Bakıda TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələrinin ikinci iclası Türk dünyasının gələcəyinə yönəlmiş strateji yanaşmanın, ortaq təhlükəsizlik konsepsiyasının və yeni geosiyasi düzənin konturlarının cızıldığı mühüm bir platformadır.
Türk dövlətləri arasında birliyə aparan yol heç də bugünkü geosiyasi zərurətlərdən yaranmayıb. Bu, dərin tarixi, ortaq soy-kök, dil, din və mədəni dəyərlərlə yoğrulmuş bir kimlik anlayışının təzahürüdür. Qədim İpək yolu dövründən başlayaraq, Altaylardan Anadoluya qədər uzanan türk coğrafiyası tarix boyu həm iqtisadi, həm də hərbi baxımdan bir-biri ilə qarşılıqlı əlaqədə olub. Sovet imperiyasının dağılmasından sonra müstəqillik qazanan Türkistan respublikaları ilə Türkiyə və Azərbaycan arasında qurulan siyasi münasibətlər bu tarixi yaddaşın canlandırılması prosesinin bir parçası idi.
TÜRKPA Baş katibi Mehmet Süreyya Erin qeyd etdiyi kimi, bu gün türk dövlətlərinin qarşısında dayanan təhlükələr – terrorizm, qeyri-sabit qonşu mühitlər, kibertəhdidlər və hibrid müharibə formaları – artıq kollektiv yanaşma tələb edir. Bu baxımdan, müdafiə və təhlükəsizlik üzrə parlament əməkdaşlığında məqsəd təkcə normativ-hüquqi baza yaratmaq deyil, eyni zamanda, strateji koordinasiya üçün zəmin hazırlamaqdır.
Parlamentlərin müdafiə və təhlükəsizlik sahəsində rolu bəzən arxa planda qalsa da, normativ baza, beynəlxalq hərbi əməkdaşlıq müqavilələrinin ratifikasiyası və büdcə məsələlərinin təsdiqi baxımından onların rolu əvəzolunmazdır. TÜRKPA çərçivəsində də komitə sədrlərinin bir araya gəlməsi bu sahədə uzunmüddətli strategiyanın əsasını təşkil edir. Bu toplantı gələcəkdə mümkün olacaq Türk Müdafiə İttifaqının hüquqi və siyasi çərçivəsinin təməlləridir.
Bu gün Avrasiya məkanında baş verən geosiyasi dəyişikliklər – Rusiya – Ukrayna müharibəsi, Çinin "Bir kəmər, bir yol" təşəbbüsü, Qərbin enerji təhlükəsizliyinə dair narahatlıqları – Türk dövlətlərinin strateji əhəmiyyətini artırır. Xüsusilə, Azərbaycan və Türkiyə bu prosesdə həm enerji, həm nəqliyyat, həm də hərbi baxımdan lokomotiv rolunu oynayırlar. Məhz bu səbəbdən, Türk Dövlətləri Təşkilatı və onun parlament ölçüsü olan TÜRKPA çərçivəsində müdafiə əməkdaşlığının institusional əsasda qurulması bir zərurətə çevrilir.
2020-ci ildəki II Qarabağ müharibəsində əldə edilən hərbi və diplomatik qələbə Azərbaycanın regiondakı mövqeyini ciddi şəkildə gücləndirdi. Hazırda Azərbaycan regionun enerji və nəqliyyat qovşağı ilə yanaşı, təhlükəsizlk arxitekturasının formalaşmasında fəal iştirak edən aktordur. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyevin TÜRKPA çərçivəsində səsləndirdiyi fikirlər də türk dövlətlərinin geosiyasi koordinasiyasında yeni mərhələyə keçidin anonsu kimi dəyərləndirilməlidir. A.Nağıyevin səsləndirdiyi “bizim ailəmiz Türk dünyasıdır” deyimi Azərbaycanın regional kimlik və siyasi yönünün açıq şəkildə bəyanıdır. Bu fikir, əslində, Prezident İlham Əliyevin illərdir formalaşdırdığı türk inteqrasiyasına əsaslanan çoxvektorlu xarici siyasətin parlament səviyyəsində strateji davamıdır.
Burada diqqətçəkən əsas xətt odur ki, Azərbaycan yalnız mədəni və tarixi bağlar üzərində deyil, təhlükəsizlik və müdafiə sahəsində də institusional əməkdaşlığı gücləndirməyi siyasi prioritet kimi müəyyənləşdirir.
A.Nağıyevin çıxışında vurğulanan parlamentlərarası təhlükəsizlik əməkdaşlığı da regional güc balansında Türk dünyasının yeni konturlarını çəkir. Əgər bundan əvvəl türk dövlətləri arasında əməkdaşlıq əsasən iqtisadi və mədəni formatlarda inkişaf edirdisə, indi bu münasibətlər müdafiə və milli təhlükəsizlik doktrinası müstəvisində daha da dərinləşdirilir.
TÜRKPA-nın komitə sədrlərinin mütəmadi görüşləri, vahid strateji baxışın formalaşdırılması, ortaq hərbi təlimlər və müdafiə sənayesində əməkdaşlıq türk dövlətlərini hərbi-strateji baxımdan da bir-birinə daha yaxınlaşdırır. Bu amil gələcəkdə türk dövlətləri arasında çevik müdafiə koalisiyasının, yaxud regional təhlükəsizlik mexanizminin yaradılmasına zəmin yarada bilər. Geosiyasi dəyişikliklərin getdikcə daha sərt xarakter aldığı bu dövrdə türk dövlətləri arasında strateji əməkdaşlığın dərinləşməsi təhlükəsiz gələcək naminə tarixi zərurətdir.
Şəbnəm ZEYNALOVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru