İlham Əliyev: liderin tarixi-siyasi missiyası

post-img

III MƏQALƏ

Çoxparametrli kurs

Bu mövzuda öncəki məqalənin son tezisində enerji strategiyası, əməkdaşlıq platformaları, layihələr və regional infrastrukturun kompleks halında Cənubi Qafqazda bütöv geosiyasi dinamikanı və yekun mənzərəni dəyişdirdiyi ifadə edilmişdi. Vurğulanan parametrlərin uzunmüddətli siyasi kursda bir-biri ilə ziddiyyətsiz qarşılıqlı təsirdə olmalarının təmini XXI əsrdə ciddi siyasi məharət tələb edir. Situasiyanı aydınlaşdırmaq üçün qısa müqayisə aparaq.

Enerji strategiyası öncədən hazırlanmış ayrıca bir fəaliyyət sistemidir. Burada Azərbaycan Respublikası dövlətinin strateji milli maraqlarını nəzərə almaqla hər mərhələdə müstəqil dövlətçiliyə xidmət edən addımlar atmaq tələb olunur. Prezident onun üç mərhələsini vurğulamışdır. Birinci mərhələdə dünyanın böyük enerji şirkətlərini Xəzərin Azərbaycan hissəsindəki enerji yataqlarının istismarı və nəqlinə cəlb etmək lazım idi. İkinci mərhələdə qaz yataqlarının nəqli məsələsi neft-qaz sintezi kontekstində təmin edilməli idi. Üçüncü mərhələdə isə bərpaolunan eneri, “yaşıl enerji” üzrə layihələrin reallaşması həyata keçməli idi. İkinci mərhələnin əsas tranzit proqramı olan “Cənub Qaz Dəhlizi”nin üçüncü mərhələdə əhəmiyyəti azalmamalı idi.

Əlbəttə, səthi yanaşmada belə bu qədər faktoru özündə ehtiva edən bir strateji ilə ümumiyyətlə, əməkdaşlıq platformaları və müxtəlif sferalar üzrə layihələrin harmoniyasını təmin etmək böyük siyasi məharət tələb edir. Üstəlik, bütün bunları kompleks regional infrastrukdurda vahid sistem halına gətirməyin mürəkkəbliyi kontekstində təsəvvür edə bilərik.

İndi bütün bu özəllikləri vahid bir siyasi mənzərədə qarşılıqlı təsirlər şərti ilə sintez etməyə çalışaq. Etiraf edək ki, kifayət qədər mürəkkəb və dinamik mənzərə alınır. Çünki məsələ yalnız struktur elementləri kimi vurğulanan məqamları uyğunlaşdırmaqdan ibarət deyildir – onları həm də dinamik dəyişən daxili və xarici təsirlər faktorları prizmasında müsbət nəticəverici müstəvidə saxlamaq lazım gəlir.

Bu isə bizim ümumi adlandırdığımız “çoxparametrli siyasi kursun” müəyyən olunmasını tələb edir. İlham Əliyev bu çox çətin və mürəkkəb prosesin öhdəsindən böyük uğurla gələn yeganə liderdir. Bu məqam da liderin tarixi-siyasi missiyasının vacib tərkib hissələrindən biridir.

Bu uğurun faktoloji təsdiqləri mövcuddur. Onlardan birini vurğulayaq.

ABŞ–Cənubi Qafqaz: “Əliyev ssenarisi” üzrə yaxınlaşma

“New Lines Institut”u nəzdindəki xüsusi Proqram rəhbəri Kamran Bokhari Beyin Mərkəzlərinin Bakıda keçirilən I Forumunda demişdir: “Tramp administrasiyası da bu marşruta (Zəngəzur dəhlizi nəzərdə tutulur – F.Q.) xüsusi diqqət ayırıb, çünki həmin xətt Qərb–Şərq əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaradır. Bu, eyni zamanda, ABŞ-ın Azərbaycanla münasibətlərində yeni bir mərhələ və Vaşinqtonun Cənubi Qafqaz regionuna indiyədək olmadığı qədər yaxınlaşması deməkdir”.

Burada, birincisi, Tramp administrasiyasının Zəngəzur dəhlizinə xüsusi diqqət ayırması, ikincisi, ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlaması, üçüncüsü, bütövlükdə Amerikanın Cənubi Qafqaza tarixdə olmadığı qədər yaxınlaşması prinsipial siyasi və geosiyasi faktorlardır. Burada bir layihənin həyata keçməsi ilə iki dövlət arasındakı münasibətlər və dünyanın ən güclü ölkəsinin regiona daha da yaxınlaşması arasında sıx bağlantı yarada bilən siyasi kurs zəruridir. Həmin kursun memarı Prezident İlham Əliyevdir.

Bu il noyabrın 16-da Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı zamanı Azərbaycanın dövlət başçısı vurğulamışdır: “Əminəm ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir”.

Bütün bunlar Azərbaycan liderinin XXI əsrdə dünya strategiyalarından birini yaratdığını deməyə tam əsas verir. Özü də bu strategiya unikaldır. Çünki indiki postmüharibə mərhələsində çox mürəkkəb geosiyasi şəraitdə Cənubi Qafqazı region kimi qlobal miqyasda öncəki dönəmlərdən fərqli keyfiyyət və funksiyada təqdim etməyə imkan yaratmışdır.

Kissincerin yanaşması ilə qısa müqayisə

Azərbaycan liderinin dünya strategiyası ilə Henri Kissincerin XX əsr üçün formalaşdırdığı təsnif üçün ortaq olan məqam vardır; hər iki halda postmüharibə dövründə uğurlu strategiyaların hazırlanmasından söhbət gedir.

H.Kissincer əsas olaraq II Dünya müharibəsindən sonra ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Sinqapur və Misirin o dövrdəki liderlərinin dünya miqyasında geosiyasi mənzərəyə təsir edən siyasi strategiyalarını təhlil etmişdir. Ancaq burada bir xüsusiyyət vardı: həmin dövlətlərin hər biri müharibəyə qədər (Sinqapur istisnadır) müstəqil formalaşmış dövlətlər idilər.

Hətta ABŞ, Böyük Britaniya, Fransa, Almaniya dünya siyasətində aparıcı rollara sahib idilər. II Dünya müharibəsi onların bu rollarında böhranların yaranmasını üzə çıxardı və əsas məqsəd həmin rolları saxlamaq üçün hansı strategiyanı seçməklə bağlı idi.

Misir üçün fərqli situasiya mövcud idi. Qahirə İsraillə qarşıdurmadan öz simasını və dövlətçiliyi necə saxlamaq naminə düzgün strategiya seçməli idi. Sinqapur isə müstəmləkədən qurtuluşu sürətli inkişaf yoluna çevirmək strategiyasını hazırlamalı idi.

Azərbaycan üçün bu siyasi kriteriyaların heç biri uyğun deyildi. Çünki birincisi, əsrlərlə Azərbaycanın müstəqil dövlət olmaq hüququ əlindən alınmışdı, ikincisi, sovetlərin tərkibində olanda da ona qarşı qərəzli siyasət müxtəlif üsullarla davam etdirilmişdi, üçüncüsü, müstəqillik əldə ediləndə Azərbaycan faktiki olaraq xarici təcavüz və daxili separatizm vasitəsi ilə olduqca çətin vəziyyətə salınmışdı və dördüncü, Azərbaycanın beynəlxalq dəstəyi demək olar ki, yox idi. Əgər ABŞ, Fransa, Almaniya və Böyük Britaniya daim beynəlxalq dəstək görürdülərsə, Azərbaycan əksinə, daim təzyiq və qərəzli münasibət altında idi (nümunə: “907-ci düzəliş”, Qərbin və Rusiyanın təcavüzkar ermənilərə tam dəstəkləri, havadarlıqları və s.).

Belə bir şəraitdə elə dahi Azərbaycan lideri meydana çıxmalı idi ki, faktiki olaraq məhv olunmaq halına salınmış ölkəni müstəqil dövlətə çevirə biləcək strategiya hazırlasın. Bunu çox təcrübəli, Vətənsevər, tarixi dərindən bilən, dünya siyasətinə dərindən bələd olan və yüksək siyasi-diplomatik məharət sahibi lider edə bilərdi. Həmin lider Heydər Əliyev oldu.

“Güclü dövlət” strategiyası: dünya kontekstində

Ancaq Azərbaycan nümunəsində də bir əhəmiyyətli geosiyasi və siyasi fərqlilik vardı. Çünki H.Kissincerin önə çəkdiyi siyasi liderlərdən fərqli olaraq Heydər Əliyev üçün müahirbə bitməmişdi – ölkəyə təcavüz davam edirdi, hətta onun daha şiddətli mərhələsinə keçməyə çalışırdılar. Bu vəziyyətdə uğurlu strategiya nədən ibarət ola bilərdi? Bu barədə tam yekun fikir bildirməkdən uzağıq, çünki olduqca məsuliyyətli bir təsnifdir. Ancaq baxdığımız kontekstdə Heydər Əliyevin strategiyasını “güclü dövlət” adlandırmaq olar. Məhz güclü dövlət qurmadan ərazi bütövlüyünü bərpa etmək imkansızdı, ərazisi bütöv olmayan və suverenliyi tam təmin edilməyən dövlət isə əsl mənada müstəqil deyildir. Müstəqil olmayan dövlətin dünya strategiyasından danışmaq imkansızdır.

Deməli, Heydər Əliyev sonrakı mərhələ üçün müstəqil dövlət bazasını hazırlamalı idi. Ulu öndər bu vəzifənin öhdəsindən böyük uğurla gəldi və eyni zamanda, sonrakı mərhələdə Azərbaycanın dünya strategiyası səviyyəsində siyasi kurs fəlsəfəsinin təməlini qoydu.

XXI əsrdə bir ilk: İlham Əliyev qarşısındakı mürəkkəb vəzifələr

Beləliklə, Prezident İlham Əliyev qarşısında XXI əsrdə dünya strategiyası kateqoriyasına daxil ola biləcək strateji konsepsiya hazırlayıb onu həyata keçirmək kimi böyük tarixi-siyasi missiya dayanmışdı. Burada bir neçə istiqamətdə çətinlik vardı.

Birincisi, XXI əsrdə dünya strategiyasının nümunəsi yox idi və deməli, lider xeyli dərəcədə “təcrübə vakuumunda” fəaliyyət göstərməli idi.

İkincisi, ərazi bütövlüyünün bərpası və tam suverenliyin təmini ilə postmüharibə və postkonflikt mərhələlərinin strateji quruculuq xətti faktiki olaraq vahid strateji konsepsiya daxilində həyata keçirilməli idi.

Üçüncüsü, Azərbaycanın dünya strategiyası səviyyəsində özünütəsdiqi, yəni Prezident İlham Əliyevin beynəlxalq aləmi söhbətin dünya üçün əhəmiyyəti olan strategiyadan getdiyinə inandırması lazım idi.

Bu, böyük dövlətlərin liderləri üçün tam bir yenilik idi. Çünki Cənubi Qafqazın həmişə arxa plana atılan bir dövlətinin həm ərazi bütövlüyünü bərpa etməsi, həm də dünya geosiyasi meydanına XXI əsrin strategiyalarından birinin yaradıcısı kimi çıxması məlum dairələrə şok effekti verə bilərdi. Onlar, səmimi olaq, heç bunu arzulamırdılar, istəmirdilər və hər vəchlə mane olmağa üstünlük verirdilər.

Burada psixoloji aspektdə ciddi diqqət yetirilməli olan bir xüsusiyyəti mütləq qeyd etməliyik. Məsələ onunla bağlı idi ki, özlərini dünyanın ən güclü və düşüncəli liderləri hesab edənlərin heç birinin dünya strategiyası yoxdur. H.Kissincer bu barədə yazmaq istəsəydi, çox çətinə düşərdi. Çünki həmin dövlətlərin liderləri davamlı və qalıcı siyasi kurs sayəsində dünyanın qədərini müsbətə doğru dəyişə biləcək bir konsepsiya və ya davamlı fəaliyyət doktrinası ortaya qoya bilməmişlər. Son aylar buna yalnız Donald Tramp iddia edə bilər. Lakin onun dünyanı radikal yeniləşdirmək kursunun necə sonuclanacağı bəlli deyildir. Yəni H.Kissincerin kriteriyaları fonunda D.Tramp kursu başa vurmamışdır və onun dünya strategiyası kimi təsnifi tam anlaşıqlı olmazdı. Mümkündür ki, D.Tramp öz yeni strategiyası ilə həqiqi anlamda dünyanın qədərini müsbətə doğru dəyişsin. Hələlik bu istiqamətdə ABŞ prezidenti qismən uğurludur.

Türkiyə Prezidenti R.T.Ərdoğan ciddi uğurlar əldə etmişdir. R.T.Ərdoğan dünya siyasi və geosiyasi düzəninə əhəmiyyətli təsir edə bilir. Lakin qardaş dövlətin başçısının siyasi kursu dünya strategiyası çərçivəsində təhlil edilməmişdir və orada da proseslər davam edir. Ankaranın bəyan etdiyi “XXI əsr Türkiyə əsridir” strateji şüarının tam reallaşması lazımdır. Bu istiqamətdə Türkiyənin uğurlu olacağına tam əminik.

Başqa liderlərdən heç biri haqqında dünya strategiyası kontekstində danışmaq mümkün deyildir. Onların heç biri bu miqyasda qlobal düzəni yeniləşdirə biləcək siyasi xəttə sahib deyillər.

Şübhəsiz, bu dərəcədə geniş müqayisələr fonunda Azərbaycan Prezidentinin hələlik yeganə dünya strategiyasına malik lider olması tezisini irəli sürmək və onu əsaslandırmaq intellektual cəsarət tələb edir. Lakin faktlar və əldə olunan nailiyyətlər bu işi asanlaşdırır.

Biz Azərbaycan Prezidentinin dünya strategiyasını qısa belə adlandıra bilərik: “Sülh qazandıran Qələbə strategiyası”!

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Siyasət