başqa bir tərəfdən onların tezliklə azadlığa çıxmaları təmin olunurdu. Hər halda, bu başıpozuqlar elə-belədən öz mənfur əməllərini təkrarlamırdılar. Mütləq dəstəkçiləri var idi və şübhəsiz ki, həmin dəstəkçilər göydən gəlməmişdilər. Belələri məhz Qorbaçovun ətrafında qaynaşırdı.
Ümumən, M.Qorbaçov kənardan Dağlıq Qarabağ məsələsində siyasi həll yollarını üstün tutan kimi görünürdü. O, bölgənin iqtisadi, sosial və mədəni inkişafı üçün təkliflər hazırlanmalı olduğunu və azərbaycanlılarla ermənilərin birgə problemi həll etmələrinin vacibliyini vurğulayırdı. Halbuki, Qorbaçov belə deməməli və güzəşt gündəliyini rəhbər tutmamalı, Dağlıq Qarabağ ətrafında baş verənləri dövlətin bütövlüyünə qarşı qəsd adlandırmalı idi.
***
Bu gün Ermənistan və havadarları müxtəlif beynəlxalq tribunalarda anti-Azərbaycan fəaliyyəti ilə məşğuldur. Qarabağ ermənilərinin etnik təmizləməyə məruz qaldıqlarını bildirir, vay-şivən qaldırırlar. Halbuki Qarabağ ermənilərinin bölgəni tərk etmələrinin səbəbkarı Azərbaycan və azərbaycanlılar olmayıblar. Ölkəmizin rəsmiləri dəfələrlə Qarabağ ermənilərinə vətəndaş kimi yanaşıldığını bəyan ediblər. Lakin qarşı tərəf bununla razılaşmayıb. Eynilə 1988-ci ildə olduğu kimi.
Bəli, hazırda Ermənistanın Azərbaycanla sülhə gəlməməsi fonunda gözlər önündə ayrı-ayrı fraqmentlərini təqdim etdiyimiz iclas canlanır. Həmin iclasda erməni nümayəndələrin azğınlığı, əvəzində Azərbaycan təmsilçilərinin izaholunmaz susqunluğu da həmçinin. Lakin Azərbaycan 1993-cü ildən – ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyə başlamasından sonra susmadı və mübarizə apardı. Mübarizə yekunda torpaqlarımızın işğaldan qurtulması və iki yüz illik erməni planının iflası reallığını doğurdu.
Yekunda belə qənaətə gəlirik ki, erməni qövmünün Vətənimizdən nə isə qopartmaq istəyi rüsvayçılıqla nəticələndi. Axı Azərbaycan əvvəlki Azərbaycan deyil. Yəni, mövcud şəraitdə Ermənistan da əvvəlki Ermənistan olmağa çalışmamalıdır.
Həm də o səbəbdən ki, indi Ermənistanın əvvəlki Ermənistan olmaq istəyi Azərbaycanı daha əvvəlki, məsələn, 1918-ci ilə qədərki Azərbaycan olmağa həvəsləndirir. Əslində, buna həvəslənmə demək də doğru deyil. Bir cəmiyyət ki, ölkəmizə qarşı çıxır, bir dövlət ki, daim silahlanma yolunu tutub nəyəsə nail olmaq “eşqinə” düşür, dinc yaşamağı deyil, təfriqəni rəhbər tutur, deməli, belə düşüncəyə son qoyulmalıdır. Başqa yol yoxdur!
Ə.CAHANGİROĞLU
XQ