Qitə müdafiə boşluqlarında könüllü xidmət yaratmaqda israrlıdır
“Qoca qitə” XX əsri ağuşuna alan iki böyük müharibədən sonra təhlükənin bitdiyinə inanırdı. Amma yaranan yeni geosiyasi düzən kontinenti silkələdi desək, yanılmarıq. Uzun illər ABŞ-ın təhlükəsizlik zəmanətlərinin yaratdığı sakitlikdən faydalanmış Avropa indi Donald Trampın dəyişən prioritetləri və Rusiyanın aqressiv davranışı ilə üz-üzədir. Elə bu səbəbdən risklərin qarşısını almaq məqsədilə çıxış yolları axtarılır.
Deməli, bir neçə gün əvvəl 27-ci Dağ Piyada Briqadasında çıxış edən Fransa Prezidenti Emmanuel Makron könüllü hərbi xidmətin bərpası barədə fikir söyləyib. Makron bildirib ki, plan qitənin üzərinə çökmüş təhlükələrə cavab olaraq nəzərdə tutulub. Onun sözlərinə görə, könüllü proqram 18–19 yaşlı gənclər üçün açıq olacaq, iştirakçılara maaş veriləcək və xidmət 10 ay davam edəcək. Təşəbbüsün dəyəri 2 milyard avro (2,32 milyard dollar) təşkil edəcək ki, Makron bunu “əhəmiyyətli və zəruri” adlandırıb. Növbəti ildə proqrama 3 min nəfərin cəlbi nəzərdə tutulur və onlar yalnız Fransa ərazisində xidmət edəcəklər. 2030-cu ilədək bu sayın 10 minə yüksəldilməsi planlaşdırılıb. “Fransa üçün ambisiyam 2035-ci ilədək təhlükələrin inkişafına uyğun olaraq bu rəqəmi 50 min gəncə çatdırmaqdır”, – deyə Makron söyləyib. Proqramı bitirənlər mülki həyata qayıda, ehtiyatda xidmətə qoşula və ya orduda qalaraq xidmətini davam etdirə biləcəklər.
Fransa lideri eyni zamanda xatırladıb ki, keçmiş prezident Jak Şirakın 1996-cı ildə məcburi hərbi xidməti ləğv etməsi doğru qərar olsa da, mövcud şəraitdə çağırış sistemi Fransanın ehtiyaclarına cavab vermir. Maraqlısı odur ki, Makronun çıxışı Silahlı Qüvvələrin rəhbəri, general Fabien Mandonun keçən həftə yaratdığı rezonans fonunda bir qədər kölgədə qalıb. General Mandon bundan öncə demişdi ki, Fransa Rusiyanın aqressiyasına qarşı gələcək mümkün itkilərə hazırlaşmalıdır. Hətta Fransa Senatının xarici əlaqələr, müdafiə və silahlı qüvvələr komitəsinin sədri Sedrik Perrin də Mandonu müdafiə etmişdi.
Məsələnin məğzini anlamaq üçün təkcə Fransadakı vəziyyəti analiz etmək kifayət deyil. Çünki proses sadəcə bu ölkədə baş vermir. Bütövlükdə Avropa qitəsi 1945-ci ildən bəri görünməmiş şəkildə yenidən səfərbərlik ruhuna qayıdır. Son iyirmi ildə ən pasifist dövlətlərdən hesab olunan Almaniya belə, Rusiya-Ukrayna müharibəsindən sonra öz siyasi lüğətinə tərifini illərlə çəkinərək dilə gətirdiyi “Zeitenwende” (epoxal dönüş) ifadəsini qaytardı.
Bəli, rəsmi Berlin birdən-birə illərlə qadağan etdiyi mövzulara açıq toxunmağa başladı, hərbi büdcənin artırılması, çağırış sisteminin bərpası, ehtiyat ordusunun genişləndirilməsi və ölkənin yenidən səfərbərlik ruhuna qaytarılması prosesləri alman cəmiyyətinin psixoloji dəyişimi qədər dövlətin təhlükəsizlik fəlsəfəsinin də dəyişdiyini göstərdi. Oxşar dönüş Skandinaviya ölkələrində daha erkən müşahidə olunurdu. Ümumən, Şimali Avropanın bu dövlətləri Rusiyanın hərbi aktivliyini ciddiyə almaqda digər ölkələrdən həmişə bir addım irəlidə olublar. Məsələn, İsveç məhz bu səbəbdən illər sonra neytrallıq siyasətini bir kənara qoyaraq NATO-ya üzv olmaq qərarını verdi və çağırış sistemini yenidən bərpa etdi. Finlandiya uzun sərhəd xəttinə görə, hələ sovet dövründən bəri ən geniş ehtiyat ordularından birinə sahib idi və indi bu modeli daha da gücləndirir. Norveç isə təhlükənin coğrafi məsafə ilə ölçülmədiyini anlayaraq həm qadınlar, həm kişilər üçün universal xidmət sistemini davam etdirir.
Adlarını çəkdiyimiz ölkələrin hər biri müxtəlif siyasi xəttə malikdir, lakin onların hərbi siyasətlərində müşahidə edilən dəyişiklik eyni sualın ətrafında formalaşır ki, Avropa öz müdafiəsini etibarlı şəkildə necə təmin edə bilər? Baltikyanı ölkələrdə isə vəziyyət daha ciddidir. Litva və Estoniya Rusiyanın ən yaxın hədəflərdən biri ola biləcəyini illərdir deyir və təhlükəni real, günbəgün hiss edirlər. Elə bu səbəbdən həmin ölkələr gəncləri yenidən hərbi sistemə qaytarmaqdan çəkinməyib, oxşar proqramları çoxdan bərpa ediblər.
Onların üçüncü tərəfə arxalanmaq imkanı, demək olar ki, yoxdur və buna görə də müdafiə modelini tam öz gücləri üzərində qururlar. Eyni dinamika Mərkəzi Avropada da açıq sezilir. Xüsusilə Polşa ordusunu ikiqat artırmaqla bütün qitədə ən sürətli hərbi genişlənmə modelinə çevrilib. Rəsmi Varşava təhlükəni bütün Şərqi Avropanın taleyi kimi görür. Öz təhlükəsizlik doktrinasını regional liderlik iddiası ilə birləşdirən Polşa hərbi sənayesini elə genişləndirir ki, bu proses Avropanın güc balansını yaxın illərdə ciddi şəkildə dəyişə bilər.
Qərbi Avropanın daha sakit görünən ölkələri Niderland və Böyük Britaniya da prosesdən kənarda qalmır. Hər iki ölkədə çağırış sisteminə qayıdış bir müddət əvvəl təfəkkür xaricində görünürdü, lakin indi ordudakı kəskin kadr çatışmazlığı, NATO öhdəliklərinin ağırlaşması və Rusiya təhlükəsinin yaxınlaşması bu müzakirələri diqqət mərkəzinə çəkib. Görünür, Britaniyada bir zamanlar qəti şəkildə “keçmişin qalığı” kimi görünən milli xidmət ideyası yenidən gündəmə qayıdıb.
Ümumiyyətlə, Avropanın müasir təhlükəsizlik arxitekturası on illərdir iki sütun üzərində dayanırdı. ABŞ-ın qitə üçün yaratdığı müdafiə çətiri və Rusiyanın nisbi sabitlik içində saxladığı enerji asılılığı. Hər iki sütun çökəndə qitə özünü təhlükəsizlik boşluğunda tapdı. Tramp dövründə başlayan “ABŞ Avropanın müdafiəsinə borclu deyil” ritorikası, Rusiyanın Ukraynaya tammiqyaslı hücumu ilə birlikdə kontinentin tarixi rahatlığını pozdu. Uzun əsrlər imperiyalar quran, qitələrdə hökmranlıq edən Avropa dövlətləri indi ilk dəfə müasir tarixlərində öz ərazilərinin təhlükəsizliyi mövzusuna bu qədər ciddi qayıdırlar. Fransadakı könüllü hərbi xidmət çağırışı bu baxımdan həm simvolik, həm də funksional dönüşdür.
Simvolikdir, çünki Fransa özünü Avropanın strateji lideri kimi göstərmək istəyir. Funksionaldır, çünki real olaraq minlərlə gənci ordu sisteminə qaytarır və cəmiyyəti hərbi psixologiyaya alışdırır. Makronun “konskripsiya dövrünə qayıtmayacağıq” deməsi isə əslində eyni çağırışın müasir formasını yaradır. Məcburiyyət yoxdur, amma sosial təzyiq, dövlət təşviqi, təhlükə ritorikası və kollektiv məsuliyyət anlayışı gəncləri könüllü şəkildə xidmətə qoşulmağa sövq edir. Bu isə faktiki olaraq “könüllü məcburiyyət” modelidir və Avropanın yeni ordularında həlledici rol oynayacaq.
Prosesin ikinci və daha dərin məqsədi Avropanın müharibə dövrü sənaye sistemini bərpa etməkdir. Çünki ordu silah, texnologiya, istehsal zənciri və müdafiə sənayesi ilə həyatda qalır. Avropa bu sahədə də zəif vəziyyətdədir. Bunun arxasında isə NATO-ya daxil olan əksər ölkələrdə sursat ehtiyatlarının Ukraynaya yardım üçün boşaldılması, hərbi zavodların istehsal qabiliyyətinin 30–40 il əvvəlki səviyyədən aşağı olması, modern texnologiyaların isə ABŞ-a və ya Asiyaya həddindən artıq bağlılığı durur. Ona görə də Avropa hökumətləri gənclərin orduya qayıdışı ilə yanaşı, müdafiə sənayesini də sürətlə bərpa edir.
Almaniya yeni tank və sursat zavodları açır, Polşa Cənubi Koreya ilə birgə silah istehsal edir, Fransa və İtaliya raket istehsalını artırır, İsveç modern artilleriya sistemlərini yenidən qurur. Ordunun böyüməsinin üçüncü hədəfi isə cəmiyyətin psixoloji müqavimətinin gücləndirilməsidir. Avropa uzun illərdir ki, “sülh dövrü insan tipi” yetişdirib. Loru dildə desək, çətinlikdə “bişməyən”, təhlükədən uzaq, dövlətin bütün riskləri onun əvəzinə həll edəcəyinə inanan nəsillər formalaşıb. Lakin Ukraynadakı müharibə göstərdi ki, təhlükə qapıya yaxınlaşanda cəmiyyətin də dözümlü olması şərtdir.
Sonda qeyd edək ki, Avropa ölkələrində səfərbərlik prosesinin eyni vaxtda başlayıb eyni istiqamətdə inkişafı əslində, qitənin gələcəyi üçün tarixi dönüş yaradır. İndi gənclər həm də milli kimlik anlayışını tam olaraq dərk etməyə başlayacaqlar.
Nəzrin ELDARQIZI
XQ

