Ermənistan üçün yeni konstitusiya – referendum, yoxsa...

post-img

Paşinyan iqtidarı dayanıqlı sülh naminə qətiyyət göstərəcəkmi?

Cənubi Qafqazda sülh təminatının vacibliyini rəhbər tutan Azərbaycan dövləti bildirir ki, Ermənistan konstitusiyası işğalçılıq motivlərinə əsaslanmamalıdır. Rəsmi Bakı bu məqamı hayların əsas qanununun ölkənin İstiqlaliyyət bəyannaməsinə istinadına görə qabardır. O bəyannaməyə ki, orada konkret ərazi iddiası var. Deməli, Ermənistanın 1991-1993-cü illərdəki işğallarının, eyni zamanda, həmin sənəddən qaynaqlandığını vurğulamaq olar. Dayanıqlı sülh üçün isə avantürizmin kökü kəsilməlidir. Bu, dövlətimizin prinsipial mövqeyidir.

Bəli, Azərbaycanın şərti ona hesablanıb ki, Ermənistan dövləti kimi, onun cəmiyyəti də işğalçılıq siyasətindən kənar dayanacağını uca səslə bəyan etsin. Sülhün maksimum təminatı budur və bu məqsədlə Ermənistanda ümumxalq səsverməsi – referendum keçirilməlidir. Həmin referendumda erməni əsas qanunu İstiqlaliyyət bəyannaməsinə istinad yükündən qurtulmalıdır. Hay cəmiyyəti iradə nümayiş etdirməli, göstərməlidir ki, təcavüzkar yanaşmadan uzaqdır.

Əslində, baş nazir Nikol Paşinyan da jurnalistlərə sonuncu açıqlamasında bu barədə söz açıb, amma bir qədər fərqli şəkildə. Bildirib ki, Ermənistanın yeni konstitusiyasında İstiqlaliyyət bəyannaməsinə istinad olmamalıdır.

N.Paşinyan yeni konstitusiya ideyasını 2020-ci ildən irəli sürdüyünü xatırladıb. Ancaq həmin vaxt onun təşəbbüsünün məqsədi başqa idi. Ən azı, Nikolun 2019-cu ilin avqustunda Xankəndinin mərkəzi meydanında səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına nəzərən bunu söyləmək mümkündür. Yəni, Nikolun yanaşması işğalçı mahiyyətdən uzaq durulmasını rəhbər tutmurdu.

N.Paşinyan 2020-ci ilin fevralında Ermənistan konstitusiya məhkəməsinin o zamankı sədri Hrayr Tovmasyanın və qurumun digər üzvlərinin vəzifədən uzaqlaşdırılması üçün referendum keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Hökumət rəhbərinin əsalandırmasına görə, sözügedən məhkəmə xalqın suveren hüquqlarını məhdudlaşdırır və vəziyyətin konstitusiya dəyişiklikləri ilə aradan qaldırılması vacibdir. Başqa sözlə desək, referendumun məqsədi köhnə qaydalarla seçilmiş hakimlərin səlahiyyətlərinə son qoymaq və yeni tərkibli konstitusiya məhkəməsi formalaşdırmaq idi.

Onu da bildirək ki, Nikol konstitusiya islahatlarını davam etdirməkdə israrlı görünürdü. Lakin COVID-19 pandemiyası səbəbindən planlaşdırılan referendum təxirə salındı. Buna baxmayaraq, 2020-ci ilin iyununda Ermənistan parlamenti konstitusiya məhkəməsinin sədri H.Tovmasyanın vəzifədən azad edilməsini nəzərdə tutan dəyişiklikləri təsdiqlədi.

Bir qədər də əvvələ gedərək deyə bilərik ki, 2018-ci ildə Paşinyan konstitusiya islahatlarını siyasi sistemin demokratikləşdirilməsi və korrupsiyaya qarşı mübarizə çərçivəsində həyata keçirməyə çalışmışdı. O, konstitusiya məhkəməsinin əvvəlki hakimiyyətin təsiri altında olduğunu və bu səbəbdən islahatların zəruriliyini önə çəkmişdi.

Bəli, hazırda mahiyyət başqadır. Bildirdiyimiz kimi, yeni konstitusiyanın Ermənistanın İstiqlaliyyət bəyannaməsinin, belə demək mümkünsə, inhisarından qurtarılması motivi öndədir. Durumu formalaşdıran Azərbaycanın qətiyyətidir. Ölkəmizin prinsipiallığı sayəsində rəsmi İrəvan əsas qanunun istinad mənbəyinin avantürizmə söykəndiyinin fərqinə varmağa başlayıb. Baxmayaraq ki, bunu açıq etiraf etmir. Yeri gəlmişkən, N.Paşinyan da dolayısı ilə bu barədə söz açıb. Onun nədən danışdığına diqqət yetirəcəyik. Hələlik isə bir haşiyə çıxaq.

Ermənistanın İstiqlaliyyət bəyannaməsinin preambulasında sənədin Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Muxtar Vilayəti Milli Şurasının 1989-cu il dekabrın 1-də çıxardığı Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərarına söykəndiyi, həmçinin 1918-ci il mayın 28-də yaradılmış müstəqil Ermənistan Respublikasının ənənələrini inkişaf etdirmək, demokratik, hüquqi cəmiyyət yaratmaq əzminin ifadəsi olduğu bildirilir. Hər halda, dünyada belə məkrli dövlət sənədinə malik ikinci xalqı təsəvvürə gətirmək mümkünsüzdür...

N.Paşinyan 2024-cü ilin fevralında demişdi ki, Ermənistanın İstiqlaliyyət bəyannaməsində yer alan “Dağlıq Qarabağ” ifadəsi sülh üçün problem yaradır. Erməni baş nazir sonradan ölkə parlamentində çıxış edərkən də mövzuya toxunmuşdu: “Son illərdə mən İstiqlaliyyət bəyannaməsini dəfələrlə oxudum və dəhşətli nəticəyə gəldim ki, bu bəyannamənin mahiyyəti ilə Ermənistan Respublikası mövcud ola bilməz. Bu, bizim ən böyük problemimiz və faciəmizdir. İndi sual budur ki, əsl Ermənistan nədir və onun vətəndaşları kimlərdir. Əsl Ermənistanın vətəndaşı o kəsdir ki, bu yerdən kənarda vətən axtarmır”.

N.Paşinyan həmin vaxt yeni konstitusiyanın qəbulu ilə bağlı referendumun keçirilməsinin zəruriliyini də bəyan etmişdi. İstiqlaliyyət bəyannaməsinə istinadən sülh mühitinin qərarlaşmasına əngəl törətdiyini vurğulayan baş nazir yeni əsas qanunun indiki geosiyasi şəraitdə Ermənistanı daha həyat qabiliyyətli edəcəyi qənaətini bölüşmüşdü. Onun mövcud xüsusda “Real Ermənistan” ideologiyasını irəli sürdüyü də məlumdur. Nikol demişdi ki, bu ideologiya müstəqillik və sülh konsepsiyalarını əsas götürərək, ölkənin sabit və davamlı inkişafının təminatını hədəfləyir.

N.Paşinyanın iki gün öncə jurnalistlərə açıqlamasındakı növbəti nüansın üzərində dayanaq. Onun sözlərindən belə çıxıb ki, yeni konstitusiya zərurəti heç də Azərbaycanın irəli sürdüyü şərtlə bağlı deyil. Əlbəttə, Nikolun daxili auditoriya baxımından belə danışmasını anlayışla qarşılayırıq. Ancaq hər şey göz önündədir. Sözümüz ondadır ki, Paşinyanın yeni konstitusiya ideyasını əvvəl nə üçün irəli sürməsi, indi mövcud istiqamətdə hansı səbəbdən təşəbbüs qaldırmasının səbəbi, kifayət qədər aydındır və vəziyyəti doğuran amilin Azərbaycanın gücü olduğunu vurğuladıq.

Yazımızın bu yerində Nikolun fikirlərindəki bir məqama yenidən qayıdaq. Söhbət Paşinyanın İstiqlaliyyət bəyannaməsinin mahiyyəti ilə müstəqil Ermənistan Respublikasının mövcud ola bilməyəcəyinə dair dediklərindən gedir. Nəzərə alsaq ki, Nikol sənədin hazırkı mahiyyətini faciə kimi qiymətləndirir, baş nazirin gəldiyi qənaətə aydınlıq gətirmək şərtdir.

Faciə ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibində yer alıb. O zaman sual yaranır: Necə ola bilər ki, Azərbaycan ərazisindəki bir ərazi vahidinin qərarı Ermənistanın müstəqilliyinin əldə olunması üçün əsas sayılsın? Əgər belədirsə, ortaya başqa məsələ çıxır. Axı Azərbaycan dövləti Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bununla əlaqədar qərar veriləndə dünya ölkəmizin müstəqilliyini tanımışdı. Başqa sözlə desək, beynəlxalq legitimliyimiz var idi və hüquqi baxımdan legitim qərarla DQMV inzibati ərazi vahidi qismində tarixin arxivinə göndərilirsə, deməli, Ermənistan dövlətinin yaradılışının hüquqi bazası da sarsılır. Ümid edək ki, N.Paşinyanın ölkəsi üçün gördüyü faciəli durum budur.

Sonda Azərbaycan – Ermənistan münasibətləri baxımından bir tendensiyaya nəzər salaq. Tendensiya təxminən belədir: Azərbaycan hakimiyyəti hansısa məsələni qabardır, erməni iqtidarı əvvəl ona qarşı çıxır, rəsmi Bakı mövqeyində israrlı olanda, İrəvan da həmin məsələnin üzərinə gəlir. İndiyədək həmişə belə olub. Diqqət yetirək, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni üzrə danışıqlar başa çatdırıldıqdan sonra Paşinyan və komandasının üzvləri sənədin tez bir zamanda imzalanmasının zəruriliyini bildirdilər, beynəlxalq miqyasda mövcud istiqamətdə təbliğat apardılar, hətta prosesə onların xaricdəki havadarları da qoşuldular. Elə təsəvvür yarandı ki, sanki sülh istəyən Ermənistandır, ondan boyun qaçıran Azərbaycan.

Dövlətimiz Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun ləğvi baxımından israr nümayiş etdirdi və məsələn, Paşinyan artıq Minsk qrupunun əhəmiyyətsizliyindən söz açır. Görəsən, bu qənaətə zamanında gəlmək olmazdımı? Yəni, erməni iqtidarı konstitusiya dəyişikliyi məsələsinə də daha əvvəldən önəm verməli idi. Amma vermədi və onun yanaşması, istər-istəməz, etimad mühitinə zərbə vurur.

Əlbəttə, demək istəmirik ki, Paşinyanın hazırkı mövqeyi tam konstruktivdir. Çünki erməni baş nazirin səsləndirdiyi fikirlər, böyük ölçüdə, oxu atıb yayı gizlətməkdir. Yəni, sonra nələrin baş verəcəyi məlum deyil. Ümumən, erməni iqtidarının davranışlarını proqnozlaşdırmaq çətindir və adətən, hər zaman belə olub. Belə qeyri-sabitlik ampluası isə erməni iqtidarının, yaxşı halda, qətiyyətsizliyindən qaynaqlanır. Pis halda isə hay hakimiyyəti reallığı bilir, sadəcə, onun ətrafında gəzişir ki, münasib zaman gələndə həmin reallıqdan uzaq mövqe tutsun. Ən böyük problem rəsmi İrəvanın bu sayaq səmiyyətdən uzaq dəst-xətti normaya çevirməsidir. Ona görə Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə inamın sıfıra bərabər olduğunu vurğulayır. Dövlətimizin başçısının gəldiyi nəticənin əlavə sübuta ehtiyacı yoxdur. Görünən dağa, nə bələdçi...

Ə.CAHANGİROĞLU
XQ

Siyasət