“Leytmotivsizlik” sindromu

post-img

İttifaq MİRZƏBƏYLİ
[email protected]

Tək baş nazir yox, ermənilər hamılıqla bu xəstəliyə yoluxublar

Əvvəlcə onu xatırladaq ki, leytmotiv hansısa əsərin, ədəbi yaradıcılığın, yaxud ədəbi cərəyanın ana xəttinə, aparıcı motivinə deyilir. Əlavə edək ki, leytmotiv bəzən əsəri əvvəlcədən başa düşmək üçün açar rolu oynayan ifadə, cümlə, bədii surət, yaxud süjetdən ibarət olur. Əvvəlcə Çar Rusiyasının, sonra isə Sovet İttifaqının qədim Azərbaycan torpaqlarında yaratdığı Ermənistan dövləti, əslində, siyasi qurum kimi deyil, özfəaliyyət kollektivi kimi idarə olunduğuna görə, orada leytmotivdən əsər-əlamət görmədik. Bu “dövlət”in konkret məqsədi, məramı, son hədəfi yoxdur. Daha doğrusu, müəyyən seçimləri olur və tez-tez məramını dəyişir.

Biz bu qənaətimizin təsdiqini işğalçı ölkənin xarici işlər naziri Ararat Mirzoyanın aprelin 14-də Türkiyənin NTV telekanalına müsahibəsində növbəti dəfə gördük. Armİnfo.am xəbər portalının yazdığına görə ölkənin baş diplomatı həmin müsahibəsində deyib ki, “Ermənistan Sünik vasitəsilə Naxçıvana gedən marşrutda Azərbaycana müasir nəzarət mexanizmlərindən istifadə etməyi məsləhət görüb”. İlk baxışda normal məntiq kimi görünən bu mövqedən xəbər tutan ayıq adamlar dərhal soruşurlar ki, məgər Azərbaycan həmin marşruta nəzarət etmək istəyir?

Bundan başqa, Mirzoyan israr edir ki, Ermənistan Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının, marşrutların və infrastrukturun açılmasında heç bir fundamental problem görmür. Bu nə deməkdir? Mirzoyanın “problem görmədiyi” məsələ – regionda nəqliyyat kommunikasiyalarının, marşrutların və infrastrukturun açılması zərurəti 2020-ci ilin noyabrında Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də Ermənistan baş nazirinin imzaladıqları məlum üçtərəfli bəyanatda öz əksini tapmışdır. Artıq beş ilə yaxındır ki, Azərbaycan və Rusiya rəhbərliyi, üstəlik, Şanxay – London nəqliyyat yolunun açılmasında maraqlı olan digər ölkələr və beynəlxalq təşkilatlar İrəvandan həmin yolun açılmasını tələb edirlər. Ermənilər isə beş ildir ki, gündə bir bəhanə ilə öz imzalarına hörmət etməkdən boyun qaçırıblar. İndi isə “problem görmürlər”.

İndi – Ermənistanla Türkiyə arasında dəmir yolunun bərpasında maraqlı olduqlarını söyləmək üçün üz tutduqları türk televiziyasına deyirlər ki, biz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat yolunun açılmasına razıyıq, ancaq Azərbaycan buna mane olur.

Fikrimizcə, bu, təkcə absurd deyil, həm də, diplomata yaraşmayan sifətdir. Ararat Mirzoyanın bu ifadəsi Nikol Paşinyanın “Biz Azərbaycanla sülh sazişi imzalamağa hazırıq” – deyərək şərti sərhədə silah daşınmasına göstəriş verməsi kimi riyakarlıqdır. Daha doğrusu, leytmotivsizlikdir. Yaxud, Nikol Paşinyanın “Biz KTMT-dən birdəfəlik imtina edirik” – deyərək, mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına hazırlaşmasına nə ad vermək olar? Bu addımın adını sərlövhədə vermişik.

Başqa bir arqumentə diqqət yönəldək. Başda Fransa prezidenti Emmanuel Makron olmaqla bir sıra Avropa siyasətçiləri və qitə miqyaslı bəzi “beynəlxalq təşkilatlar” Xocalı soyqırımı kimi vəhşiliyə imza atmış işğalçı Ermənistan dövlətindən “sülh göyərçini” obrazı yaratmaq üçün cidd-cəhdlə, daha doğrusu, riyakarcasına çalışırlar. Region mətbuatı isə yazır ki, Ermənistanda 3 aylıq qeyri-rəsmi “səfərbərlik” başlanır, hərbi texnikanın sərhədyanı rayonlara daşınması müşahidə edilir, erməni ordusu Naxçıvan istiqamətində də aktivləşir. Xarabalıq bayquşundan “sülh göyərçini” yaratmaq istəyənlər onun qanadları altına Hindistandan, Fransadan gətirilmiş silahların yerləşdirildiyini görmürlərmi?

Başqa bir arqument. Baş nazir Nikol Paşinyan ötən ay sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan etmişdi. İndi ədalətli bir Avropa müşahidəçisi lazımdır ki, Paşinyanın həmin bəyanatından sonra ermənilərin atəşkəsi neçə dəfə pozduğunu söyləsin. Söyləməyəcəklər. Çünki Avropa müşahidəçiləri Ermənistana sülhün bərpasına xidmət etmək üçün yox, münaqişənin uzadılması üçün göndəriliblər. Yəni axsaq atın kor nalbəndləri kimi...

Daha bir arqument. Antalya Diplomatiya Forumunda iştirak edən Ararat Mirzoyan orada iddia edirdi ki, İrəvan Azərbaycanla sülh müqaviləsini 10 dəqiqə ərzində imzalamağa hazırdır. İşğalçıların baş diplomatının həmin bəyanatı verdiyi dəqiqələrdə bu əldəqayırma dövlətin mətbuatı yazırdı ki, Ermənistan – İran hərbi təlimləri başa çatdı. Bu, nə deməkdir?

Yəni bu dövlətin heç bir siyasətçisinin, diplomatının, məmurunun sözünə inanmaq mümkün deyil. Necə inanasan? Bütün dünya qəbul edir ki, Qarabağ münaqişəsi artıq yoxdur. Problem öz həllini tapıb. Ancaq Azərbaycan rəhbərliyinin 2020-ci ilin payızından bəri israrla tələb etdiyi ATƏT-in Minsk qrupunun ləğv edilməsi haqqındakı tələbinə İrəvan tərəfindən əməl edilmir. Bu isə o deməkdir ki, Ermənistan rəhbərliyi Qarabağ münaqişəsini bitmiş hesab etmir. Deməli, hələ müharibə ola bilər. Aprelin 15-də parlamentin iclasında çıxış edən Nikol Paşinyan isə növbəti dəfə riyakarlıq edərək “ Daha Azərbaycanla Ermənistan arasında heç bir müharibə olmayacaq!” – ifadəsini iki-üç dəfə, həm də çığıra-çığıra dedi. Bunun adı nədir? Təbii ki, “leytimotivsizlik” sindromu.

 

 

Siyasət