Zəngəzur Qarabağdır, Qarabağ isə Azərbaycanın ruhudur

post-img

Yaxud tarixi haqqımız və imperializmin erməni təəssübü  

Prezident İlham Əliyev bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirmişdi: “Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, “yaşıl” enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir, halbuki bu, bizim bölgüyə görə üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir”.

Dövlətimizin başçısı yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olumuş müşavirədə sovet hakimiyyətinin Qərbi Zəngəzuru 1920-ci ilin noyabrında Azərbaycandan aldığını da demiş, bunun xalqımıza qarşı cinayət olduğunu bildirmişdi. Bunun birinci və sonuncu hal olmadığını, Azərbaycan ərazisində “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradıldığını diqqətə çatdıran Prezident İlham Əliyev, həmçinin əvvəlki dövrdə çar Rusiyası tərəfindən ermənilərin Azərbaycan ərazilərinə köçürülmələrini, daha əvvəl öz rəhbərliyini davam etdirəcəyinə zəmanət verilmiş Qarabağ xanının öldürülməsini də cinayət prizmasından dəyərləndirmişdi. Ölkəmizin liderinin vurğuladığı başlıca məqam isə budur: “Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq”. 

Bəli, biz Zəngəzuru da, başımıza gətirilmiş çeşidli oyunları da unutmamışıq. Prezident İlham Əliyevin bildirdiyi kimi, XX əsrin faciələri göz önündədir. Nəzərə alaq ki, dövlətimizin başçısı işğal illərində də Qərbi Azərbaycan və Zəngəzur mövzusunu daim gündəmdə saxlamışdı. Ölkəmizin liderinin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə səsləndirdiyi fikirlər isə dərin yaddaş xəttimizin fundamentallığının vurğulanmasıdır: “1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi”.

Qeyd edək ki, Azərbaycanın Naxçıvandan və Türkiyədən ayrı salınmasının daha böyük məqsədi Türk dünyasını parçalamaq idi. Prezident İlham Əliyev 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündəki çıxışı zamanı məhz bu məqamı qabartmışdı: “Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək Türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, Türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi Türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün Türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq”. 

Söhbət Zəngəzurdan düşmüşkən, Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri olmuş Nəsib bəy Yusifbəylinin 1919-cu il dekabrın 22-də parlamentdəki çıxışını yada salaq: “Qarabağ deyərkən, təbii olaraq, dörd mahalı nəzərdə tuturuq. Son zamanlar bəziləri müxtəlif intriqalarla, dedi-qodularla Zəngəzur mahalını Qarabağdan kənarda göstərməyə çalışırlar. Yüz və min illərdir ki, Zəngəzur Azərbaycanın ruhunu təşkil edən Qarabağın tərkib hissəsidir. İndi, cənablar, Qarabağ qəzasının üçdəiki hissəsi bizim əlimizdədir. Zəngəzur mahalının yarısı isə bəzi qiyamçıların nəzarətindədir”.

N.Yusifbəylinin barələrində söz açdığı qiyamçılar bölgədən qovuldular. Ancaq ardınca xalqımız üçün son dərəcə ağır proseslər yaşandı. Bu barədə söz açmazdan əvvəl bildirək ki, yuxarıda gətirdiyimiz üç iqtibas Qarabağa və Zəngəzura vahid orqanizm kimi yanaşmağımıza imkan ­verir. Söhbət məhək daşı Azərbaycan olan vahid orqanizmdən gedir. O Azərbaycan ki, tarix boyu olub və olacaq da. Ancaq indi tarixin ənginliklərinə getmək fikrində deyilik. Təkcə XIX əsrin 30-cu illərindən bu yana olan dövrə ekskurs edərək Qarabağ kimi Zəngəzurun da haqq davamızın tərkib hissəsi obrazını canlandıracaq, bu qədim diyarımızın üzləşdiyimiz ədalətsizliklərin və haqsızlıqların daha bir nişanəsi olduğunu vurğulayacağıq. 

***

Başlayaq 1828-ci ildə Rusiya və İran arasında imzalanmış Türkmənçay müqaviləsindən. Müqavilədə ermənilərin Qafqaza köçürülmələrinə dair xüsusi müddəanın yer aldığını və 1830-cu ildən sonra prosesə ciddi şəkildə start verildiyini bilirik. 1849-cu ildə tarixi torpaqlarımızda erməni vilayətinin  yaradıldığını da həmçinin. Çünki çar imperializmi erməni varlığına müsəlmanların üstünlük təşkil etdiyi Qafqazda rupor kimi yanaşırdı. Bütövlükdə, türk-müsəlman dünyasını bir-birindən ayrı salmaq məqsədi də bu idi. 

Dünyanın imperialist qütbləri çar Rusiyasının Osmanlı əleyhinə kökləndiyini gözəl anlayırdılar. Buna görə erməni məsələsinin, belə demək mümkünsə, rus seqmenti daxilində baş verənlər onların maraq və mənafeləri baxımından qənaətbəxş sayılırdı. Ancaq Qərb aləminin özünün ayrıca fəaliyyət dəst-xətti də var idi. Bu “dəst-xəttin” nəticəsi olaraq XIX əsrin sonlarına doğru Avropada erməni terror təşkilatları gücləndi. Həmin təşkilatların məramı Osmanlı torpaqlarında iğtişaşlar törətmək, dövləti daxildən parçalamaq idi. Bir sözlə, erməni məsələsinə münasibətdə Qərb imperializmi və çarizm ortaq maraqlardan çıxış edirdi. Onlardan dəstək alan erməni millətçiləri Birinci Dünya müharibəsi illərində Osmanlıya xəyanət yolu tutdular. Savaşın başa çatması ilə hər iki imperiyanın varlığına son qoyuldu. 

Nəhəng imperiyaların süqutu şəraitində Azərbaycanın 1918-ci il müstəqilliyinə qovuşması dövlətçilik ənənələrimizin bərpası idi. Həmin il Azərbaycan torpaqları hesabına yaradılmış Ermənistana gəlincə, bu qurama “dövlət” erməni varlığının Qərbə “ayı xidməti”nin mükafatından başqa bir şey deyildi. Ancaq erməni ­millətçilərinin iddiaları yerə-göyə sığmırdı. Qərb onları razı salmaq üçün əlindən gələn hər şeyi edirdi. Beləcə, erməni məsələsində estafeti üzərinə götürmüş Qərbin ermənilərə İrəvandan sonrakı  hədiyyəsinin zamanı yetişdi. Hədiyyənin adı isə Zəngəzur idi. 

***

Bəli, Qərb dünyası Zəngəzurun ermənilərə hədiyyə edilməsinin memarı olmuş, Azərbaycan Xalq Cümhuriyyətini buna razı salmağa çalışmışdı. Planı reallaşdırmaq Antanta dövlətlərinin Ermənistana ali komissar təyin etdiyi ABŞ ordusunun polkovniki V.Haskelin müavini, polkovnik Ceyms Reyə tapşırılmışdı. Ancaq AXC xadimləri İrəvandan sonra Zəngəzurun və Naxçıvanın əldən çıxma ehtimalını duymuşdular. Ona görə də Azərbaycan hökuməti 1919-cu il 25 yanvar tarixli qərarı ilə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını Gəncə quberniyasının tərkibindən çıxarmış və həmin qəzalardan ibarət Qarabağ general-qubernatorluğunu yaratmışdı.

Azərbaycanın birinci hökumətində hərbi nazir olmuş Xosrov bəy Sultanov Qarabağın general-qubernatoru təyin edilmişdi. Xosrov bəy və qardaşı Sultan bəyin  başçılığı ilə ermənilər geri qovulmuşdular. Həmçinin, 1919-cu ilin iyulunda Xankəndidə AXC-nin hərbi paradı olmuşdu. Ermənilər və xaricdəki havadarları bundan çox narahatlıq keçirmişdilər. Tərəflər arasında barışın əldə edlməsi tapşırığını almış C.Rey isə 1919-cu il noyabrın 23-də Tiflisdə “sülh konfransının” təşkilinə nail olmuşdu. 

1919-cu il noyabrın 23-də imzalanmış “sülh sazişi”ndən beş gün əvvəl, yəni ­noyabrın 17-də AXC-nin Baş naziri Nəsib bəy Yusifbəylinin C.Reyə cavab məktubunda deyilirdi: “Sizin teleqramınıza cavab olaraq bildirirəm ki, Azərbaycan hökuməti tərəfindən Zəngəzurda hərbi əməliyyatlar aparılmır. Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir, bunun belə olduğunu İttifaq komandanlığından olan müttəfiqlərimiz və Sülh konfransının ali komissarı Haskel özü də təsdiqləyib. O, bizim Zəngəzur qəzasına məxsusi sahibliyimizi etiraf edib. Naxçıvan məsələsi üzrə razılaşmanın bir bəndində erməni hökumətindən tələb edib ki, Azərbaycan hakimiyyətinə Zəngəzurda üsyançı hərəkatını dayandırmaqda köməklik göstərsin.  Beləliklə də erməni əhalisini Azərbaycan Respublikasının hakimiyyətinə tabe olmağa məcbur etsin. Bizim aldığımız son məlumatlara görə,  erməni hökuməti nəinki Haskelin qarşısındakı (Antanta İttifaqının Ermənistanda ali komissarı olmuş polkovnik V.Haskel nəzərdə tutulur. C.Rey onun müavini olmuşdu və birinci Parisə çağırıldıqdan sonra təşəbbüsü ələ almışdı – red.) bu öhdəliyinə əməl etməyib, əksinə, Zəngəzura özünün qoşunlarını göndərib ki, üsyançı hərəkata dəstək olsun, onu gücləndirsin. Buna görə də Azərbaycan hökuməti orada qayda yaradılması və anarxist-bolşevik əhvali-ruhiyyəli erməni üsyançı bandalarına təsir göstərmək məqsədilə Qarabağ üzrə general-qubernatora hərbi kömək göndərməyə məcbur olub”.

C.Rey 1919-cu il noyabrın 23-də Tbilisidə üçtərəfli sazişin, daha doğrusu, “sülh sazişi”nin imzalanmasına nail olur. Sənədi Azərbaycan və Ermənistanın baş nazirləri N.Yusifbəyli və A.Xatisov, təminatçı qismində ABŞ tərəfindən Ceyms Rey və Gürcüstanın xarici işlər naziri E.Gegeçkori imzalamışdılar. Sazişə əsasən, Ermənistan və Azərbaycan hökumətləri silaha əl atmayacaqlarını, Zəngəzura gedən yolların açılması üçün tədbirlər görəcəklərini, sərhəd məsələləri də daxil olmaqla, bütün mübahisəli problemləri sülh konfransının qərarına qədər yalnız barış yolu ilə aradan qaldıracaqlarını, bəzi məsələlərdə razılığa gəlinmədikdə polkovnik Ceyms Reyin münsiflər məhkəməsi qismində tədbirlər görəcəyini, danışıqlar aparmaq üçün bərabər sayda nümayəndələr seçəcəklərini, mübahisəli məsələlərin müzakirəsini aparacaqlarını, nəhayət, bu sazişin müddəalarına vicdanla əməl edəcəklərini razılaşdırmışdılar. 

Qeyd edək ki, həmin dövrdə C.Reyə geniş səlahiyyət verilmişdi. Azərbaycan Ordusu da məhz onun təkidi ilə, regionda sülhün yaranması zərurətini əsas götürərək Zəngəzurdan çıxmalı olmuşdu. AXC amerikalı polkovnikə güvənmiş və istəmişdi ki, qan tökülməsinin qarşısı alınsın. Amma bundan sonra Qərbin mənfur planının ikinci mərhələsi işə düşmüşdü. Azərbaycan Ordusunun Zəngəzurdan çıxması ilə ermənilər 1920-cı ilin yanvarına qədər qəzanın bütün kəndlərinin işğalını gerçəkləşdirmişdilər. 

Bəli, bütün bunlar AXC-nin İrəvan güzəştinin ermənilər və onun Qərbdəki havadarları üçün yetərli olmadığının sübutudur. O da məlumdur ki, haqqında söz açdığımız işğallar nəticəsində Zəngəzurdan Naxçıvana və ətraf ərazilərə görünməmiş qaçqın axını başlamışdı. Halbuki bu hadisələrə qədər bölgə əhalisinin 72 faizini azərbaycanlılar, yalnız 28 faizini ermənilər təşkil etmişdilər. 

Əlbəttə, Azərbaycanın rəsmi nümayəndələri vəziyyətin belə şəkil aldığını C.Reyə bildirmişdilər. Özü də Paris Sülh Konfransında. Hətta lazımi materiallar da təqdim etmişdilər ki, onlar Amerika Prezidentinə və Antantaya üzv dövlətlərin başçılarına təqdim olunsun. Ancaq gec idi, erməni təəssübü öz “işini” görmüşdü. Beləcə, Zəngəzur məsələsi Paris Sülh Konfransının müzakirəsindən kənarda qalmışdı. 

Zəngəzurdan dərs alan Naxçıvan əhalisinin güclü müqaviməti və inadlı mübarizəsi, AXC hökumətinin isə diplomatik səyləri ilə növbəti təxribat aktının qarşısı alındı. Ermənilərin Naxçıvanı ələ keçirmək niyyəti puça çıxdı. Ancaq bununla hər şey bitmədi. Çünki Qərb imperializmi yerini yenidən Rusiyaya verdi ki, erməni millətçiləri bu imkandan maksimum faydalanmağa girişdilər. Özü də daha azğın şəkildə.  

***

1920-ci ilin aprelindən sonrakı zaman kəsiyi Zəngəzurun, bütövlükdə Qərbi Azərbaycanın bizdən qoparılmasının ayrı-ayrı mərhələlərinə şahidlik edir. Məhz bu mərhələdə Zəngəzur Ermənistanın sovet hakimiyyətini qəbul etməsi qarşılığında bolşevik Rusiyasının ermənilərə hədiyyəsinə çevrilir. Hər şey isə 1920-ci il aprelin 28-dən – Sovet Rusiyasının Azərbaycanı ələ keçirməsindən sonra başlayır. Həmin ilin iyununda Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) ilə Ermənistan arasında imzalanmış müqaviləyə görə, Rusiya İrəvan quberniyasının, Zəngəzur qəzasının Ermənistan SSR ərazisinə daxil olmasını tanıdı. Lakin bir məqamı da vurğulayaq ki, həmin vaxt Zəngəzur naminə azərbaycanlıların müqaviməti olmuşdu. Müqavimət və etiraz o qədər ciddi olmuşdu ki, Rusiyaya etibarın itirilməsi təhlükəsi yaranmışdı. Buna görə Qafqaz bolşevikləri Zəngəzurun Azərbaycandan alınıb Ermənistana verilməsinə dair qərarın məsuliyyətini Azərbaycan kommunistlərinin üzərinə yıxmaq kimi planı işə salmışdılar. 

1918-ci ildə AXC-nin yaranması zamanı İrəvan Ermənistan üçün paytaxt olaraq güzəştə gedilmişdisə, 1920-ci ildə sovet Azərbaycanının formalaşması Zəngəzurun və digər ərazilərin güzəşti ilə müşayiət olunmuşdu. Belə ki, 1920-ci il avqustun 10-da Rusiya K(b)P-nin Qafqaz bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarmışdı, Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olunmuşdu. 

1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olunmuş, bir gün sonra – noyabrın 30-da Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla Zəngəzur Ermənistana verilmişdi. Təsadüfi deyil ki, Sovet Rusiyasının rəhbərliyində təmsil olunanlar (onların tərkibində ermənilər çoxluq təşkil edib – red.) Zəngəzurun ermənilərə verilməsinə dair Nəriman Nərimanovun 1920-ci il dekabrın 1-də səsləndirdiyi bəyanatı Rusiyanın Qafqaz, Azərbaycan üzərində qəti qələbəsi, Ermənistanın daşnakların hakimiyyətindən qurtulub sovetləşməsi, şirnikləndirilməsi yolunda mühüm addım saymışdılar. 

Nəhayət, 1921-ci il iyunun 3-də Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosu İosif Stalinin iştirakı ilə keçirilmiş iclası Zəngəzurun Ermənistana birləşdirilməsi barədə qərara təkrar və demək olar yekun olaraq baxmışdı. Bir nəfər də olsa azərbaycanlı və müsəlmanın iştirak etmədiyi həmin iclasdan sonra ərazi ilk dəfə olaraq Ermənistanın 9-cu qəzası kimi inzibati bölgüyə daxil edilmişdi.

Qeyd edək ki, Zəngəzurun Sovet Azərbaycanından alınaraq Sovet Ermənistanına verilməsi Qərbin də diqqət mərkəzində olub. Qərbdə hesab edirdilər ki, yekunda Sovet Rusiyasının adına yazılan ermənipərəstlik onların da işinə yarayan amildir. Bunu ayrı-ayrı media orqanlarının materiallarından da görmək mümkün idi. Məsələn, fransız nəşri olan “L'oeuvre” özünün 1920-ci ilin dekabrındakı sayında mövzuya geniş yer ayırmışdı. Yazıda Sovet Rusiyasının Zəngəzuru Ermənistana güzəştə getməsindən bəhs edilmişdi. Nəzərə alaq ki, belə nümunələrin sayı çoxdur. 

Zəngəzurun Ermənistana güzəştə gedildiyini sübuta yetirən daha bir fakt isə Stalinin “Pravda” qəzetinin 1920-ci ilin dekabrın 4-də çapdan çıxmış sayında yer alan “Да здравствует Советская Армения!” sərlövhəli məqaləsidir. Qərbin ermənilər üçün edə bilmədiyini Sovet Rusiyasının həyata keçirməsindən qürur hissinin ifadə olunduğu məqalədə açıqca bildirilmişdi ki, Sovet Azərbaycanı Zəngəzurdan könüllü şəkildə imtina edib. Əlbəttə, Stalin təmsil olunduğu hakim komandanın ermənilər naminə azərbaycanlılara qarşı məkrli oyun oynadığından söz açmazdı. Ancaq yaşananlardan söz açan, hər şeyi gün işığı kimi göstərən əlahəzrət tarix var.  

***

Göründüyü kimi, XIX əsrin 30-cu illərindən Azərbaycan ərazilərində məskunlaşdırılmış ermənilər XX əsrin 20-ci illərində torpaqlarımızın işğalı reallığını doğurdular. Hələ onların 1918-ci ilin martında törətdikləri soyqırımı da var ki, məqsəd Qafqaz coğrafiyasından türk-müsəlman izini tamamilə silmək idi. Eyni mənfur xətt Sovet imperiyasının dövründə də götürülmüşdü. 1923-cü ildə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı ki, bu, əsrin sonlarına doğru Qarabağ məsələsinin aktivlik parametrini müəyyənləşdirmişdi. 

Habelə, XX əsrin 20-ci illərindən başlayaraq torpaqlarımızın hissə-hissə Ermənistana verilməsi halları da olmuş, proses 1969-cu ilin mayınadək davam etmişdir. Yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə başlamasından sonra ərazi peşkəşlərinə son qoyulmuşdu. Amma 1987-ci ildə Heydər Əliyevin SSRİ-dəki hakimiyyət olimpindən uzaqlaşdırılmasından dərhal sonra Ermənistanın XX əsrin sonlarında gerçəkləşmiş və otuz ilədək davam etmiş işğalına aparan məkrli proseslərə start verilmişdi. 

Lakin indi zaman dəyişib. 44 günlük müharibədəki Zəfərimiz, Qarabağa sahiblənməyimiz 200 illik erməni planına son qoyub. Bu gün Azərbaycan haqqı olanı geri istəyir və prinsiplərində qətidir. Ancaq dövlətimiz məsələyə vəlvələdən və ya zəlzələdən yaranmış qurama Ermənistanın ərazi bütövlüyünə qəsb prizmasından yanaşmır. Rəsmi Bakı Naxçıvana sərbəst və maneəsiz yol tələb edir. Ölkəmizin rəhbərliyi qətiyyətlə bəyan edir ki, Naxçıvana yol “Azərbaycandan Azərbaycana yol” məntiqinə əsaslansın. Yəni, ərazidə heç bir gömrük və sərhəd nəzarəti olmasın. Prezident İlham Əliyevin şəxsində dövlətimizin istəyi budur ki, Naxçıvana maneəsiz yolun timsalında bütün sahələrdə vahid məkan olan Qarabağımızın iqtisadi bütövlük yükü vurğulansın. Humanistik, ona görə Ermənistanın da bu vurğulanmadan fayda götürməsinə razıyıq. 

Əslində, başımıza gətirilmiş müsibətlərin Zəngəzur dəhlizi amalımız və Qərbi Azərbaycana qayıdış konsepsiyamız ədalətlidir və illər ərzində öz doğma yurd-yuvalarından qovulmuş soydaşlarımızın qanuni haqqıdır. Ancaq bugünkü Ermənistan rəhbərliyi xəbərdarlıqlarımızdan nəticə çıxarmaq niyyətindən uzaqdır. Rəsmi İrəvanın hərəkətləri fonunda imperialist dairələrin yenə Cənubi Qafqaz müstəvisində aktivləşdiyini görürük. Görürük ki, onlar erməni məsələsini gündəmdə saxlamaqda israrlıdırlar və ona ölkəmizə təzyiq aləti kimi yanaşırlar. Ancaq unudurlar ki, indi yüz və ya iki yüz il əvvəlki dövr deyil. Hazırda nəinki Cənubi Qafqazın, bütövlükdə, dünyanın siyasi səhnəsində güclü və qüdrətli Azərbaycan var. Bu unutqanlığın isə qoruduqları, üzərində əsdikləri Ermənistana, yumşaq desək, ziyanı var. 

“Xalq qəzeti”nin analitik qrupu

 



Siyasət